Məhkəmə qərarları › İş №2(039)-1978/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1978/2022

21.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1978/2022 21.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh uşaqları Ayxan İsmayılzadənin və Turan İsmayılzadənin yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay hər bir uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2009-cu il tarixdə Cavabdeh ilə el adəti ilə toyları olmuş, xx.xx.2012-ci il tarixdə isə Yevlax rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlamışlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014cü il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh beş ildən çoxdur ki, onu və uşaqlarını tərk edərək Türkiyə Respublikasına getmişdir. O, uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşamağa məcbur olmuşdur. Hazırda işləmir, uşaqları saxlamaqda çətinlik çəkdiyi üçün onlara valideynləri baxır. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı məktubda nümayəndəlikdə olan məlumata görə ünvan 1nvanda qeydiyyatda olan Cavabdeh Türkiyə də yaşayır. Yerli icra nümayəndəliyi tərəfindən cavabdehin anası Xatirə İsmayılovaya xx.xx.2022-ci il tarixdə saat 11:30-da olan məhkəmə barəsində məlumat verilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax Rayon Qeydiyyat şöbəsi tərəfindən 01 avqust 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 776742 №li nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah 2012-ci ilin avqust ayının 01-ci günündə akt qeydləri kitabında 332 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada isə İsmayılova soyadı verilmişdir. AA seriyalı ******* №li və AA seriyalı ******* №li şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Ayxan və xx.xx.2014-cü il təvəllüdlü Turan adlı uşaqları var. 06 aprel 2022-ci il tarixli, 12829 saylı arayışdan məlum olur ki, X6 aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3495 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı X1 şəhər, Nizami pr, ev 120-da qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırkı halda xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi qismən-hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində alimentin tutulması hissəsində təmin olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 12 avqust 2022-ci il tarixdə müraciət etdiyindən aliment də həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 avqust 2022-ci il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi - 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar