Məhkəmə qərarları › İş №2(039)-2020/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2020/2020

10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2020/2020 10.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay azyaşlı – 4 aylıq övladı Sevdanın saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehdən uşağının saxlanılması üçün hər ay 100 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə rəsmi ailə qurmuşlar. Birgə nikahlarından xx xxx 2020-ci il tarixdə X12 adlı bir uşaqları olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da sonradan münasibətləri cavabdehin təqsiri üzündən pozulmuşdur. Dəfələrlə ailənin dağılmaması üçün təşəbbüslər göstərsə də, lakin heç bir nəticəsi olmamışdır. Hazırda ayrılıb ayrı yaşayırlar. Cavabdeh uşağına heç bir yardım göstərməmişdir. Uşağın tələbatlarını ödəməyə artıq gücü çatmır. Özü heç bir yerdə işləmir. Ailəni dolandırmaqda çətinlik çəkir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək izah etdi ki, İddiaçı onun ikinci həyat yoldaşıdır. Birinci ailəsindən olan uşaqlar üçün də aliment ödəyir. Maddi imkanı zəifdir. Uşağın saxlanılması üçün hər ay 50 manat aliment ödəməyə imkanı var. 50 manatdan artıq ödəməyə heç cür imkanı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxx 2019-cu il tarixli AZ-ll 280048 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə X5 arasında xx xxx 2019-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2020-ci il tarixli AZ-lV 500626 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 xx xxx 2020-ci il tarixdə andan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(039)-181/2016 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh X1 üçün hər ay 90 manat aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(039)-266/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh X1 üçün müəyyən edilmiş alimantin miqdarı artırılaraq hər ay 100 manat müəyyən edilməsi; Cavabdeh X2 üçün hər ay 100 manat aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-398/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, Kərimov X4 Elnarə Eldarovna arasında bağlanmış nikah pozulmuş və birgə nikahlarından olmuş uşaqlar anasının himayəsində saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(039)-747/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X3 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi ailə quraraq evlənmişlər. Birgə nikahlarından xx xxx 2020-ci il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından faktiki ayrı yaşayırlar, uşaq hazırda anasının himayəsindədir. İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay 100 manat alimentin tutularaq ona verilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edir hər ay 50 manat aliment ödəməyə razıdır. Cavabdeh əvvəlki nikahından olan övladları üçün hər ay hər uşağa görə 100 manat cəmi 200 manat aliment ödəyir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, uşağın layiqli, firəvan yaşayış şəviyyəsini, təlim-tərbiyəsini, təhsini, cavabdehin birinci ailəsindən olan uşaqların saxlanılması üçün aliment ödəməsini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq, xx xxx 2020-ci il təvəllüdlü X7 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq, xx xxx 2020-ci il təvəllüdlü X7 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar