Məhkəmə qərarları › İş №2(039)-2162/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2162/2025

06.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2162/2025 06.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi (vəkil) X5, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) X9 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı xx xxxxxxxx 1987-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuşddur. Hazırda da həmin kənddə yaşayır. Cavabdeh onun keçmiş arvadıdır. O, Cavabdeh ilə ailəli olmuşdur. Onların ailəli olduğu dövrdə 02 avqust 2010-cu il təvəllüdlü X7 və 10 noyabr 2017-ci il təvəllüdlü X8 doğulmuşdur. Yevlax Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış nikah pozulmuş, Rəvan Hüseynzadə atası İddiaçı, Ömər Hüseynzadə isə anası Cavabdeh himayəsində saxlanılmışdır. X6 saxlanılması üçün hər ay 150 manat məbləğində alimentin iddiaçıdan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. 19 sentyabr 2022-ci il tarixdən bu günə kimi həm məhkəmə qətnaməsi əsasında həm də faktiki olarasq Rəvan Hüseynzadə atası İddiaçı, Ömər Hüseynzadə isə anası Cavabdeh himayəsindədir. İddiaçı 2022-ci il tarixdən başlayaraq X10 Hüseynzadənin saxlanılması üçün hər ay 150 manat aliment ödəyir. O vaxt məhkəmə qərarı ilə iddiçıdan aliment tutulması qət edilsə də, o tələb etmədiyi üçün Rəvanın saxlanması üçün Vüsalədən aliment tutulması qət edilməmişdir. Lakin İddiaçı hazırda işləmədiyi və heç bir gəliri olmadığı üçün həm Rəvan adlı uşagın tələbatını, həm də Ömər adlı uşaq üçün aliment ödəməyə imkanı yoxdur. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə 2009-cu ildə evlənmişlər. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında olan nikah pozulmuşdur. Hazırda birgə nikahdan doğulmuş Ömər adlı uşağı onun yanında yaşayır. Ömərin saxlanılmasına görə 150 (bir yüz əlli) manat aliment qət edilmişdir. Aliment əvvəllər ödənilsə də, ikinci dəfə rəsmi ailə qurduqdan sonra aliment ödənilmir. İkinci nikahından övladı yoxdur. Uşaq azyaşlı olduğuna görə işləmir. Hazırda aliment tələb etmir və iddiaçıya aliment verməyə razı deyildir. Kirayə qalırlar və həyat yoldasının qazazancı ilə tələbatlarını çətinliklə ödəyirlər. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Yevlax ŞİHB-nın Malbinəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 08 avqust 2010-cu ildə doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İşdə olan Yevlax ŞİHB-nın Malbinəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 noyabr 2017-ci ildə doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1199/2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Yevlax ŞİHB-nın Malbinəsi kənd İƏD üzrə nümayəndəliyində qeydə alınmış 06 iyul 2010-cu il tarixli nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş 02 avqust 2010-cu il təvəllüdlü X7 adlı uşağın İddiaçı, 10 noyabr 2017-ci il təvəllüdlü X8 adlı uşağın iddiaçı Cavabdeh himayəsində saxlanılması, cavabdeh İddiaçı 28 aprel 2022-ci il tarixdən başlayaraq 10 noyabr 2017-ci il təvəllüdlü X4 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1199/2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pouzlmuş, tərəflərin birgə nikahlarından doğulmuş 02 avqust 2010-cu il təvəllüdlü X2 atası İddiaçı, 10 noyabr 2017-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalmaları müəyyən edilmiş və İddiaçı 28 aprel 2022-ci il tarixdən başlayaraq 10 noyabr 2017-ci il təvəllüdlü X4 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hazırda tərəflər rəsmi qaydada işləmirlər və iddiaçı uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 246 (iki yüz qırx altı) manat məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilməməlidir. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasını təsdiq edən gəlirləri barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağına saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək cavabdehin valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, iddiaçının işləmədiyini, uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkdiyini, cavabdehin köməyinə ehtiyacının olduğunu nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə minimum əmək haqqının 0,375 misli həddində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 06 avqust 2025-ci ildən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 06 avqust 2025-ci il tarixdən 02 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində aliment tutulsun. Cavabdeh 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar