Məhkəmə qərarları › İş №2(039)-2234/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2234/2025

23.02.2026 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2234/2025 23.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin (keçmiş "xxxx" İKB ASC) cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə məhkəmə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Kreditor ASC (bundan sonra mətndə Bank) cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, borcular Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada "xxxx" İKB ASC-nin Bərdə filialının xeyrinə 3.099.84 ABŞ dolları ərizə verilən günə əsas kredit borcu, 5444,14 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu və faizlərin gecikdirilməsinə görə hesablanmış 768.96 ABŞ dolları dəbbə pulu, cəmi 9312.24 ABŞ dolları borcun ödəniş gününə olan məzzənə ilə Azərbaycan manatı ekvivalentində ödənilməsi, həmçinin əmr verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun borclulardan tutularaq tutularaq "xxxx" İKB ASC-nin Bərdə filialına ödənilməsi haqqında məhkəmə əmrinin verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli, 12-M-2-0-981-13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Borclu1 24 ay müddətinə illik 22% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 9000 ABŞ dolları məbləğində kredit verilmiş və kredit təminatlı borcu üzrə öhdəliklərin icrasının təmini kimi zaminlər Borclu2 və Borclu3 ilə kreditor arasında xx.xx.2013-cü il tarixli 12-M-2-0-981-13 saylı zamanlik müqavilələri bağlanmış və zamin-borclular əsas borclu ilə birlikdə öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh Borclu1 hər ayın 28-i tarixində həm kredit məbləğini kreditora hissə-hissə ödəməli. Həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin kredir müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Borclu1 xx.xx.2016-cı il tarixə banka 3.099.84 ABŞ dolları ərizə verilən günə əsas kredit borcu, 5.444,14 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu və faizlərin gecikdirilməsinə görə hesablanmış 768.96 ABŞ dolları dəbbə pulu, cəmi 9.312.24 ABŞ dolları məbləğində borcu qalmaqdadır. Dəfələrlə müraciətlər etməsinə baxmayaraq onlar müqavilədən irəli gələn öhdəliklərini icra etməmişlər. Məhkəmə prosesi: Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiklərin və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: İddiaçı "xxxx" İKB ASC (bank) ilə Borclu1 (borcalan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 12-M-2-0-981-13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Borclu1 illik 22 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli, 12-M-2-0-981-13 №li kredit müqaviləsi üzrə Borclu1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" İKB ASC ilə Borclu2 arasında xx.xx.2013-cü il tarixli 12-M-2-0-981-13 №li zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixli, 12-M-2-0-981-13 №li kredit müqaviləsi üzrə Borclu1 oğunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" İKB ASC ilə Borclu3 arasında xx.xx.2013-cü il tarixli 12-M-2-0-981-13 №li zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" İKB ASC-nin tərəfindən xx.xx.2016-cı il tarixli verilmiş maliyyə arayışından görünür ki, Borclu1 kredit müqaviləsi üzrə üzrə 3.099.84 ABŞ dolları ərizə verilən günə əsas kredit borcu, 5.444,14 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu və faizlərin gecikdirilməsinə görə hesablanmış 768.96 ABŞ dolları dəbbə pulu, cəmi 9.312.24 ABŞ dolları təşkil edir. xx.xx.2016-cı il tarixli 502100 nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4461 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2013-cü il tarixli, 12-M- 2-0-981-13 saylı kredit müqaviləsi üzrə Borclu1 xx.xx.2016-cı il tarixə əsas borc üzrə 3.092.58 ABŞ dolları faiz borcu üzrə 889.66 ABŞ dolları, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 118.87 ABŞ dolları, faiz borcu üzrə 270.39 ABŞ dolları və xx.xx.2025-ci il tarixdə əsas borcu üzrə 118.87 ABŞ dolları, faiz borcu üzrə 12.59 ABŞ dolları təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı Kreditor ASC ilə Borclu1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 12-M-2-0-981-13 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən Borclu1 şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 22 % ödəmək şərtilə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu1 ona verilmiş kredit üzrə ödənişləri gecikdirdiyindən, iddiaçı tərəfindən borcun tam ödənilməsi və müqavilənin ləğv edilməsi ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin Borclu1 borcunu ödəməmişdir. Borclu2 və Borclu3 isə zamin kimi öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Buna görə də iddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu2 həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz vermişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iş iddia icraatına keçirilmişdir. Tətbiq edilən hüquq və iş üzrə gəlinən nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, kredit müqaviləsi üzrə mübahisələr ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 472.1 maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2 maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) kredit müqaviləsi üzrə mübahisələra və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsi üzrə mübahisələr və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı kredit müqaviləsi üzrə mübahisələr məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlər arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdehlər isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından Borclu1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Borcun məbləği ilə bağlı isə məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4461 saylı rəyi mötəbər sübut kimi qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada 118.87 ABŞ dolları məbləğində əsas borcu, 12.59 ABŞ dolları faiz borcu оlmaqla, cəmi 131.46 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə mübahisələr alınaraq iddiaçı Kreditor ASC-yə tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4461 saylı rəyi ilə müəyyən edilir ki, xx.xx.2013-cü il tarixli, 12-M-2- 0-981-13 saylı kredit müqaviləsi üzrə Borclu1 xx.xx.2025-ci il tarixdə əsas borcu üzrə 118.87 ABŞ dolları, faiz borcu üzrə 12.59 ABŞ dolları təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada 118.87 ABŞ dolları məbləğində əsas borcu, 12.59 ABŞ dolları faiz borcu оlmaqla, cəmi 131.46 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla, habelə iş üzrə ödənilmiş və 20 manat dövlət rüsumu iddiaçı Kreditor ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 SFİFT Bik: CTREAZ 22 hesaba keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar