Məhkəmə qərarları › İş №2(039)-2618/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2618/2025

12.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2618/2025 12.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi) “bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi) “bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən fərdi yaşayış evinə dair onunla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən sahəsi 59.22 kvadrat metr olan iki otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Həmin evi xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən nəvəsi Cavabdeh bağışlamışdır. Cavabdeh həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarış almışdır. O, yaşlı qadındır və qayğıya ehtiyacı var. Buna baxmayaraq, cavabdeh və onun həyat yoldaşı ona baxmırlar. Evdə tez-tez dava-dalaş salaraq ona rahat yaşamağa imkan vermirlər. Digər övladları evə gəlib gedə bilmirlər, cavabdeh buna icazə vermir. Çox çətin vəziyyətdədir. Bağışlama müqaviləsindən sonra cavabdehin ona olan münasibəti dəyişmişdir. Dəfələrlə evini geri tələb etsə də, qaytarmır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə prosesi: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh onun nəvəsidir. ünvan 1ində yerləşən sahəsi 59.22 kvadrat metr olan iki otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Həmin evi xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən nəvəsi Cavabdeh bağışlamışdır. Evi bağışladıqdan sonra İsmayılın atası, oğlu Rübail evi yenidən tikdirmişdir. Bütün ustalara özü qulluq etmiş, həmçinin 6 baş mal-qarasını sataraq evin yenidən tikintisinə və təmirinə də maddi köməklik etmişdir. Düzdür, evi könüllü olaraq nəvəsi İsmayıla bağlamışdır. Düşünmüşdür ki, nəvəsi İsmayıl ona baxacaqdır. İndi isə cavabdeh və arvadı hörmətsizlik edirlər. Döymək hadisəsi olmayıb, lakin ona hörmətsizlik edirlər. İsmayılın arvadından söz soruşur cavab vermir, özləri ondan ayrı yeyib-içirlər. Bir dəfə İsmayılın arvadı bir qazan əti yandırdığı üçün əsəbləşmiş, 4-5 gün heç bir şey yeyib içmədiyindən halı pisləşmişdir. Lakin cavabdeh və arvadı onunla maraqlanmamış, qızına zəng etmiş, qızı gəlib onu xəstəxanaya aparmışdır. Bütün bu hadisələrdən əsəbləri çox korlanmış, müalicə almalı olmuşdur. İsmayıl digər övladlarını da həmin evə gəlib getməyə qoymamış, onları qovalamışdır. Cavabdeh həm onu, həm onun qızlarını təhqir etmişdir. Cavabdeh 2025-ci ilin iyun ayından çıxıb getmişdir. Özü hazırda həmin mənzildə tək yaşayır, özü hər işini görür və tələbatlarını özü ödəyir. İstəyir ki, övladları rahat gəlib gedə bilsin və ömrünü rahat şəkildə həmin evdə başa vursun. Lakin eşitmişdir ki, cavabdeh və atası evi satmaq fikrinə düşmüşdür. Bu səbəbdən hazıki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı yaşlı bir xanımdır. Notarial bağışlama müqaviləsində hər hansı qeyd-şərt nəzərdə tutulmasa da, xanımın əsl niyyəti qoca vaxtında ona qulluq edib qayğısına qalan şəxsə bağışlamaq olmuşdur. Həmçinin həmin bağışlama müqaviləsinin könüllü olaraq iddiaçının öz iradəsi ilə bağlanıb-bağlanması da şübhəlidir. Çünki həmin bağışlama müqaviləsi barədə Əsmayə xanımın digər övladlarının heç bir məlumatı olmamışdır. Lakin cavabdeh nənəsinin qayğısına qalmamış, nə o, nə onun yoldaşı ona böyük kimi hörmət qoymamışlar. Tez-tez dava-dalaş salmışlar, keçirdiyi bütün bu sarsıntılardan xanım xəstələnmişdir. Hətta iddiaçının da dediyi kimi, bir dəfə İddiaçı nəvəsinə və onun arvadına əsəbləşmiş, 5 gün otağından çıxmamış, yemək yeməmiş və halı pisləşərək xəstəxanalıq olmuşdur. Həmin vaxt cavabdeh nənəsi ilə maraqlanmamış və ümumiyyətlə onun üçün narahatçılıq keçirməmişdir. Həmçinin ev bağışlandıqdan sonra İsmayıl iddiaçının digər övladlarının həmin evə rahat gəlib getməsinə icazə verməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun nənəsidir. Nənəsinin xasiyyəti çox ağırdır. Buna görə də nənəsi onunla və onun həyat yoldaşı ilə sərt rəftar edir. Daha əvvəllər iddiaçı öz gəlinləri ilə də yola getməmişdir. O, bağışlama müqaviləsindən əvvəl və sonra arabir gecələr nənəsinin yanına getmiş və onunla qalmışdır. Mütəmadi olaraq isə evləndikdən sonra, 2025-ci ilin yanvarından sonra nənəsi ilə qalmışdır. Sözügedən bağışlama müqaviləsinin bağlanılması zamanı iddiaçı könüllü şəkildə notariat ofisinə gedərək həmin müqaviləni bağlamışdır. O, heç əvvəldən də evin məhz ona bağışlanmasında maraqlı olmamışdır. Nənəsi özü məhz atasının adını daşıyan nəvə kimi evin ona bağışlanmasında israr etmişdir. Hətta nənəsi özü onun toyunun həmin bağışlanılmış evdə olmasına dair təkid etmişdir (bu barədə 2 ədəd toy günündə həmin evdə çəkilmiş fotoşəkil təqdim edir). Onun marağı evə deyil, lakin bağışlama müqaviləsindən sonra atası həmin evdə əsaslı yenidən qurma və təmir işləri görmüşdür. Həmçinin iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. O, nə nənəsinə, nə bibilərinə qarşı hörmətsizlik etməmişdir. Nə bibilərini, nə nənəsini təhqir etməmişdir. Bibiləri həmişə evə rahat gəlib-getmişlər. Hətta bibisi Gilas hər il qışda gəlib nənəsi ilə qalır. Bu ilin qışında da bibisi Gilas gəlib 2 aydan çox onlarla qalmışdır. Həmin vaxt hər hansı problem yaşanmamışdır. Hazırda iddiaçı bağışlama müqavilənin ləğvini tələb etmişdir ki, bu da tamamilə əsassızdır. İddiaçı və vəkili nənəsinə baxmadığı üçün müqavilənin ləğv olunmasını tələb etsələr də, nənəsinə baxmama halı olmamışdır. Nənəsi fiziki cəhətdən sağlamdır və hər zaman öz işini özü görmüşdür. Nənəsinin xasiyyəti ağır olduğu üçün onunla yola getmək çətindir. Amma bununla belə nə özü, nə yoldaşı nənəsi ilə dalaşmamışdır. Əksinə, nənəsi hər xırda şeyləri problem etmiş, cavan ailə kimi onları başa düşməmmişdir. O, işdə olmuş, gecələr evə gəlmişdir. Dava-dalaş olmasa da, ümumi nənənsi ilə yoldaşının uyğunlaşa bilmədiklərini hiss etmişdir. Nənəsi tək yaşamaq istəmişdir. Nənəsinin dediyi 5 gün ac qalma məsələsi isə həqiqəti əks etdirmir, dava-dalaş olmamış, nənəsi özü ətin yanmasına görə acıq edib otağa girmişdir, onlarla danışmamışdır. Lakin həmin müddətdə yemək də yemiş, mağazaya da gedibgəlmişdir. Həmçinin maraqlanmamış deyilsə də, elə olmamış, əksinə nənəsinin ağrımasını o bibisinə demişdir. Xırda məişət problemlərindən evdə narahçılıq olduğundan o, öz yoldaşı və doğulacaq övladı üçün narahat olmuş, 2025-ci ilin iyun ayından yoldaşını da götürərək atası evinə qayıtmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu Fuad Mirabov məhkəmə məktub ünvalayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, iddiaçı anası, cavabdeh isə oğludur. Anası həmişə özü demişdir ki, “İsmayıl mənim atamın adını daşıyır, bu səbəbdən evimi İsmayıla verirəm”. Anası könüllü evini İsmayıla bağışlamışdır. Anası yaşlı olsa da, fiziki olaraq sağlamdır. Həmişə bütün işlərini özü görmüşdür. Bağışlamadan sonra düşünmüşdür ki, övladı və gəlini həmin evdə yaşasın. 35000 manatdan çox xərc çəkərək həmin evdə yeniqurma və bərpa işləri görmüşdür, yeni əşyalar almışdır. Anası ilə heç bir vaxt aralarında problem olmamışdır. Anasını digər bacı və qardaşları öyrədir. Bu səbəbdən də anası hazırki iddianı qaldırmışdır. İsmayıl heç bir vaxt nənəsinə və ya bibilərinə qarşı hörmətsizlik etməmişdir. Hətta bacısı Gilas gəlib həmişə qış aylarında o evdə yaşamışdır. Bacısına evin təmirinin korlanmaması və çirkləndirilməməsi ilə bağlı iradı İsmayıl yox, o, bildirmişdir. O, da evi qorumaq məqsədi ilə olmuşdur. Nə oğlu, nə gəlini iddiaçı ilə ümumiyyətlə dalaşmamış, ona hörmətsizlik etməmişlər. Yeni ailə qurmuşlar. Anası bir böyük kimi anlayış göstərməmiş, hər xırda şeyi böyütmüşdür. Ümumiyyətlə anasının xasiyyəti ağırdır, öz gəlinləri ilə də heç vaxt yola getməmiş, tək yaşamaq istəmişdir. Oğlu İsmayıl özü gəlib evə qayıtmaq istədiyini bildirdikdə o, da razılaşmışdır. 2025-ci ilin iyun ayından oğlu və gəlini bağışlanmış evdən çıxaraq onların yanına qayıtmışdır. İsmayıl həmin evdə yaşaya bilmədiyi üçün eevi satmaq onun fikri olmuşdur. Lakin sonradan fikrindən daşınmışdır. Hazırda da anası həmin evdə yaşayır. Heç kim ona evdən çıx və ya get deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, İsmayılla 26 yanvar 2025-ci ildə ailə qurmuşdur, İsmayılın nənəsinin bağışladığı evdə yaşamışlar. İsmayılın nənəsi də onlarla yaşamışdır. Nə onunla, nə də İsmayılla İddiaçı arasında heç bir dava-dalaş olmamışdır. İddiaçı tək yaşamaq istəmiş, bu səbəbdən yeməyə torpaq qatmışdır. O və İsmayıl da narahat olaraq 2025-ci ilin iyun ayından həmin evdən getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, iddiaçı anası, cavabdeh isə qardaşı oğludur. Onun son 1 ildə bağışlamadan xəbəri olmuşdur. Anasının xəbəri olmadan bu müqavilə bağlanmışdır. Həmçinin digər bacı qardaşların bu bağışlamadan məlumatı olmamışdır. Son dövrlər İsmayıl və qardaşı anasına qarşı yaxşı rəftar etməmişdir. Onun bildiyi qədər onlar ayrı yeyib-işmişlər, yeməyin içinə torpaq qatılması ilə bağlı aralarında narazılıq yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirdi ki, Əsmayə onun qonşusudur. O, qonşu kimi bilmişdir ki, Əsmayə evini öz nəvəsinə bağışlamışdır ki, nəvəsi ona baxsın. Amma onlar Əsmayəyə baxmamış, ondan ayrı yeyib-içmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirdi ki, iddiaçı onun xalasıdır. Əsmayə atasının adını daşıdığı üçün evini İsmayıla bağışladığını bilmişdir. İsmayıl evləndikdən sonra nənəsi ilə mütəmadi birgə yaşamağa başlamışdır. O, bildiyi qədər böyük yox, hər evdə olduğu kimi xırda problemlər onların da evində olmuş, öz aralarında həll etmişlər. Məhkəmənin suallarına cavab olaraq, Əsmayənin xəstələnib halının pisləşməyi dava-dalaşla bağlı deyil, soyuqlaması ilə bağlı olmuşdur. Həmçinin, o, həmişə Əsmayəyə hər evdə gəlinlə bağlı anlaşılmazlığın hər evdə olduğunu, böyütməməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirdi ki, İsmayıl onun bacısı oğludur. 2020-ci ilin fevral ayında bacısıgil ona zəng etmiş, Əsmayənin öz evini nəvəsi İsmayıla bağışlaması ilə bağlı notariusda olduqlarını, Əsmayənin yalnız ona etibar etdiyini demişlər və onu notariusa çağışmışlar. O, yoldaşı ilə getdikdə Əsmayənin könüllü olaraq evini nəvəsi İsmayıla bağışladığını görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 izahat verərək bildirmişdir ki, İsmayıl baldızının oğludur. Baldızıgil özləri Əsmayə xanımın yalnız Sevincə güvəndiyini deyərək 2020-ci ilin fevral ayında onun yoldaşını notariusa çağışmışlar. Yoldaşı Sevinci notariusa o apamışdır. Getdiklərində İddiaçı öz iradəsi ilə könüllü olaraq evini nəvəsi İsmayıla bağışladığını görmüşlər. İddiaçı qohum kimi də tanıyır, daim ünsiyyətləri olmuşdur. İddiaçı sağlam qadındır, heç bir əqli problemi, unutqanlıq şikayəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, iddiaçı anası, cavabdeh qardaşı oğludur. O və digər bacı-qardaşları bağışlamanı 1 ilə yaxındır bilirlər. Onlar da analarına evi bağışlamaqla səhv etdiklərini demişlər. Anası çox əsəb keçirir, hətta birində xəstələnmişdi. İsmayıl ona zəng edərək anasının xəstələndiyini bildirmişdir. Anası çox əsəb stress keçirmiş, günlərlə yemək yeməmiş, xəstəxanalıq olmuşdur. Məhkəmənin suallarına cavab olaraq, bağışlamadan sonra da anasıgilə gedibgəldiyini, İsmayılın onu və ya bacılarını qovmadığını, təhqir etmədiyini bildirmişdir. Anası yaşlı olsa da, fiziki olaraq sağlamdır, yaddaşı çox yaxşıdır, heç bir vaxt əqli və unutqanlıq kimi problemləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, iddiaçı anası, cavabdeh qardaşı oğludur. O və digər bacı-qardaşları bağışlamanı 1 ilə yaxındır bilirlər. Anası çox əsəb keçirir, hətta birində xəstələnmişdi. Anası çox əsəb stress keçirmiş, günlərlə yemək yeməmişdir. Məhkəmənin suallarına cavab olaraq, bağışlamadan sonra da anasıgilə gedib-gəldiyini, İsmayılın onu və ya bacılarını qovmadığını, hər hansı maneçilik törətmədiyini, təhqir etmədiyini bildirmişdir. Anası yaşlı olsa da, fiziki olaraq sağlamdır, yaddaşı çox yaxşıdır, heç bir vaxt əqli və unutqanlıq kimi problemləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, iddiaçı anası, cavabdeh qardaşı oğludur. O və digər bacı-qardaşları bağışlamanı 1 ilə yaxındır bilirlər. Anası çox əsəb keçirir, hətta birində xəstələnmişdi. Anası çox əsəb stress keçirmiş, günlərlə yemək yeməmişdir. Məhkəmənin suallarına cavab olaraq, bağışlamadan sonra da anasıgilə gedib-gəldiyini, İsmayılın onu və ya bacılarını qovmadığını, hər hansı maneçilik törətmədiyini, təhqir etmədiyini bildirmişdir. Hətta hər ilin qışında olduğu kimi, bu il də gəlib 2 aya yaxın qaldığını bildirmişdir. Anası yaşlı olsa da, fiziki olaraq sağlamdır, yaddaşı çox yaxşıdır, heç bir vaxt əqli və unutqanlıq kimi problemləri olmamışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar: İddiaçı (Hədiyyə verən) ilə Cavabdeh (Hədiyyə alan) arasında 16 fevral 2020-ci il tarixdə bağlanaraq notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, “Hədiyyə verən” ünvan 1i ünvanında yerləşən, yaşayış sahəsi 59.22 kv.m, yardımçı sahə 75.48 kv.m olan 2 otaqlı mənzildən tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni “Hədiyyə alan”ın mülkiyyətinə vermiş və bağışlanan daşınmaz əmlak qiymətləndirilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2020-ci il tarixdə********** nömrə ilə qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışış notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, **********30-10301 reyestr nömrəli, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 134.70 kv.m olan mənzil üzərində mülkiyyət hüququ Cavabdeh adına rəsmiləşdirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı öz mülkiyyətində olan ünvan 1i ünvanında olan daşınmaz əmlakını nəvəsi Cavabdeh bağışlamışdır, cavabdeh həmin müqavilə əsasında daşınmaz əmlaka olan mülkiyyət hüququnu reyestrdə dövlət qeydiyyatına aldırmışdır. Hazırda isə iddiaçı cavabdeh ilə aralarında bağlanmış bağışlama müqaviləsinin və çıxarışın ləğvini tələb edir. İddia tələbinin əsaslandırılmasından və iddiaçının məhkəmə araşdırması gedişində verdiyi izahatlardan belə məlum olur ki, o, nəvəsi olan cavabdehlə arasında bağlanmış bağışlama müqaviləsinin ləğvini ona qarşı hörmətsizlik edilməsi, cavabdehin bir nəvə kimi onun qayğısına qalmaması səbəbindən tələb edir. Məhkəmə 16 fevral 2020-ci il tarixli bağışlama müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyası nöqteyi-nəzərindən hüquqi qiymət verərək, hesab edir ki, həmin müqavilə yazılı formada bağlanmaqla notarial qaydada təsdiq olunmuş, yəni müqavilənin formasına riayət edilmiş, müqavilədə tərəflər, onların rekvizitləri, müqavilənin predmeti, şərtləri və əsasları göstərilmiş, tərəflərə hüquq və vəzifələri, eyni zamanda müqavilə bağlanmasının hüquqi nəticələri izah edilmiş, tərəflər şəxsən bağışlama müqaviləsinin bağlanmasında iştirak etmiş, müqavilə notarius tərəfindən təsdiq edilmiş və dövlət reyestrinə daxil edilmiş və müvafiq qaydada dövlət rüsumu ödənilmişdir. Müqavilənin tamlığına xələl gətirən hər hansı hal da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda həmin müqavilənin etibarsız hesab edilməsinə əsas olan hallar mövcud deyildir. Ümumiyyətlə, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan belə başa düşülür ki, onun hazırkı iddianı qaldırmasına əsas səbəb oğlu və nəvəsi ilə aralarındakı münasibətlərin pozulması, evin üçüncü bir şəxsə satılması ehtimalının olması, iddiaçıya görə nəvəsinin ona qarşı hörmətsizlik etməsi, onun qayğısına lazımınca qalmaması olmuşdur. Bunun davamı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi üçün əsasdır. Göründüyü kimi Mülki Məcəllədə məhz ailə hüquq münasibətlərinə uyğun olaraq qoyulmuş vəzifələrin məhz kobudcasına pozulmasının bağışlamaqdan imtinanın əsası olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu, bağışlama institutunun sabitliyinin təmin edilməsi ilə əlaqədardır. Bunun əksi yanaşma ailə münasibətlərində yaranan adi problemlərin, ailə-məişət zəminində xırda münaqişələrin belə bağışlamadan imtinaya əsas verməsi ilə nəticələnərdi ki, bu da bağışlama institutunu əhəmiyyətsiz edə bilərdi. Nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bu baxımdan bu müqavilələr əsasən yaxın ailə üzvləri arasında bağlanır. Yaxın ailə üzvləri arasında isə məhz yaxın ailə üzvü olmağın təbiətindən irəli gələn, mütəmadi ailə münasibətlərində olmaqdan, ortaq məişət qayğı və problemlərindən doğan müəyyən mübahisələrin, fikir ayrılıqlarının, xırda münaqişələrin olması, bəzi hallarda tərəflərin bir-birindən küsüb-inciməsi adi haldır və müəyyən həddə qədər qəbul olunandır. İşin bu hallarının fonunda cavabdehin iddiaçıya qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrini iddiaçı barəsində kobudcasına pozması nəticəsinə gəlmək mümkün olmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı və nəvəsi arasında ümumi anlaşmazlıq, məişət mübahisələri olmuşdur. Bu vəziyyətdə məhkəmə məhz cavabdehin nənəsinə qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozduğu nəticəsinə gələ bilməz. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrini iddiaçı barəsində kobudcasına pozduğu müəyyən edilmədiyindən tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Məhkəmə hesab edir ki, çıxarışın verilməsinə əsas olmuş 16 fevral 2020-ci il tarixli əqdin etibarsız sayılması üçün faktoloji və hüquqi əsaslar olmadığı üçün həmin müqavilənin hüquqi nəticələrinin, yəni həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və çıxarışın da ləğv edilməsi üçün heç bir əsas yoxdur. Bu xüsusda məhkəmə reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası nöqteyi-nəzərindən Cavabdeh aid sözügedən mənzil ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydi və çıxarışı həqiqi hesab edir. Ona görə də məhkəmə hazırki iddianın heç bir faktoloji və hüquqi əsaslara malik olmamaqla əsassız olması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, qeyd edir ki, iddiaçı iddia ərizəsinə iddia tələbinin əsaslı olmasını təsdiq edən edən hər hansı mötəbər sübut əlavə etməmiş və məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları və bununla da iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı kimi onun üzərinə düşür. Qeyd olunanlar da hazırki iddianın əsassız olmasını göstərir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə: Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi) “bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi) “bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar