Məhkəmə qərarları › İş №2(039)-3095/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-3095/2025

12.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-3095/2025 12.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Aran Regional Təhsil İdarəsinə qarşı əmək haqqı tələbinə dair (müstəqli tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəb cəlb edilməklə) mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Aran Regional Təhsil İdarəsinə və müstəqli tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təşkilat işləri üzre direktor müavini olduğuna göra xx.xx.2022-ci il tarixdan xx.xx.2025-ci il tarixədak ona ödəməli 7600 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnaməmə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə Ucar rayonu, Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbdə təşkilat işləri üzrə direktor müavini təyin olunmuşdur. Onun 2014-cü ildən 2019-cu ildə bağlanmış müddətsiz elektron əmək müqaviləsi vardır. xx.xx.2016-cı il tarixli 270 nömrəli Nazirlər Kabinetinin qərarı ilə vəzifəsinin adı təşkilatı işləri üzrə direktor müavini kimi göstərilmişdir. Buna baxmayaraq, 2022-ci ildə X8 Təhsil İdarəsi vəzifəsinin adını dəyişərək uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyyə işi üzrə təşkilatçı yazaraq hər ay vəzifə maaşından 200 manat kəsmişdir. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 321 saylı qərarına əsasən təhsilalanların sayı 500-dən 700-dək olan ümumtəhsil orta məktəblərində direktor müavinin vəzifə maaşının aylıq əlavə 200 manat nəzərdə tutulmuşdur ki, onun vəzifəsinin adı cavabdeh tərəfindən özbaşına dəyişdirildiyi üçün ona həmin 200 manat məbləğində pulu ala bilməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ötən 38 ay ərizində cavabdehin təqsiri üzündən ona ödəməli olan 7600 manat məbləğində pul ona ödənilməmişdir. Bu öz təsdiqini Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(039)- 921/2025 nömrəli qərarı ilə də tapmışdır və X8 Təhsil İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 manat məbləğində cərimə olunmuşdur. Yevlax Rayon Məhkəməsinin bu qərarıının üzərindən 5 aydan çox vaxt keçməsinə baxmayaraq onun əmək hüquqları bərpa edilməmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq məhkəmənin suallarına cavab olaraq, ona heç bir vaxt əmək müqaviləsinə dəyişiklik ediləcəyi barədə xəbərdarlıq olunmadığını və məlumat verilmədiyini, yalnız hazırki məhkəmə araşdırması zamanı xəbərdarlıq gəldiyini və məktəb rəhbərliyi tərəfindən müqaviləyə dəyişikliyin imzalanmasının tələb edildiyini, əks halda işdən çıxarılacağının bildirildiyi, onun tərəfindən isə imzalanmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə hər hansı məlumat verməmişdirlər. xx.xx.2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Aran Regional Təhsil İdarəsinin nümayəndəsi X2 izahat verərək, İddiaçı iddia tələbinin əsassız olduğunu, özü hal-hazırda təşkilatçı vəzifəsində işlədiyini, əmək müqaviləsinin dəyişdirilməsinə özünün razılığının olduğunu və hər il özünün razılığı ilə əmək müqaviləsini oxuyub tanış olduqdan sonra sima ilə təstiq etdiyini bildirmişdir (bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilə bilməmişdir). Əlavə olaraq bildirmişdir ki, orta ümumtəhsil məktəblərinin nümunəvi ştatları, təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatları «Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarı ilə müəyyən edilmişdir. İddiaçının işlədiyi məktəbdə isə sinif sayı 10 və daha çox olduğu üçün onun əmək müqaviləsinə dəyişiklik edilərək, 1 ştat vahidi üzrə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə dəyişdirilmişdir. Məhkəmənin əmək müqaviləsin dəyişikliklə bağlı işçinin xəbərdar edilib-edilməməsi və işçinin özünün razılığı, həmin müqavilənin kim tərəfindən imzalanması barədə suallara cavab olaraq, iddiaçının razılığı ilə edildiyi və iddiaçı tərəfindən imzalandığı bildirilsə də, bu barədə heç bir sübut təqdim edilə bilməmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən mütəqil tələbi irəli sürməyən üçüncü şəxs Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru X4 izahat verərək bildirmişdir ki, 2019-cu ilin fevral ayından həmin məktəbdə direktor kimi fəaliyyət göstərir. direktoru kimi təyinat verilmiş, 2022-ci ildən ona və Mərdan müəllimə xəbərdarlıq etmədən Təhsil İdarəsi tərəfindən onun vəzifəsinin adını dəyişərək uşaqlarla məktəbdən kənar və sinifindən xaric tərbiyyə işi üzrə təşkilatçı qeyd olunmuşdur. Həmin məsələ ilə bağlı Mərdan Əhmədzadınin şikayəti üzrə əmək müfəttişliyi tərəfindən də araşdırma aparılmış, araşdırmanın nəticəsində 750 manat cərimə olunmuşdur. Həmin cəriməni əmək haqqısından ödəmişdir. ƏMAS platformada əvvəllər o işləməmişdir, son iki ildir ki, həmin səlahiyyətlər məktəb direktorlarına verilib. Əgər əvvəldən onda olsa idi, müqavilədə dəyişiklik etməmişdən öncə iddiaçını xəbərdar edərdi və cərimələnməzdi. Əmək müqaviləsinə dəyişiklik edilərkən heç bir vaxt İddiaçı xəbərdarlıq edilməmişdir. Sonuncu bu il xəbərdarlıq göndərilmiş, iddiaçı isə hal hazırki tarixədək imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar: İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin təşkilat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi barədə qeydlər aparılmışdır. Əmək müqavilələrinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində İddiaçı Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin təşkilat işləri üzrə direktor müavini vəzifəsi üzrə işləməsi barədə xxxxxxx000100 və xxxxxxx000102 nömrəli əmək müqavilələri qeydiyyata alınmışdır. X3 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞY/MT034/2024-00253 saylı arayışdan məlum olur ki, İddiaçı əmək haqqı tələb edilməsi ilə bağlı mediatora müraciət etmişdir. İlkin mediasiya xərci (50 manat) və iddiaçı tərəfindən ödənilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X8 Şöbəsinin MN ******* nömrəli 5 iyun 2025-ci il inzibati tənbeh verə haqqında qərarına əsasən Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru X4 İXM-nin 539.1-1-ci maddəsinə əsasən 1000 manat cərimə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12.1. Maddə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; 46.6-cı Maddə. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. 54.2-ci Maddə. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. 56.1-ci Maddə. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər və proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, İddiaçıxx.xx.2004-cü il tarixdən Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin təşkilat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində İddiaçı Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin təşkilat işləri üzrə direktor müavini vəzifəsi üzrə işləməsi barədə xxxxxxx000100 və xxxxxxx000102 nömrəli əmək müqavilələri qeydiyyata alınmışdır. Daha sonradan, işəgötürən tərəfindən birtərəfli qaydada -işçi rəsmi qaydada xəbərdar edilmədən, həmçinin razılaşdırılmışdəyişikliklər daxil edilmiş əmək müqaviləsinin və ya yenidən tərtib edilmiş dəyişdirilmiş ilkin əmək müqaviləsinin İddiaçı imzası ilə təsdiq edilməsi təmin edilmədən Əmək Məcəlləsinin 54 maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilmişdir. Həmçinin, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X8 Şöbəsinin 6 fevral 2026-cı il tarixli 3-17-5/2-17512/2026 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, işəgötürən tərəfindən birtərəfli qaydada İddiaçı uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə xxxxxxx000103-104 və xxxxxxx000200-205 nömrəli əmək müqavilələri daxil edilmişdir. Məhz bu səbəbdən də İddiaçı “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə və həmin müəssisələrin (ümumi təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 321 nömrəli Qərarı ilə müəyyən olunmuş aylıq əlavələri ala bilməmişdir. Həmin Qərarın özündən də görünür ki, həmin qərar xx.xx.2025-ci il tarixdən qüvvəyə minmişdir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması iddiaçının əmək müqaviləsində dəyişikliklə bağlı xəbərdar edilməsinə dair hər hansı sənəd əlavə edilmədiyindən və bütün dəyişiklərin onun iradəsindən kənar həyata keçirildiyindən iddia əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Aran Regional Təhsil İdarəsi tərəfindən “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə və həmin müəssisələrin (ümumi təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 321 nömrəli Qərarı ilə müəyyən edilmiş aylıq əmək haqqına əlavə kimi hər ay 200 manat olmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün cəmi 7600 manat məbləğində vəsait İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar