Məhkəmə qərarları › İş №2(039)-38/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-38/2024

13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-38/2024 13.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Əlamdar qızının Cavabdeh Suliko oğluna qarşı inzibati xəta nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əlamdar qızı Cavabdeh Suliko oğluna qarşı inzibati xəta nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Suliko oğlundan 500 manat maddi zərərin və 3000 manat mopedə dəymiş zərərin əvəzinin ödənilməsinə dair və 50 manat dövlət rüsumunun onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində yazılan 500 manat mənəvi zərərin texniki səhv olaraq maddi zərər kimi qeyd olunduğundan həmin 500 manatın mənəvi zərər olması nəzərə alınmaqla müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Suliko oğlunun təqsiri nəticəsində törədilmiş hadisədə xəsarət almış, həm də ona məxsus olan moped cavabdehin təqsirli hərəkəti nəticəsində qəzadan sonra sıradan çıxmışdır. Anası İddiaçı2 2022-ci ilin noyabr ayında moped nəqliyyat vasitəsini satın alaraq istifadə etmək üçün ona vermiş, o isə “Zəmzəm” kafesində kuryer olaraq işləmişdir. xx.xx.2022-ci il tarixində dönər sifarişini çatdırmaq üçün Yevlax rayonu, Yuxarı Qarxun kəndi istiqamətində Yevlax şəhəri Nizami prospektində yerləşən 7 nömrəli məktəbin qarşısından keçərkən cavabdeh VAZ 2109 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomabili ilə yolun sağ tərəfindən qəflətən baş yola çıxmış və onu ikinci zolaqda vurmuşdur. VAZ 2109 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomabilin sürücüsü Cavabdeh onu vurduqdan sonra mopeddən yıxılaraq xəsarət almışdır. Onun aldığı xəsarətlər MTE və PAB-nin Yevlax rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 854 nömrəli rəyinə əsasən sağ gözün ağlı qişasının bayır bucağına yayılmış qansızma, sağ gözü bayır bucağının və sol qaşüstü nahiyəsinin hər iki baldırının 1/3 hissəsinin sıyrıqları müəyyən edilməklə sağlamlığına yüngül zərər vuran xəsarət olmuşdur. Cavabdeh ona qarşı etdiyi əməli ilə AR İXM-nın 327.8-ci maddəsinin tələblərini pozmuş, nəticədə ona yüngül bədən xəsarəti yetirməklə həm də, əmlakını sıradan çıxarmışdır. O, idarə etdiyi mopedi kredit yolu ilə əldə etmiş, 3000 manata aldığı mopedi tamamilə sıradan çıxarmışdır. Həmin mopedi İddiaçı2 Əlamdar qızı alaraq oğlunun istifadəsinə vermiş, oğlu həmin mopedlə işləyərək, ailənin maddi tələbatının ödənilməsində bərabər iştirak etmişdir. Nəticə etibarı ilə İnzibati xəta törətmiş şəxsin xətanı törətməsi nəticəsində onlara ziyan dəymişdir. 3000 manat dəyərində olan moped tamamilə sıradan çıxmışdır. Oğluna alınmış və qəza nəticəsində tamamilə sıradan çıxmış mopedin dəyərini cavabdehdən istəyir. Cavabdehdən mopedə dəyən zərərin ödənilməsində qəti və israrlıdır. Cavabdeh etdiyi İnzibati xətanı tamamilə etiraf etmiş, ona vurmuş olduğu ziyanı, keçirdiyi mənəvi iztirabları görmüşdür. Cavabdehdən keçirdiyi mənəvi iztirablara görə, aldığı xəsarətlərdən ağrı və acı yaşadığından ondan 500 manat mənəvi zərərin ödənilməsi həmçinin 3000 manat mapedə vurulan zərərin ödənilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı, həmçinin digər iddiaçının nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh Suliko oğlu məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cinayət işinin başlanılmasının rədd olunması barədə Yevlax rayon rayon polis şöbəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Mehman Əsədovun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material cinatət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti İddiaçı1 göndərilməklə ona qərardan narazı qaldığı halda Yevlax rayon prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüquqularının olması izah edilmiş, Cavabdeh Suliko oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib yarandığı üçün həmin maddə ilə barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Yevlax ROŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. 1059264 saylı xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı2 Шлем X1 Скутер Moon ZX50 modelli moped nəqliyyat vasitəsini 18 ay müddəninə 2999 manata hissə-hissə öməmək şərti ilə satılmışdır. "xxxx" MMC-nin ƏQ-273/2023 saylı xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı2 Шлем X1 Скутер Moon markalı ZX50 modelli qara rəngli, 2022-ci il buraxılışlı, Skuter tipli nəqliyyat vasitəsinə dəymiş zərərin xx.xx.2023-cü il tarixə real bazar dəyəri 2747 manat təşkil edir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9183 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, nəzəri hesablama yolu ilə ilə iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətlər nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Шлем X1 Скутер Moon ZX50” modelli moped nəqliyyat vasitəsinin təmir-bərpa xərc avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1859 manat müəyyən edilir. “Шлем X1 Скутер Moon ZX50” markalı, 2022-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı moped nəqliyyat vasitəsinin hadisədən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 2700 manat müəyyən olunur. Mopedin zədələnməsi nəticəsində açınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 %- 270 manat (2700x 10%) aşağı olması istisna edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəfin izahatından müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 14-də Yevlax şəhəri 7 nömrəli tam orta məktəbin qarşısında Yevlax rayonu Yuxarı Qarxun kəndi istiqamətində İddiaçı2 məxsus olan oğlu İddiaçı1 qanuni istifadəsində olmuş “Шлем X1 Скутер Moon ZX50” modelli moped nəqliyyat vasitəsi hərəkətdə olarkən, həmin istiqamətdə hərəkətdə olan Cavabdeh Suliko oğlunun idarə etdiyi “VAZ 2109” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma baş vermişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehin təqsiri ücbatından baş vermiş hadisə nəticəsində İddiaçı2 mülkiyyətində olmaqla oğlu İddiaçı1 qanuni istifadəsində olmuş “Шлем X1 Скутер Moon ZX50” modelli moped nəqliyyat vasitəsinə ümümilikdə 1859 (bir min səkkiz yüz əlli doqquz) manat dəyərində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 115.0.6-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-ci maddəsinə əsasən Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Çünki cavabdehin təqsiri ucbatından iddiaçı Zərha Sarıyevanın əmlakına ziyan dəyməklə yanaşı övladı xəsarət almış, habelə digər İddiaçı1 baş vermiş hadisə nəticəsində yüngül bədən xəsarətləri almışdır. Həmin həmin hadisənin iddiaçıların şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və nəticədə onların mənəvi sarsıntı keçirməsi isə şübhəsizdir. Belə olan halda hər iki iddiaçı mənəvi zərər çəkmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li, 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdehdən İddiaçı1 münasibətdə 200 manatın, İddiaçı2 münasibətdə isə 100 manatın tutulması ağlabatan və ədalətli hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Suliko oğlundan mopedə vurduğu zərərə görə İddiaçı2 xeyrinə 1859 (bir min səkkiz yüz əlli doqquz) manat məbləğində, mənəvi zərərin əvəzi olaraq cavabdehdən İddiaçı1 200 manat, İddiaçı2 isə 100 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41.60 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Vurulmuş zərərin əvəzi olaraq 1859 (bir min səkkiz yüz əlli doqquz) manat, mənəvi zərərə görə 100 (yüz) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğində pul Cavabdeh Suliko oğlundan alınaraq İddiaçı2 ödənilsin. Mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul Cavabdeh Suliko oğlundan alınaraq İddiaçı1 ödənilsin İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh Suliko oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar