Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-80/2025 19.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayədə saxlanılması və sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşağın himayədə saxlanılması və sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 onun (iddiaçının) himayəsinə verilməsinə və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-174/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahlarından doğulmuş uşqları 20 oktyabr 2005-ci il təvəllüdlü X3, 13 sentyabr 2009-cu il təvəllüdlü X4 və 16 may 2013-cü il təvəllüdlü X1 Cavabdeh yanında qalmaları qət edilmişdir. X6 üç ildir ki, onun (iddiaçının) himayəsində yaşayır və onun yanında qalmaq istəyir. İşləmədiyi üçün Turanə Rzazadəni saxlamaqda çətinlik çəkir. Cavabdeh işləyir, lakin uşağın saxlanması üçün ona (iddiaçıya) köməklik etmir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-174/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahlarından doğulmuş uşqları 20 oktyabr 2005-ci il təvəllüdlü X3, 13 sentyabr 2009-cu il təvəllüdlü X4 və 16 may 2013-cü il təvəllüdlü X1 onun (cavabdehin) yanında qalmaları qət edilmişdir. X12 qətnamə qəbul edildiyi vaxt onun (cavabdehin) yanında olmuşdur. Sonradan qızı Turanə özü anası ilə yaşamaq istədiyini bildirmiş, buna görə də o (cavabdeh) özü uşağı aparıb anasına vermiş və Turanə anası ilə 2-3 il yaşamışdır. Təxminən 2 ay əvvəl qızı Turanə onun yanına qayıdaraq onunla yaşamış və 20 gün əvvəl bacısı gələrək Turanəni aparmışdır. Özü fərdi əməklə, yəni avtoyuyucu işləyir və gündəlik qazancı 18-25 manat təşkil edir. Qızı Turanənin anasının yanında qalmasına razı deyil və bu səbəbdən də aliment ödəmək istəmir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 may 2013-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-174/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, Cavabdeh ilə İbrahimova (Rzayeva) Zəminə Yunis qızı arasında bağlanmış nikahın pozulmsı, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 ataları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. İşdə olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, komissiya tərəflərin birgə nikahlarından doğulmuş 16 may 2013-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalmasını məqsədəuyğun hesab etmişdir. Beləliklə, məhkəmə iclaında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-174/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə İbrahimova (Rzayeva) Zəminə Yunis qızı arasında bağlanmış nikahın pozulmsı, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 ataları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. Bundan sonra tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X6 anası ilə yaşamaq istədiyini bildirmiş və Cavabdeh könüllü olaraq uşağı anasına vermişdir. Sonra uşaq atasının yanına qayıtmış, qısa bir müddət atasının yanında yaşadıqdan sonra yenidən anasının yanına qayıdaraq onunla yaşamağa başlamış və hazırda da anasının yanında yaşayır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər; 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidir. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının (bundan sonra – Plenum Qərarı) 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin qərarın 7.6-cı bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflərin arasında xx.xx.2013-cü il təvəllüdlü X1 valideynlərindən hansının yanında saxlanılması ilə bağlı mübahisə mövcuddur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)- 174/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X6 tərəflər arasındakı nikah pozulduqdan sonra atası Cavabdeh yanında saxlanılmışdır. Ancaq məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2013-cü il təvəllüdlü X6 tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra anası İddiaçı yanına gəlmiş və onunla yaşamağa başlamışdır. Məhkəmə qeyd edir ki, bağlılıq insanlar arasında emosional əlaqənin yaranması ilə bağlı qarşılıqlı prosesdir. Bağlılıq hissini müddətlə məhdudlaşdırmaq olmaz, bu hiss insanlarda ayrıldıqdan sonra da saxlanılır. Belə hisslərin keçirilməsi uşaqlar üçün çox vacib və zəruridir. Bağlılıq hissi olmadan uşaq hərtərəfli inkişaf edə bilmir. Bağlılığın pozulması nəinki uşağın sosial əlaqələrinə, yəni vicdanının və ləyaqətinin inkişafına, həmçinin onun emosional, sosial, fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər. Bu baxımdan uşağın valideynlərdən hansının yanında qalması məsələsi həll edilərkən, xüsusilə də valideynlər arasında mübahisə olduqda, uşağın valideynlərinə bağlılığı səviyyəsinin, habelə valideynlərindən hansının yanında qalmasının psixoloji cəhətdən məqsədəmüvafiq olmasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunan işin halları və normativ hüquqi sənədlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynlərin nikahları rəsmi olaraq pozulduqdan və yetkinlik yaşına çatmayan uşağın valideynlərindən kimin yanında qalmasının müəyyən edilməsindən asılı olmayaraq hər bir valideyn (ata və ya ana) öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, uşağın tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşağın hüquq və mənafeləri, onun rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur, uşaqdan ayrı yaşayan valideyn onunla ünsiyyət hüququna, uşağın tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasının: 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən; 9-cu maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər; 12-ci maddəsinə əsasən iştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir. Bu məqsədlə uşağa ona toxunan hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilir; 14-cü maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın fikir, vicdan və din azadlığına hörmət bəsləyirlər. Məhkəmə, iddia tələbinə, yəni tərəflərin birgə nikahlarından doğulmuş Turanə adlı uşağın anasının yanında qalması məsələsinə dair qeyd edir ki, hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X1 atası Cavabdeh yanında qalması qət edilmişdir. X7 qeyd olunduğu kimi hazırki iş üzrə iddiaçı yeni hala, yəni nikah pozulduqdan sonra uşağın faktiki olaraq 3 il əvvəl onun yanına gəlməsinə və onunla yaşamasına istinad edərək məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşağın anasının yanında saxlanılmasını uşağın mənafeyinə uyğun hesab edir. Məhkəmə iddanın aliment tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasını təsdiq edən gəlirləri barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək cavabdehin valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, iddiaçının işləmədiyini, uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkdiyini, cavabdehin köməyinə ehtiyacının olduğunu, cavabdehin ikinci dəfə evləndiyini və həmin nikahdan iki uşağının olduğunu nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 23 sentyabr 2024-cü ildən tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş 16 may 2013-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalmasının müəyyən edilməsinə və 23 sentyabr 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 16 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Faqif oğlundan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə şəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 16 may 2013-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilsin. 23 sentyabr 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 16 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Alimentin tutulması hissəsində qətnamə darhal icra edilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-80/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-80/2025
19.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver