Məhkəmə qərarları › İş №2(039)-824/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-824/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-824/2022 27.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 aprel 2019-cu il təvəllüdlü X2 və 17 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin, həmçinin 17 aprel 2020-ci il təvəllüdlü X1 3 yaşına çatan kimi Cavabdeh onun xeyrinə hər ay 100 manat alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailəli olmuşdur. Onların birgə nikahlarından 21 aprel 2019-cu il təvəllüdlü X4 və 17 aprel 2020-ci il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Hazırda ayrılmışlar və uşaqlar da onun himayəsindədirlər. Cavabdeh hazırda uşaqların saxlanılmasında iştirak etmədiyinə, onların maddi tələbatlarını təmin etmədiyinə, uşaqların qayğısına qalmamaqla öz valideynlik borcunu yerinə yetirmədiyinə görə onun uşaqların saxlanılmasında iştirak etməsini tələb edir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, azyaşlı uşağı olduğuna görə məhkəmə iclasında iştirakı edə bilmir. Onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izah etdi ki, iddiaçı ilə ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Hazırda ayrılsalar da, uşaqlarına baxmaqdan boyun qaçırmır. O, "xxxx" MMC-də elektrolit sexində fəhlə işləyir və əmək haqqı alır. Hər ay övladları üçün əmək haqqısının 1/3 hissəsində aliment ödəməyə razıdır. Uşağı Fatimənin üç yaşı tamam olanadək əlavə olaraq 20-30 manat ödəyə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 avqust 2018-ci il tarixli AZ-ll 294941 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında 27 avqust 2018-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 may 2019-cu il tarixli AZ-İV 270474 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 21 aprel 2019-cu il tarixdə andan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 aprel 2020-ci il tarixli AZ-İV 434473 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 17 aprel 2020-ci il tarixdə andan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 24 fevral 2022-ci il tarixli, saylı 317/15309 saylı arayışdan məlum olur ki, İddiaçı aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər ailə quraraq evlənmişlər. Birgə nikahlarından 21 aprel 2019-cu il təvəllüdlü X4 və 17 aprel 2020-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından faktiki ayri yaşayırlar, uşaqlar analarının himayəsindədirlər. İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qismən qəbul edir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, uşağın layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 14 mart 2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşaqların saxlanması üçün hər ay hər uşağa 120 manat məbləğində aliment və X1 3 yaşı tamam olana qədər hər ay 30 manat Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 14 mart 2022-ci il tarixdən başlayaraq, 21 aprel 2019-cu il təvəllüdlü X2 və 17 aprel 2020-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat aliment və X1 3 yaşı tamam olana qədər 30 manat əlavə olaraq İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar