Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-870/2025 01.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, qızı xx.xx.2017-ci il təvəllüdlü X3 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi olaraq 2024-cü il tairixində boşanmışdır. Onunla heç bir ailə münasibətləri qalmamışdır. Onlar 2014-cü il tarixində nikaha daxil olmuşlar. Bu nikahdan 2015-ci il təvəllüdlü Ömər Məmmədli adlı oğlu və 2017-ci il təvəllüdlü Səma Məmmədli adlı qızı dünyaya gəlmişdir. Məhkəmə qətnaməsinə görə X5 onun himayəsində qalmış, X6 isə cavabdeh Məmmədova (Əyyubova) Ayşən İman qızının himayəsində qalmışdır. Onun keçmiş həyat yoldaşı Məmmədova (Əyyubov) Ayşən İman qızı evlərini tərk edəndən sonra kiçik körpə qızı tam nəzarətsiz qalmış, uşağın tərbiyəsində və saxlanmasında iştirak etmədiyindən qızını özü götürərək evinə gətirmişdir. O uşağı ilə xoşbəxtdir. Uşağı, yəni qızı 7-ci aydırki onun yanındadır. Yaxşı oxuyub, təhsil alır. Yaxşı saxlanılır, bütün gigiyenik qaydalara əməl edilir. O, sürücü işləyir. Qızını və oğlunu xoşbəxt böyüdür. Bacı və qardaş bir-birinə bağlıdırlar. Bir-birini sevirlər. Bu səbəbdən qızının yanında qalmasını, qızının özünün də bu halları istəməsini nəzərə alınmasını, yaxşı yaşayışını, cavabdehin qızını atıb getməsini, uşağı nəzarətsiz qoymasını və digər halları nəzərə alaraq qızı X3 onun himayəsinə verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh analıq hissini nəzərə alıb, hər həftənin şənbə, bazar və bayram günlərində anası ilə ünsiyyətini təmin edəcəkdir. Göstərilən halları təsdiq edəcək ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında İddiaçı vəkili X2 iddiaçının göstərdiyi xüsastları bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəm iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaya əvvəl etiraz etsə də hazırda iddianı qəbul edir. Məhkəmə qətnaməsinə əsasən, qızı Səmanın onun yanında qalması qət edilmişdir. İddiaçının göstərdiklərinə cavab olaraq bildirir ki, Uşaq qətnamə ilə onun himayəsində olmasına baxmayaraq 8 aydır atasının yanındadır. Buna səbəb onun iş axtarması olmuşdur. Hazırda uşaq atası ilə qalmaq istəyir və o da onun körpə olmasını nəzərə alıb onun əsəbləri ilə oynamaq istəmir. Uşaqla hər həftənin şənbə və bazar günləri ünsiyyətdə olmaq istəyir. Odur ki, hazırda uşağın atasının himayəsinə verilməsinə etiraz etməyərək buna dair müvafiq ərizəni məhkəmə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli, MŞY/MT034/2024-00436 nömrəli arayışdan görünür ki, İddiaçı uşağı Səmanın himayəyə verilməsi tələbinnən mediasiyaya müraciət etmişdir. AZ-İV 040212 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2017-ci il təvəllüdlü olmaqla, atası İddiaçı, anası isə Cavabdehdır. X3 məhkəməyə müraciətindən görünür ki, hazırda 2-ci sinifdə oxuyur və atası ilə qalmaq istəyir. Yevlax Rayon Məhkəməsinin 2(09)-1631/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Yevlax rayon Qeydiyyat şöbəsində 09 aprel 2014-cü il tarixdə bağlanmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş 26 may 2015-ci il təvəllüdlü X5 adlı uşaq İddiaçı və 07 noyabr 2017-ci il təvəllüdlü X8 adlı uşaq Cavabdeh himayəsində saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyətinin 30 aprel 2025-ci il tarixli, 5-9/2-411-2025 nömrəli məktubu və ona əlavə edilmiş Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının rəyindən görünür ki, iddiaçı və cavabdehin evləri yaşayış üçün uyğun vəziyyətdədir. Lakin xx.xx.2017-ci il təvəllüdlü X3 atasının yanında qalmaq istəməsi ilə bağlı komissiya verdiyi ərizəsini əsas götürərək, onun atası İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikah münasibətlərindən 26 may 2015-ci il təvəllüdlü X5 adlı uşaq İddiaçı və 07 noyabr 2017-ci il təvəllüdlü X8 adlı övladları olmuşdur. Məhkəmə qətənaməsinə əsasən 26 may 2015-ci il təvəllüdlü X5 adlı uşaq atası İddiaçı yanında və 07 noyabr 2017-ci il təvəllüdlü X8 adlı uşaq anası Cavabdeh yanında saxlanması qərara alınsa da, Cavabdeh iş axtarması səbəbindən uşaq nəzarətsiz qalmaması üçün anasının himayəsində olan X8 adlı uşaq da iddiaçı tərəfindən götürülmüş, hal-hazırda iddiaçının yanında qalmaqla onunla birgə yaşayır. Araşdırılan mübahisə üzrə iddiaçı xx.xx.2017-ci il təvəllüdlü X3 cavabdehdən alınıb onun himayəsinə verilməsini tələb edir. Göründüyü kimi hazırda tərəflər arasında xx.xx.2017-ci il təvəllüdlü X3 yaşayış yerinin müəyyən edilməsi ilə bağlı mübahisə vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2013-cü il tarixli qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, uşaqlarla bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur (7.8). Məhkəmə hesab edir ki, ailə hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırılmaqla bu məsələyə baxıla bilinər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddənin tələbinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə görə isə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 51.4-cü maddəsinə görə uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən suiistifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 73.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq olmaz. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “BMT-nin Mülki və Siyasi hüquqlar Beynəlxalq Paktının” 23-cü maddəsinin 4-cü bəndinə görə nikah pozulduğu halda bütün uşaqların lazımi müdafiəsi nəzərdə tutulmalıdır. BMT-nin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş “Uşaq haqqında Bəyannəməsi”nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait olduğu hallardan başqa anasından ayrılmamalıdır. “Uşaq Hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq Hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Məhkəmə araşdırması zamanı tərəflər arasında birgə nikahdan olan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə olduğundan, tərəflərin həyat şəraitinin müayinə aktı və müvafiq rəyin verilməsi Yevlax şəhər İH Qəyyumluq və himayəçilik komissiyasına həvalə edilmişdir. Komissiya xx.xx.2017-ci il təvəllüdlü X3 atası Məmmədov İddiaçı himayəsində saxlanmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən məcmu halında qiymətləndirərək, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq iddiaçı ilə cavabdehin qarşılıqlı razılığını və eyni zamanda İH-nin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini sübut növü kimi qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə bu qənaətinə gələrkən uşağın yaşını, eləcə də uşağın fikrini nəzərə almış, onun normal inkişafının təmin olunması məqsədi ilə atanın yanında qalmasını uşağın üstün mənafeyinə daha uyğun hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş 07 noyabr 2017-ci il təvəllüdlü X8 İddiaçı himayəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-870/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-870/2025
01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver