Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-873/2021 05.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin bütün qazancından və gəlirlərindən uşaqları Səfiyyə Cumayevanın və Aygün Cumayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28.01.2002-ci il tarixdə faktiki ailə qurmaqla evlənib 15.05.2004-cü il tarixdə Yuxarı Qarxun inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 04.06.2005-ci il təvəllüdlü X3 və 03.10.2007-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdeh içir, evə uşaqlarına baxmır və onları rahat buraxmır. Bu səbəblərdən ailə münasibətləri pozulmuş və 5 aydan çoxdur ki, uşaqları ilə birlikdə valideyinlərinə məxsus evdə yaşayır. O, işləmir,uşaqların saxlanmasında çətinlik çəkir. Cavabdeh işləyir, qazancı yaxşıdır, lakin uşaqların saxlanılması üçün ona heç bir köməklik etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında iddiaçının tələbi ilə razı olmadığını, uşaqlarına baxdığını, 376 manat əmək haqqı almasına baxmayaraq kredit borcunun olmasını nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yuxarı Qarxun inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 may 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 093522 №li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah 2004-cü ilin may ayının 15-ci günündə akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cumayev, arvada isə Cumayeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 661937 nömrəli və AZ-İ seriyalı 996169 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahdan 04.06.2005-ci il təvəllüdlü Səfiyyə və 03.10.2007-ci il təvəllüdlü Aygün adlı uşaqları var. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında 2021-ci il üçün “X5” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırkı halda 04.06.2005-ci il təvəllüdlü X1 və 03.10.2007-ci il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi qismən-hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulması hissəsində təmin olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 31 mart 2021-ci il tarixdə müraciət etdiyindən aliment də həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 04.06.2005-ci il təvəllüdlü X1 və 03.10.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 mart 2021-ci il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 120 manat olamqla, cəmi 240 manat (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-873/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-873/2021
05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver