Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-958/2020 16.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, Cavabdeh və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 10,000 manat məbləğində mənəvi ziyanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, o, bir atadır. Övladını görmək istəyir. Qanunvericiliyə görə uşağı ilə görüşməlidir. Yevlax Rayon Məhkəməsi tərəfindən məhkəmə qətnaməsi qəbul edilərək həftədə iki dəfə uşağı ilə 3-4 saat görüşməyi qeyd edilib. Ancaq cavabdeh nə məhkəmə prosesində, nə məhkəmə ərəfəsində, nə də halhazırda onun uşağı ilə görüşməsinə ciddi maneələr və məhdudiyyətlər yaradıb və o, heç bir halda uşağı ilə görüşə bilmir. Övladını ondan təcrid ediblər. Halbuki, övladının üzərində bərabər hüquqludurlar. Uşağını görmək onun insani və mənəvi iradəsidir. Hüquqi müstəvidə isə bütün bunları ona qanun verir. İnsani müstəvidə isə uşaq onun övladıdır. Onu böyütmək, tərbiyə vermək, onun həyatında və yaşayışında iştirak etmək onun bir ata olaraq həm hüququm, həm də vəzifəsidir. Bu gün övladını ondan gizlətmək və ona verməmək cavabdehin qeyrı-insani rəftarıdır. Halbuki, bu hüquqlar onlara bərabər qaydada verilib. O, hər görüşmədiyi, görmədiyi, səsini eşitmədiyi hər gününün cavabdehdən əvəzini istəyir Bu pula onun ehtiyacı yoxdur. Ancaq insan maddi cəhətdən zərər alanda etdiyi hərəkətləri oturub dərk edə bilir. Hər dəfə uşağını gizlətmək ondan yayındırmaq ona mənəvi zərər vurur. Artıq ürək ağrısına düçar olmuşdur. Nə uşağının səsini eşidir, nə də onu görə bilmir. Cavabdeh onda xəyal qırıqlığı yaradır, övladı ilə onu əsil vəziyyətinə salıb. Bütün bunlara görə cavabdeh maddi cəhətdən cavab verməlidir. Ona aid hüquqlarını yerinə yetirmədiyindən, övladı ilə görüşünə süni əngəlliklər yaratdığından, oğlunu ondan uzaq salmağa çalışdığından, bütün bunların mənəvi acısını yaşadığından, həmin şəxsdən bu özbaşınalığa son qoyaraq ondan 10,000 manat təzminat tələb edir. Hesab edir ki, bu kimi süni yaymalarla övladından onu təcrid etmək qanuni pozuntusudur. Cavabdeh ona vurmuş olduğu mənəvi zərərin əvəzini ödəməyə borcludur. Bu səbəbdən də ondan 10,000 manat məbləğində mənəvi zərərin əvəzini ondan tələb edir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, uşaqla ünsiyyət hüququnu müəyyən edən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Cavabdeh yalnız onun iştirakı ilə azyaşlı uşağı ilə görüşməsini təklif edib, lakin o, bundan imtina edib. Belə ki, o, sərbəst surətdə, keçmiş arvadının iştirakı olmadan öz uşağı ilə ünsiyyətdə olmaq istəyir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə birgə nikahdan xx xxx 2019-cu il təvəllüdlü bir oğlu var. İddiaçının övladı ilə görüşməsinə hər hansı etirazı yoxdur. Lakin, uşaq azyaşlı olduğundan, ana diqqətinə ehtiyacı olduğundan iddiaçıya dəfələrlə təklif etmişdir ki, onun iştirakı ilə gəlib uşağı görsün. İddiaçı isə buna etiraz etmişdir. Onun tərəfindən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə şikayəti təmin edilməmişdir. Bu qətnamədən kassasiya şikayəti vermək niyyətindədir. İddianın təmin edilməməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, həmin qətnamə ilə Seymur Rzayevin cavabdeh Aynurə Rüstəmova (Məmmədova) ilə birgə yaşayışlarından anadan olmuş xx xxx 2019-cu il təvəllüdlü Şahin Rüstəmovla hər ayın birinci və üçüncü şənbə günləri saat 11:00-dan saat 13:00-dək, hər ayın ikinci və dördüncü bazar günləri saat 12:00-dan 14:00-dək olan müddətdə ünsiyyət saxlamaq hüququnun təmin edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından iddiaçı, iddia ərizəsində istinad etdiyi halları, yəni cavabdehin onu uşağı ilə görüşməsinə ciddi maneələr və məhdudiyyətlər yaradaraq görüşməsinə icazə verməməsini sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd edilən şəraitdə mənəvi iztirab çəkməsi qəbul ediləndir, lakin, bunun məhz cavabdehin təqsirli hərəkələri nəticəsində baş verməsi ilə səbəbli əlaqənin olması mötəbər sübutlarla təsdiq edildiyi halda cavabdehdən mənəvi ziyan tutula bilər. Lakin, iddiaçı buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, cavabdeh, iddiaçının azyaşlı övladı ilə görüşməsinə etiraz etmədiyini bildirir. Uşağın azyaşlı, ana qayğısına ehtiyacı olduğu üçün onun iştirakı ilə ünsiyyətdə olmasını iddiaçıya təklif etsə də, iddiaçı özü bundan imtina edir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının övladı ilə ünsiyyət hüququnu müəyyən edən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamış Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-958/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-958/2020
16.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver