Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-963/2021 05.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları Aysel Kazımzadənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 80 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 24 dekabr 1997-ci il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsində nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından 01 sentyabr 1998-ci il tarixdə Leyla, 29 iyul 2002-ci tarixdə Faiq və 06 sentyabr 2011-ci il tarixdə Aysel adlı uşaqları olmuşdur. Övladları Leyla ailə həyatı qurub köçmüşdür. Cavabdeh ilə aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin 2(039)- 1255/2020 nömrəli, 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqları Faiq və Aysel onun yanında qalmışdır. Hazırda övladları Faiq yetkinlik yaşına çatmış, hərbi xidmətdədir. O övladları Ayseli saxlamaqda çətinlik çəkir. Cavabdeh 2-ci qrup əlildir, pensiya alır. O işləyir, əmək haqqı azdır. İddiaçı məhkəməyə telefon vasitəsi ilə üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, Aysel adlı uşağın saxlanılması üçün hər ay 80 manat aliment ödəməyə razı olmasını bildirmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli 2(039)-1255/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlar anasının himayəsində saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 sentyabr 2011-ci il tarixli, AZ-İİ 746908 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 06 sentyabr 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1974-cü il tarixdə anadan olmuşdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi evlənmişlər. Birgə nikahlarından üç uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılıb ayrı yaşayırlar və uşaqlar analarının himayəsində saxlanılmışdır. Uşaqlardan ikisi yetkinlik yaşlarına çatmışlar. İddiaçı məhkəməyə iddia ərizəsi ünvanlayaraq Aysel adlı uşağın saxlanılması üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, uşağın layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 09 aprel 2021-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün hər ay 80 manat məbləğində aliment tutulmalıdır. Cavabdehdən iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 09 aprel 2021-ci il tarixdən başlayaraq, 06 sentyabr 2011-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin еdilmiş hissəsinə münasib olaraq 30 (otuz) mаnаt dövlət rüsumu аlınаrаq Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-963/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-963/2021
05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver