Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1039/2024 18.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahından 16 avqust 2014-cü ildə doğulmuş X6, 05 avqust 2016-cı ildə doğulmuş X3 və 26 yanvar 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 16 iyun 2024-cü il tarixindən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 55 (əlli beş) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 12 oktyabr 2013-cü ildə el adəti ilə toy edərək ailə qurmuşdur. Nikahlarını 12 mart 2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından 16 avqust 2014-cü ildə X6, 05 avqust 2016-cı ildə X3 və 26 yanvar 2021-ci ildə X5 adlı üç uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulmuşdur. Birgə nikah dövründə cavabdeh ailəyə qayğı göstərməmiş, ailənin maddi təminatı ilə maraqlanmamışdır. Buna görə də aralarında həmişə mübahisə və münaqişə olmuşdur. 16 iyun 2024-cü il tarixindən cavabdeh evə gəlmir. Artıq 3 aydır ki, cavabdeh uşaqlarının necə yaşaması ilə maraqlanmır, onların təlim-tərbiyəsi, maddi və mənəvi ehtiyacları ilə məşğul olmur. Övladlarının bütün maddi tələbatı onun və valideynləri tərəfindən ödənilir. Cavabdeh uşaqların saxlanmasında ona heç bir köməklik etmir. Uşaqlarının maddi tələbatı artdığına görə onların saxlanmasında, maddi tələbatının ödənilməsində çətinlik çəkir. Ona görə də məcbur olub aliment tələbi ilə bağlı məhkəməyə müraciət edir. Məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində aralarında heç bir razılıq əldə olunmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ailəsi və uşağı ilə maraqlanmamış, övladlarının saxlanması üçün ona heç bir maddi köməklik etməmişdir. O, özü heç yerdə işləmir, maddi vəziyyətinə görə uşaqlarının tələbatlarını ödəməkdə çətinlik çəkir. Ona görə də cavabdehdən məhkəmə qaydasında aliment tutulmasını xahiş edir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, ayda cəmi 300 (üç yüz) manat aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə isə imkanı çatmır. O, özü astma xəstəsidir, bununla bağlı müalicə alır. İddianın qismən təmin edilməsini xahiş edir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır – hakimin qeydi) görünür ki, X6 16 avqust 2014-cü il tarixdə Göygöl rayonunda doğulmuşdur. Atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 20 avqust 2016-cı il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır – hakimin qeydi) görünür ki, X3 05 avqust 2016-cı il tarixdə Göygöl rayonunda doğulmuşdur. Atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 03 fevral 2021-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır – hakimin qeydi) görünür ki, X5 26 yanvar 2021-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur. Atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X9 tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli MŞG/MT007/01749 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 16 avqust 2014-cü ildə doğulmuş X6, 05 avqust 2016-cı ildə doğulmuş X3 və 26 yanvar 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- 120 (yüz iyirmi) manatdan artıq olan 115 (yüz on beş) manat aliment tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçı tərəfindən 55 (əlli beş) manat mediasiya xərcinin tam ödənilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 18 sentyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə rəsmi nikahlarından 16 avqust 2014-cü ildə doğulmuş X4, 05 avqust 2016-cı ildə doğulmuş X1 və 26 yanvar 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 18 sentyabr 2024-cü il tarixdən hesablanmaqla, hər uşağa görə aylıq 120 (yüz iyirmi) manat sabit pul məbləğində olmaqla üç uşağa görə cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aylıq aliment Cavabdeh iddiaçi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1039/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1039/2024
18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver