Məhkəmə qərarları › İş №2(040)-1069/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1069/2024

19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1069/2024 19.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən birgə nikahda olan zaman tikdirdikləri evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 22 avqust 2015-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları zaman cavabdehlə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən evi tikdirmişlər. Hal-hazırda mübahisəli Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən evdə cavabdeh yaşayır. Son zamanlar aralarında olan mübahisəyə görə cavabdeh onu evə buraxmır. O evə girərkən cavabdeh “102” xidmətinə ondan şikayət edir. Ona görə də cavabdehlə birlikdə tikdirdikləri Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən evə köçürülməlidir. Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən evin yarısı üzərində onun mülkiyyət hüququ vardır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 29 oktyabr 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 19 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, birgə yaşadıqları zaman cavabdehlə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən evi tikdirmişlər. Kəlbəcər Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(040)-691/2024 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Hal-hazırda mübahisəli Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən evdə cavabdeh yaşayır. Son zamanlar aralarında olan mübahisəyə görə cavabdeh onu evə buraxmır. O evə girərkən cavabdeh “102” xidmətinə ondan şikayət edir. Ona görə də cavabdehlə birlikdə tikdirdikləri Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA- 6 ərazisində yerləşən evə köçürülməlidir. Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən evin yarısı üzərində onun mülkiyyət hüququ vardır. Həmin evin rəsmi sənədi olmasa da evin ona məxsus olmasını təsdiq edə biləcək şahidləri vardır. İddia tələbinin təmin edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Keştək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış 04 noyabr 2024-cü il tarixli 48 nömrəli məktubdan görünür ki, Nümayəndəliyin sakini İddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında vətəndaşın şəxsi vəsaiti hesabına alınmış sənədsiz evi olmasına baxmayaraq, ailədaxili münaqişə səbəbindən həmin evdə yaşamır. Hal-hazırda vətəndaşın dediyinə görə Göygöl rayon Üçtəpə kəndi yaxınlığında yerləşən fermada müvəqqəti yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 178.1ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyеstrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüqqunun məzmununu təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur; sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə tələbinə dair” iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar