Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1235/2025 29.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “uşaqların saxlanması üçün aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları-12 iyun 2018-ci ildə doğulmuş X4, 24 oktyabr 2019-cu ildə doğulmuş X3 və 01 yanvar 2024-cü ildə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat alimentin sabit pul məbləğində tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14 sentyabr 2017-ci ildə nikahlarını rəsmiləşdirərək ailə münasibətlərinə daxil olmuşdur. Hazırda nikahları rəsmi qaydada pozulmayıb. Birgə nikahlarından 12 iyun 2018-ci ildə X4, 24 oktyabr 2019-cu ildə X3 və 01 yanvar 2024-cü ildə X6 doğulmuşdur. Evləndikdən sonra ailə münasibətləri normal olmuşdur. Bir-birlərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır; cavabdeh uşaqların maddi vəziyyəti ilə maraqlanırdı. Hal-hazırda cavabdeh uşaqların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Onun qazancı ilə uşaqların təminatını ödəmək çətindir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmiş; İddiaçı 28 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək 29 oktyabr 2025-ci il tarixdə saat 12:45-də keçiriləcək məhkəmə prosesində hazırda Bakı şəhərində yaşamağı və işləməyi ilə əlaqədar olaraq iştirak edə bilm əyəcəyini bildirmiş, iddia ərizəsinə onun iştirakı olmadan baxılaraq aralarında olan mübahisə üzrə məhkəmə prosesinin keçirilməsini və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərələrin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: X12 tərəfindən verilmiş 14 sentyabr 2017-ci il tarixli AZ-İİ № 222928 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah 14 sentyabr 2017-ci il tarixdə 230 nömrə ilə qeydə alınmışdır; nikah bağlanıldıqdan sonra ərə- “İsgəndərov”, arvada- “İsgəndərova” soyadları verilmişdir. İş materiallarında olan: Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 iyul 2018-ci il tarixli AZ-İV № 114047 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Mingəçevir regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 noyabr 2019-cu il tarixli AZ-İV № 351258 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Mingəçevir regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli AZ-İV № 949358 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Ağdam 2 saylı Mediasiya Təşkilatının mediatoru X7 (M- 00409) tərəfindən verilmiş 20 avqust 2025-ci il tarixli MŞA/MT044/2025-00345 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 12 iyun 2018-ci ildə doğulmuş X4, 24 oktyabr 2019-cu ildə doğulmuş X3 və 01 yanvar 2024-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, 09 sentyabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum əməkhaqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində olmaqla üç uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum əməkhaqqı məbləğinin 1,5 (bir tam onda beş) misli həddində sabit pul məbləğində aylıq aliment müəyyən edilməlidir. Məhkəmə alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 09 sentyabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. 12 iyun 2018-ci ildə doğulmuş X4, 24 oktyabr 2019-cu ildə doğulmuş X3 və 01 yanvar 2024-cü ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 09 sentyabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, Cavabdeh hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində olmaqla, üç uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum əmək haqqı məbləğinin 1,5 (bir tam onda beş) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1235/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1235/2025
29.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver