Məhkəmə qərarları › İş №2(040)-1242/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1242/2023

13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1242/2023 13.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 14 iyul 2023-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya sessiyası üçün ödədiyi 55 (əlli beş) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 16 aprel 2009-cu ildə el adəti ilə ailə qurmuş, nikahlarını isə rəsmiləşdirməmişlər. Birgə münasibətlərindən 11 iyul 2013-cü ildə Flora adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə əvvəlcə münasibətləri normal olsa da sonradan aralarında narazılıq yaranmışdır. Cavabdehin səhlənkarlığından və ailəyə baxmaması səbəbindən ailələri dağılmışdır. Bundan sonra cavabdeh ailəsinin saxlanmasına maddi kömək göstərmədiyinə görə iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 08 oktyabr 2014-cü il tarixli 2(040)- 621/2014 saylı qətnaməsi ilə övladı Floranın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 40 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Daha sonra 2018-ci ilin axırlarında valideynlərin təkidi ilə cavabdehlə barışmış və birgə yaşamağa başlamışdır. 14 iyul 2023-cü il tarixdə Miryusif adlı daha bir övladları doğulmuşdur. Uşaq doğulduqdan sonra cavabdehlə yenidən aralarında narazılıqlar yaranmağa başlamış və 2023-cü ilin avqust ayından faktiki olaraq ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh bir dəfə də olsun uşaqları ilə maraqlanmamış və onların saxlanmasına maddi köməklik göstərməmişdir. Cavabdehdən fərqli olaraq onun anası Flora uşaqlarla maraqlanır və onların saxlanmasına maddi cəhətdən köməklik göstərir. Aralarındakı mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh 22 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini, uşağına hər ay 50-60 manat aliment verməyə imkanının çatdığını, məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 1 saylı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 31 iyul 2023-cü il tarixdə verilmiş AZ-İV № 895731 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 14 iyul 2023-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00361) X1 tərəfindən verilmiş 30 sentyabr 2023-cü il tarixli MŞG/MT007/2023-03111 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli 2(040)-621/2014 saylı qətnaməsinin surətindən görünür ki, 10 sentyabr 2014-cü il tarixdən başlayaraq, 11 iyul 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün 40 (qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, cavabdehin iddianı qismən qəbul etməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 14 iyul 2023-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər ay 80 (səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır.Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 17 oktyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hazırki iş üzrə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini (“Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi), bununla belə, iddiaçı tərəfindən 55 manat mediasiya xərcinin tam ödənilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. 14 iyul 2023-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində aylıq aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına görə ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin pul əvəzi Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulsun. Hazırki qətnamə üzrə alimentin tutulması 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar