Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1373/2025 23.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mediasiya prosesində bağlanmış barışıq sazişinin ləğv edilməsi və məhkəmə qaydasında aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Şəki 1 saylı Mediasiya Təşkilatında bağlanan barışıq sazişinin etibarsız sayılması, birgə nikahlarından 22 iyul 2019-cu ildə doğulmuş X14 və 06 aprel 2021-ci il tarixdə doğulmuş X1 üçün hər ay bir uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2021-ci il tarixdə rəsmi nikahla ailə həyatı qurmuş, onların birgə nikahlarından iki övladları-22 iyul 2019-cu ildə X14 və 06 aprel 2021-ci ildə X11 doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinə müraciət etməkdən öncə aralarında olan mübahisənin həlli məqsədi ilə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir; burada uşağın himayədə qalması və alimentlə bağlı razılığa gəlsələr də, nikahın davam etdirilməsi ilə bağlı razılığa gələ bilməmişlər. Bu səbəblə də o, Kəlbəcər Rayon Məhkəməsinə Cavabdeh ilə olan nikahlarının pozulması məqsədi ilə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə 2022-ci ildə boşanmışlar. Cavabdeh ilə aralarında mediasiya prosesində bağlanan sazişə əsasən cavabdeh övladlarının saxlanılması üçün ona aliment ödəyəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Lakin cavabdeh sazişin müddəalarını kobud şəkildə pozmuş və aliment ödənişi etməmişdir. Uşaqlarının normal yaşaması, sağlam böyüməsi üçün daimi olaraq maddi və mənəvi qayğıya ehtiyacları vardir. Onun heç yerdən gəliri yoxdur, uşağı normal böyütmək üçün alimentə çox ehtiyacı var. Bu səbəblə də, o, barışıq sazişinin etibarsız sayılması ve aliment tələbi ilə bağlı Kəlbəcər Rayon Məhkəməsinə müraciət edir. Qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən əvvəlcə mübahisənin həlli ilə bağlı Göygöl 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin Cavabdeh mediasiya prosesinde iştirak etmədiyinə görə aralarında olan mübahisə həllini tapa bilməmişdir. Bu səbəblə də ona 13 avqust 2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. İddiaçı 08 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək mübahisəli barışıq sazişinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Şəki 1 X6 nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs- Şəki 1 X6 direktoru Dərya Yaşarlı məhkəməyə ünvanladığı məktubunda iş yükünün çox və yolun uzaq olması səbəbindən məhkəmə iclaslarında nümayəndələrinin iştirakının təmin edilməsinin mümkün olmayacağını, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Şəki 1 X6 nümayəndəsinin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh uşaqlarına baxmır, heç bir maddi köməklik göstərmir, ümumiyyətlə uşaqlarla görüşmür. Özü heç bir yerdə işləmir, odur ki, iddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: Mingəçevir Regional “ASAN xidmət” X12 tərəfindən verilmiş 18 avqust 2025-ci il tarixli AZ-İ № 528838 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh və X3 nikahı Mingəçevir Şəhər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 10 iyul 2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 10 iyul 2023-cü il tarixdə 91 nömrə ilə qeyd edilmişdir. nikah pozulduqdan sonra kişiyə “Misirov”, qadına “Babaxani” soyadları verilmişdir. İş materiallarında olan: Mingəçevir Şəhər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(051)-134/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X5 qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh ilə X8 arasında 29 mart 2020-ci il tarixdə Mingəçevir Regional “ASAN xidmət” X4 189 nömrə ilə dövlət qeydiyyatına alınmış nikah qeydinin pozulması qət edilmişdir. İş materiallarında olan: Mingəçevir Regional “ASAN xidmət” X12 tərəfindən 11 iyun 2025-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 qızı 22 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Bərdə rayonunda doğulmuşdur. Atası- Cavabdeh, anası- X8 qeyd edilmişdir. İş materiallarında olan: Mingəçevir Regional “ASAN xidmət” X12 tərəfindən 15 aprel 2021-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 06 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuşdur. Atası- Cavabdeh, anası- X8 qeyd edilmişdir. İş materiallarında olan: Şəki 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X2 (M-00042) tərəfindən Mingəçevir şəhərində təsdiq edilmiş, Cavabdeh ilə X8 arasında bağlanmış 23 sentyabr 2022-ci il tarixli barışıq sazişinin 2-ci bəndindən görünür ki, “tərəflər nikahın pozulması, birgə nikahdan doğulan uşaqların ananın qəyyumluğunda qalması, Cavabdeh uşaqların saxlanması üçün X5 nağd qaydada hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment ödəməsi, Cavabdeh uşaqları ilə istənilən vaxt istənilən qaydada görüşə bilməsi barədə razılığa gəlmişlər”. İş materiallarında olan: Göygöl 1 X6 mediatoru X10 (MT-00573) tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli MŞG/1/2025-000261 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində xərci tam ödəmişdir. Tətbiq edilməli olan hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasının: -17-ci maddəsinin: Birinci (İ) hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir; İkinci (İİ) hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. -34-cü maddəsinin Üçüncü (İİİ) hissəsində bəyan edilir ki (ixtisarla), nikah və ailə dövlətin himayəsindədir; analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Mediasiya haqqında” Qanun): -1.0.1-ci maddəsinə əsasən, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir; -4.1-ci maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır; -9.3 və 9.3.1-ci maddələrindən görünür ki, mediasiya prosesi üzrə tərəflərin vəzifələrindən biri də barışıq sazişinin icrasını təmin etməkdir; -24.1-ci maddəsinə əsasən, mediasiya prosesi bu Qanuna, mediasiya prosesinin həyata keçirilməsi qaydasına və bu qaydaya uyğun olaraq hazırlanmış mediasiya təşkilatının daxili qaydasına (olduğu halda), mediatorların peşəkar etik davranış qaydasına uyğun olaraq həyata keçirilir; -33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır; barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər; -34.2-ci maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. “Mediasiya haqqında” Qanunda mediasiya prosesində bağlanmış olan barışıq sazişinin ləğv edilməsi və ya dəyişdirilməsi şərtləri əks olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər; 13.2-ci maddəsinə əsasən, əvvəlcə qanunun analogiyasından istifadə olunur; konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -13.1-ci maddəsinə əsasən, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir; -13.2-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir; -13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; -14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə icraatında tədqiq edilmiş: Şəki 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X2 (M-00042) tərəfindən təsdiq edilmiş, Cavabdeh ilə X8 arasında bağlanmış 23 sentyabr 2022-ci il tarixli barışıq sazişinin tam mətnindən görünür ki, həmin barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinin tələblərinə tam olaraq uyğun deyildir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, o cümlədən: -İddianın “mediasiya prosesində bağlanmış barışıq sazişinin ləğv edilməsi” tələbinə dair hissəsi ilə bağlı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1 və Mülki Prosessual Məcəllənin 13.4-cü maddələrinin tələbləri əsas götürülməklə Mülki Məcəllənin 421.2-ci maddəsi tətbiq edilməli, tərəflər arasında Şəki 1 saylı Mediasiya Təşkilatında (Mingəçevir şəhərində) bağlanmış 23 sentyabr 2022-ci il tarixli barışıq sazişinin razılaşma hissəsinin alimentlə bağlı 3-cü bəndi iddiaçının və tərəflərin birgə nikahlarınan doğulmuş uşaqların mənafelərinə açıq şəkildə zidd olduğundan (o cümlədən alimentlə bağlı razılaşmada müəyyən edilmiş məbləğ 2025ci il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olduğundan), barışıq sazişində olan həmin bənd ləğv edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, cavabdeh barışıq sazişində nəzərdə tutulan alimentin icrası ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə icraatında da həmin sübutlar aşkar edilməmişdir. -Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə qeyri-rəsmi nikahından 22 iyul 2019-cu ildə doğulmuş X14 və rəsmi nikahlarından 06 aprel 2021-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, 01 oktyabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum əməkhaqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində olmaqla, iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum əməkhaqqı məbləğinin 01 (bir) misli həddində sabit pul məbləğində aylıq aliment müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə- hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində olmaqla, iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum əməkhaqqı məbləğinin 01 (bir) misli həddindən artıq olan aliment tələbi hissəsində, həmçinin barışıq sazişinin razılaşma hissəsinin 3-cü bəndindən əlavə digər bəndlərinin ləğv edilməsinə dair hissədə əsassız olduğundan, həmin hissələrdə rədd edilməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, iddianın bu dəlillərini təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 01 oktyabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. Tərəflər arasında Şəki 1 saylı Mediasiya Təşkilatında (Mingəçevir şəhərində) bağlanmış 23 sentyabr 2022-ci il tarixli barışıq sazişinin razılaşma hissəsinin alimentlə bağlı 3-cü bəndi ləğv edilsin. Tərəflərin birgə qeyri-rəsmi nikahından 22 iyul 2019-cu ildə doğulmuş X14 və rəsmi nikahlarından 06 aprel 2021-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 01 oktyabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 01 (bir) misli həddində sabit pul məbləğində aylıq aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamənin alimentin tutulması ilə bağlı hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1373/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1373/2025
23.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver