Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1387/2025 23.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz sahibliyində olan qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ümumi çəkisi 17 qram, ümumi dəyəti 2040 (iki min qırx) manat olan 3 (üç) ədəd 583 əyarlı qızıl üzük və 1 (bir) ədəd 583 əyarlı qızıl böyunbağının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2022-ci ilin iyul ayında Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini aylıq 15 faiz ödəmək şərti ilə borc götürmüşdür. Götürdüyü pul vəsaitinin təminatı kimi 3 (üç) ədəd 583 əyarlı qızıl üzük və bir ədəd 583 əyarlı qızıl boyunbağı girov qoymuşdur; girov qoyduğu qızılların ümumi çəkisi 17 (on yeddi) qram təşkil edirdi. Aldığı borca görə hər ay 225 (iki yüz iyirmi beş) manat faiz ödəyirdi. 2023-cü ilin 15 aprel tarixində yenidən cavabdehdən aylıq 15 faiz ödəmək şərti ilə 3500 (üç min beş yüz) manat borc götürmüşdür. Bu dəfə təminat kimi X2na məxsus, "xxxx" ASC-yə aid olan plastik maaş kartını cavabdehə vermişdir. Əri X1 rayonu 98 saylı orta məktəbdə idman müəllimi işləyir və aylıq əməkhaqqı 864 (səkkiz yüz altmış dörd) manat təşkil edir. Cavabdeh dörd ay onun X2nun maaş kartından 864 (səkkiz yüz altmış dörd) manat, 2024-cü ilin iyun ayında isə 934 (doqquz yüz otuz dörd) manat olmaqla, ümumilikdə 4390 (dörd min üç yüz doxsan) manat pul vəsaiti çıxarmışdır. Həmçinin, cavabadeh onun özünə məxsus pensiya kartından ("xxxx" ASC) hər ay 364 (üç yüz altmış dörd) manat olmaqla, beş ay ərzində ümumilikdə 1820 (bir min səkkiz yüz iyirmi) manat pul vəsaiti çıxarmışdır. Həmçinin, o, 2023-cü ilin 29 aprel tarixində 1250 (min iki yüz əlli) manat pul vəsaitini borcun əvəzi olaraq cavabdehə ödəmişdir. Həmçinin, 2023-cü ilin may ayında Samirə adlı qonşularının vasitəsi ilə cavabdehə 800 (səkkiz yüz) manat pul vəsaiti vermişdir. Həmçinin, Sahilə adlı qonşularının vasitəsi ilə 2000 (iki min) manat pul vəsaitini 2023-cü ilin sentyabr ayında cavabdehə ödəmişdir. Həmçinin, İlhamə adlı qonşularının vasitəsi ilə isə 2023-cü ilin dekabr ayında cavabdehə 3500 (üç min beş yüz) manat pul vəsaiti ödəmişdir. 2024-cü ilin aprel ayında Gülnarə adlı ortaq tanışlarının (qonşularının) vasitəsi ilə cavabdehə 1500 (bir min beş yüz) manat, may ayında isə 500 (beş yüz) manat olmaqla ümumilikdə 2000 (iki min) manat əlavə pul ödəmişdir. Gülnarə, Sahilə, Samirə və İlhamə vasitəsi ilə ödədiyi pul vəsaitləri bir qrup şəxslə “lotereya” oynayaraq (bir qrup şəxsin birləşərək hər birinin hər ay ümumi büdcəyə əvvəlcədən razılaşdırılmış məbləğdə pul ödəməsi və toplanmış pulların hər ay növbə ilə iştirakçılardan birinə verilməsi nəzərdə tutulur-hakimin qeydi) yığdığı pul vəsaitləridir. Belə ki, cavabdeh özü də onlarla “lotereya” oynayırdı. Gülnarə, Sahilə, Samirə və İlhamə “kassir” olduqları üçün hər ay pulları onlar yığırdılar. Onun növbəsibdə yığılmış pul vəsaitləri onun razılığı ilə cavabdehə verilirdi. Onu da bildirir ki, bir kiloqramının qiyməti altı manatdan razılaşmaqla 30 kq yunu 180 (yüz səksən) manat dəyərində cavabdehə borcun əvəzində vermişdir. Həmçinin, bir ədədi 10 (on) manat olmaqla, əlli ədəd “çolpa”nı da borcun əvəzində cavabdehə vermişdir. Beləliklə, cavabdehdən götürdüyü 5000 (beş min) manat pul vəsaitinin əvəzində cavabdehə 16440 (on altı min dörd yüz qırx) manat pul vəsaiti ödəmişdir. Sonuncu dəfə X2nun maaş kartından 934 (doqquz yüz otuz dörd) manat pul vəsaitini cavabdeh çıxardıqdan sonra ondan kartları və qızılları qaytarmasını tələb etmiş, cavabdeh kartı və qızılları qaytarmaqdan imtina edərək bildirmişdir ki, guya gecikdirilmiş günlər üçün faizlərə hesablanmış faiz borcu qalıb, həmin pulu versin, qızıllarını və maaş kartını qaytarsın. O, cavabdehə bildirmişdir ki, cavabehdən götürdüyü 5000 (beş min) manat pul vəsaitinin əvəzində cavabdehə 16440 (on altı min dörd yüz qırx) manat pul vəsaiti ödəmiş, ona har hansı bir məbləğdə borcum qalmamışdır. Lakin cavabdeh qızılları və kartı qaytarmaqdan imtina etmişdir. Məcburiyyət qarşısında qalıb ərinin maaş kartını yeniləmişlər, qızılları isə cavabdehdə qalmışdır. Cavabdeh tərəfindən pozulmuş hüquqlarının başqa yolla barpa olunmayacağı üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdeh 28 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş “iddiaya qarşı yazılı etiraz”ında bildirmişdir ki, 2(040)-1387/2025 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsində göstərdikləri tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı ondan oğluna toy etmək məqsədilə ümumilikdə 13000 (on üç min) manat borc pul almış və 2021-ci ilin avqustunda evinə gələrək ondan öz adına kredit götürərək öz borclarını ödəmək istədiyini və krediti özü (iddiaçı) ödəyəcəyini bildirmişdir. 11 avqust 2021-ci il tarixdə "xxxx" ASC-dən 5540 (beş min beş yüz qırx) manat kredit götürmüşlər, həmin kreditdən 2117 (iki min yüz on yeddi) manat hissəsini Saray ödəsə də, qalan hissəni ödəməkdən imtina etdiyinə görə, o, məcbur qalıb həmin krediti sonadək özü ödəmişdir. İddiaçı iddia ərizəsində Gülnarə adlı şəxsin ona 2000 (iki min) manat verdiyini bildirmişdir- o, bununla razıdır; Gülnarə ona 2000 (iki min) manat məbləğində pul vermiş və o, həmin pulu öz adına iddiaçı üçün götürdükləri kredit borcuna ödəmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər şəxslər ona pul verməmişdir; həmin şəxslərdən Samirə və Sahilə “VhatsApp” mobil tətbiqi vasitəsilə ona göndərdikləri səslərdə Sarayın (iddiaçının) yalandan şər-böhtan xarakterli məlumat verdiyini və ona pul vermədiklərini bildirmişlər. İddiaçı ondan pulu 15 (on beş) faizlə aldığını bildirmişdir- bu, tamamilə şər-böhtan xarakterlidir. O, iddiaçı ilə olan yaxın münasibətlərinə görə iddiaçıya güvənərək və etibar edərək heç bir təmənna güdmədən iddiaçının oğluna toy etməsi üçün kömək etmişdir. İddiaçı və əri ona həmin məbləği toydan yığılan pullar hesabına ödəyəcəklərini bildirsələr də, toyun sabahısı ona olan borcu qaytarmamışlar. İddiaçı pul müqabilində ona heç bir qızıl-zinət əşyası verməmşdir. Onda iddiaçıya məxsus olan heç bir qızıl-zinət əşyası yoxdur. Qızıl-zinət əşyalarını tələb etməkdə iddiaçının məqsədi ona olan borcunu tələb etməkdən onun imtina etməyini istəməyidir. Belə ki, o, iddiaçının ərinə və qardaşına dəfələrlə ona borclu olduğunu bildirmişdir. Lakin buna baxmayaraq ona olan borcunu yenə qaytarmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində ona 50 (əlli) ədəd çolpa verdiyini bildirmişdir. Onun özümün hazırda 200 (iki yüz) ədəddən çox çolpası vardır; o, hər il qeyd etdiyi sayda toyuq saxlayır; onun əlavə toyuğa və ya çoplaya ehtiyacı yoxdur- bu da iddiaçının qeyd etdiklərinin əsassız olduğunu bir daha təsdiq edir. Əlavə olaraq iddiaçı ona 180 (yüz səksən) manat dəyərində yun verdiyini bildirmişdir. Qeyd edir ki, özünün xırdabuynuzlu heyvanı olduğundan, o, heç kimdən yun istəməmişdir; onun yuna ehtiyacı olmayıb və iddiaçı da ona pul müqabilində yun verməyib. İddiaçı ərinin maaş kartını və özünün pensiya kartını borc müqabilində ona verdiyini iddia ərizəsində qeyd etmişdir- o, bununla bağlı bildirmək istəyir ki, iddiaçı ərinin maaş kartını ümumiyyətlə ona verməmişdir; pensiya kartını versə də, ilk aydan kart hesabını dondurmuşdur və nəticədə o, borcu müqabilində iddiaçıdan pulunu ala bilməmişdir. Əlavə olaraq bildirir ki, İddiaçı qardaşı Bəylər Bəylərov da məktəb direktoru vəzifəsində işləyərkən bir neçə şəxsdən pul alıb qaytarmamaqla dələduzluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və həbs edilmişdir; bunları bildirməkdə məqsədi iddiaçının ailəlikcə dələduzluq xarakterli əməllərlə məşğul olmasıdır. İddia ərizəsində iddiaçı ona borc müqabilində qızıl-zinət əşyaları verdiyini bildirir ki, bu da tamamilə əsassızdır, çünki belə bir fakt olmuş olsaydı, iddiaçı iddia ərizəsinə bununla bağlı hər hansı bir təsdiqedici sənəd (borc müqaviləsi, girov müqaviləsi, adi əlyazma, sübut növü kimi qəbul ediləcək digər sənədlər) əlavə etmiş olardı. İddiaçı öz iddia ərizəsini hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1, 157.2, 425.1 və 425.2-ci maddələrinə (öhdəliklə bağlı) istinad etməyə çalışmışdır. Qanunvericiliyin bu göstərişindən aydın olur ki, “öhdəlik” tərəflər arasında razılaşdırılmış (tərəflərin iradə ifadəsi) şərtlər əsasında bağlanılmış müqavilələr olduğu halda bir şəxsin başqa şəxs qarşısında müəyyən hərəkətləri etməli olmasını şərtləndirir. Hazırki iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında belə bir müqavilənin mövcudluğu aşkar olunmamışdır ki, bu da özlüyündə iddianın əsassız olduğunu bir daha təsdiq edir. Odur ki, İddiaçı ona qarşı “qızıl-zinət əşyalarının tələbinə dair” iddiası əsassız və qanunsuz olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 13 noyabr 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı olaraq 27 noyabr 2025-ci il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 23 dekabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyaları onun deyil, qonşusuna məxsusdur. Lakin həmin qızıl-zinət əşyalarını cavabdehə olan borc pulun təminatı üçün o özü vermişdir; cavabdehə olan borcunu ödədiyi təqdirdə qızıl-zinət əşyalarını ondan alacaqdı, lakin borcunu ödəsə də, cavabdeh ona qızılları qaytarmamışdır. Ona görə də ədalətli qərar qəbul edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 12 aprel 2025-ci il tarixli 3-13-57-1/2-13-2999/11/25 nömrəli məktubun surətindən görünür ki, onun 08 fevral 2025-ci il tarixdə 1-ci Polis Şöbəsinə etmiş olduğu mürəciətə tərəflərindən baxılmışdır; araşdırma zamanı onun müraciətinin mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material 1-ci Polis Şöbəsinin dəftərxanasında işə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iddia tələbinin əsasını təşkil edən hallar iddiaçı tərəfindən sübut edilməmiş, iddiaçı iddianın predmeti olan qızıl-zinət əşyalarının cavabdehdə olduğunu və ona qaytarılmadığını bildirsə də, bu faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz sahibliyində olan qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair” hazırki iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1387/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1387/2025
23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver