Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-1439/2025 22.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, İddiaçı Cavabdeh qarşı “4080 (dörd min səksən) manat məbləğində aliment borcunun silinməsi tələbinə dair” iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin yanvar ayından 2024-cü ilin dekabr ayınadək övladları-28 avqust 2019-cu ildə doğulmuş X1 və 07 aprel 2022-ci ildə doğulmuş X2 onun yanında olmaları nəzərə alınaraq həmin tarixdə hesablanaq 4080 (dörd min səksən) manat aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1 və 153.2.1-ci maddələrinə əsasən icraata götürülməkdən imtina edilməklə geri qaytarılmalıdır, belə ki: -İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli 2(040)-451/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında uşaqların saxlanması üçün təyin edilmiş aliment öhdəliyinin 4080 manat hissəsinin ödənilməsindən azad edilmə tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. -İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2025-ci il tarixli 2(104)-1472/2025 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli 2(040)-451/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi əsasında uşaqların saxlanması üçün təyin edilmiş aliment öhdəliyinin 4080 manat hissəsinin ödənilməsindən azad edilmə tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə əgər aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmırsa məsələyə iddia icraatı qaydasında baxılması istisna edilir. Çünki bu halda Qanunda icra qaydasında aliment borcu ilə bağlı yaranmış mübahisələrlə əlaqədar şikayət vermək imkanı nəzərdə tutulmuşdur. Hazırkı vəziyyətdə aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı əsaslar dayanmır. -İddiaçı təkrarən yuxarıdakı iddia ilə eyni məzmunlu hazırki iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, iddia ərizəsinə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən hər hansı bir sübut əlavə olunmamışdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər; tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur; -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır; -29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı ilkin mediasiya sessiyasında iştirak edən tərəflərə təqdim edir; tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir; -29.3-cü maddəsinə əsasən, tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir; -29.6-cı maddəsinə əsasən, tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir; -29.7-ci maddəsinə əsasən, bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığına görə, İddiaçı Cavabdeh qarşı “4080 (dörd min səksən) manat məbləğində aliment borcunun silinməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Mülki Prosessual Məcəllənin 152.1.6-1 və 153.2.1-ci maddələrinə əsasən icraata götürülmədən geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya növbəti dəfə məhkəməyə müraciət etmək hüququnun olduğu və ya icra hərəkətlərindən inzibati qaydada və ya inzibati məhkəməyə şikayət vermək hüququnun olduğu izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı “4080 (dörd min səksən) manat məbləğində aliment borcunun silinməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1 və 153.2.1-ci maddələrinə əsasən geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1439/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-1439/2025
22.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver