Məhkəmə qərarları › İş №2(040)-1479/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1479/2025

19.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1479/2025 19.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, övladları- 17 oktyabr 2020-ci ildə doğulmuş X2 və 10 avqust 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit məbləğdə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat alimentin, həmçinin mediasiya xərci olaraq ödədiyi 60 (altmış) manat xərcin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 30 noyabr 2019-cu il tarixdə qeyrirəsmi nikahla evlənmişlər. Qeyri-rəsmi nikahlarından 17 oktyabr 2020-ci ildə X4 və 10 avqust 2023-cü ildə X3 adlarında uşaqları doğulmuşdur. Uşaqlar onun himayəsində yaşayırlar. Cavabdeh ilə artıq bir müddətdir ki, ayrılmışlar. Hal-hazırda o, uşaqları ilə birlikdə atasına məxsus olan mülkdə yaşayır. Onun isə heç bir yerdə yaşamağa yeri yoxdur. Onun qızları körpə olduğundan heç bir yerde işləyə bilmir. Cavabdeh onlara heç bir maddi mənəvi köməklik göstərmir. Cavabdeh hal-hazırda Daşkəsən rayonda fövqaladə hallar üzrə sahədə çalışır. Cavabdehin imkanı olduqca yaxşıdır; cavabdehin imkanı çatır ki, har ay uşağına aliment versin. O, sabit məbləğdə aliment tutulması tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya prosesinə gəlməmiş aliment verməkdən və mediasiya xərclərini ödəməkdən imtina etdiyi üçün mübahisəni məhkəmədən kənarda həll edə bilməmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə bildirmişdir ki, uşaqlar xəstədir, onların dərman və məktəb xərcləri vardır. Ən azı 400 (dörd yüz) manat aliment təyin edilməsinə razıdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Daşkəsən rayon yanğından mühafizə hissəsində baş çavuş rütbəsində xidmət edir və aylıq əməkhaqqı 650 (altı yüz əlli) manatdır, buna görə də iki uşağa görə cəmi 350 (üç yüz əlli) manat aliment ödəyə bilər. Belə ki, hərbi qulluqçu olaraq xidməti ilə bağlı ona başqa fəaliyyət sahəsi ilə məşğul olmağa icazə verilmir. Əslində hər iki uşağın onun himayəsinə verilməsini istəyir, lakin iddiaçının imkanı yoxdursa, uşaqlardan birini saxlamağa razıdır. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil Cavabdeh ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” X8 tərəfindən 28 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İV № 506596 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X4 17 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur; atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: 1 saylı Gəncə Regional “ASAN xidmət” X8 tərəfindən 30 avqust 2023-cü il tarixdə verilmiş AZ-İV № 916973 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X3 10 avqust 2023-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur; atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Göygöl 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: MT-00573) X5 tərəfindən verilmiş 30 oktyabr 2025-ci il tarixli MŞG/1/2025-000377 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş, Cavabdeh məxsus 510307******2594 nörməli kart hesabından çıxarışdan göürünür ki, Cavabdeh aylıq əməkhaqqı 796,64 AZN (yeddi yüz doxsan altı manat-64 qəpik) təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 17 oktyabr 2020-ci ildə doğulmuş X2 və 10 avqust 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, 03 noyabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,475 (sıfır tam mində dörd yüz yetmiş beş) misli həddində sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,95 (sıfır tam yüzdə doxsan beş) misli həddində sabit pul məbləğində aylıq aliment müəyyən edilməlidir. İddia qalan hissədə-uşaqların saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,475 (sıfır tam mində dörd yüz yetmiş beş) misli həddindən və iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,95 (sıfır tam yüzdə doxsan beş) misli həddindən artıq olan hissədə əsassız olduğundan, həmin hissədə təmin edilməməlidirbelə ki, iddiaçı hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində tələb etdiyi alimentin hansı əsasla həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən tam ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 03 noyabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə qeyri-rəsmi nikahından 17 oktyabr 2020-ci ildə doğulmuş X2 və 10 avqust 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 03 noyabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,475 (sıfır tam mində dörd yüz yetmiş beş) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,95 (sıfır tam yüzdə doxsan beş) misli həddində sabit pul məbləğində aylıq aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğdə pul vəsaiti də Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamənin alimentlə bağlı təmin edilmiş hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar