Məhkəmə qərarları › İş №2(040)-1543/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1543/2025

19.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1543/2025 19.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli 8(012)-418/2025 nömrəli qərardadı ilə cavabdehlə birgə nikahdan 03 oktyabr 2016-cı ildə doğulmuş X1 və 05 sentyabr 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində təyin olunan alimentin, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 (sıfır tam yüzdə qırx) misli həddində azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahdan 03 oktyabr 2016-cı ildə doğulmuş X1 və 05 sentyabr 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün təyin olunan 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin məbləği Abşeron Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 8(012)-418/2025 nömrəli qərardadı ilə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində indeksasiya olunması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli 8(012)-418/2025 nömrəli qərardadı ilə razı deyildir. Qərardada əsasən, hər ay hər uşağa görə təyin olunmuş aliment məbləğinin onun tərəfindən ödənilməsi qeyri-mümkündür. Belə ki, o, gözdən ikinci qrup əlildir və heç yerdə işləmir. Bu səbəbdən də, alimentin məbləğinin ödəyə biləcəyi həddə azaldılmasına zərurət vardır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli 8(012)-418/2025 nömrəli qərardadı ilə cavabdehlə birgə nikahdan 03 oktyabr 2016cı ildə doğulmuş X1 və 05 sentyabr 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində təyin olunan alimentin, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 (sıfır tam yüzdə qırx) misli həddinə azaldılması tələbi ilə bağlı məhkəməyə müraciat etmək məcburiyyətində qalmışdır. . Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi 19 fevral 2026-cı il tarixli teleqramda üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 19 fevral 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək bildirmişdir ki, qarşı tərəfin maşını, texnikası olduğu halda aliment ödəməkdən yayınır. Hal-hazırda iki aydır aliment ödəmir. O da uşaqları evdə tək qoyub başqa yerdə işləyə bilmir. Ancaq uşaqların məktəbində işləyir, maaşı 184 (yüz səksən dörd) manatdır. Bu maaşla iki uşağa baxmaq çox çətindir. Qarşı tərəf 300 (üç yüz) manat alimentə razılıq verməsini tələb edir, razı olmadıqda onu təhqir edir. Aliment azaldığı təqdirdə uşaqlar üçün vəziyyət acınacaqlı olacaq. Onun maaşını nəzərə alaraq qərar verilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddianı qismən müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, əvvəllər "xxxx" MMC-də işləsə də, sonradan işdən çıxarılmışdır; hazırda işsizdir. İkinci dərəcəli əlildir, buna görə 250 (iki yüz əlli) manat məbləğində müavinət alır. Hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat aliment ödəməyə razıdır (bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 3 saylı Bakı “ASAN xidmət” X8 tərəfindən 18 yanvar 2026-cı il tarixdə verilmiş 3-16-5/8-69-161/2026 nömrəli arayışdan görünür ki, X4 05 sentyabr 2018ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası-İddiaçı, anası- Cavabdehdır. İş materiallarında olan: 3 saylı Bakı “ASAN xidmət” X8 tərəfindən 18 yanvar 2026-cı il tarixdə verilmiş 3-16-5/8-69-162/2026 nömrəli arayışdan görünür ki, X5 05 sentyabr 2018ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası-İddiaçı, anası- Cavabdehdır. İş materiallarında olan: Abşeron 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00378) X6 tərəfindən verilmiş 17 noyabr 2025-ci il tarixli MŞAB/MT041/2025-01119 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ının surətindən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya prosesinin keçirilməsi üçün 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış “Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayış”dan görünür ki, İddiaçı “Keratokonus, OU-Keratokonus İİİ mərhələ. VİS-OU-0,03 k/i 0,07 Astiqmatizm, OU qeyri-düzgün astiqmatizm VİS-OU-0,03 k/i 0,07. Binokulyar orta ağır görmə VİS-OU-0,03 k/i 0,07” diaqnozu ilə 2 (iki) il müddətinə ikinci dərəcəli əlildir. Əlilliyin təyin edilmə tarixi: 22 iyul 2024-cü il. İş materiallarında olan: Abşeron Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 8(040)- 418/2025 saylı qərardadı ilə ərizəçi Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)- 1783/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1783/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsinə əsasən, 03 oktyabr 2016-cı il təvəllüdlü X3 və 05 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün maraqlı şəxs İddiaçı ərizəçi Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində indeksasiya olunması, qərardad qanuni qüvvəsini aldığı gündən indeksasiya olunmuş alimentin tutulmasının hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu: ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(012)-1783/2022 saylı qətnaməsinin qəbul edildiyi ildə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 300 (üç yüz) manat, uşaqlar üçün yaşayış minimumunun məbləği 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Cavabdeh ərizəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 8(040)-418/2025 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(012)- 1783/2022 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilərək, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimumum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində müəyyən edilmişdir-2025-ci ildə ölkə üzrə minimum aylıq əməkhaqqının miqdarının 400 (dörd yüz) manat olduğu nəzərə alınmaqla, hazırki halda hər ay hər uşağa görə ödənilməli olan alimentin miqdarı 256 (iki yüz əlli altı) manat məbləğində müəyyən edilmişdir. Hazırki halda iddiaçının (icra icraatında borclu) aylıq qazancı və digər gəlirləri, həmçinin ikinci dərəcəli əlil olması nəzərə alınmaqla, mövcud aliment məbləği onun maddi və ailə vəziyyətinin çətinləşməsinə səbəb olur. Belə olan halda işin halları nəzərə alınmaqla, 03 oktyabr 2016-cı ildə doğulmuş X1 və 05 sentyabr 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Abşeron Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(012)-1783/2022 saylı qətnaməsi əsasında Abşeron Rayon Məhkəməsinin qəbul etdiyi 10 iyul 2025-ci il tarixli 8(012)-418/2025 saylı qərardadla maraqlı şəxs- hazırki mülki iş üzrə İddiaçı ərizəçi- hazırki mülki iş üzrə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən azaldılmalı, 03 oktyabr 2016-cı ildə doğulmuş X1 və 05 sentyabr 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 01 (bir) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. İddia qalan hissədə- bu qətnamə ilə təmin edilmiş aliment məbləğindən az olan həddə azaldılmaya dair hissədə qanunsuz və əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 03 oktyabr 2016-cı ildə doğulmuş X1 və 05 sentyabr 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Abşeron Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(012)-1783/2022 saylı qətnaməsi əsasında Abşeron Rayon Məhkəməsinin qəbul etdiyi 10 iyul 2025-ci il tarixli 8(012)-418/2025 saylı qərardadla maraqlı şəxs- hazırki mülki iş üzrə İddiaçı ərizəçi- hazırki mülki iş üzrə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən azaldılsın: hər uşağa görə tutulan aylıq alimentin miqdarı minimum aylıq əmək haqqı məbləğinin 0,64 (sıfır tam yüzdə altmış dörd) mislindən 0,5 (sıfır tam onda beş) mislinə endirilsin. 03 oktyabr 2016-cı ildə doğulmuş X1 və 05 sentyabr 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 01 (bir) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı Cavabdeh xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar