Məhkəmə qərarları › İş №2(040)-1606/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1606/2025

23.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1606/2025 23.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “uşaqların saxlanması üçün aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh uşaqları-31 may 2015-ci ildə doğulmuş X2 və 23 may 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə aralarında olan nikahları Kəlbəcər Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(040)-176/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulan vaxt birgə nikahlarından 31 may 2015-ci ildə doğulmuş X5 və 23 may 2018-ci ildə doğulmuş X4 onun himayəsində saxlanılmışdır. Həmin vaxt cavabdeh uşaqlarına maddi köməklik etdiyi üçün onun cavabdehdən aliment tələbi olmamışdır. Hazırda cavabdeh uşaqlarına maddi köməklik etmir. O, uşaqları saxlamaqda çətinlik çəkir; özü heç bir yerdə işləmir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Məhkəmədən əvvəl mediasiyaya müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı 13 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim etdiyi ərizəsində növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 13 yanvar 2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə ayrı yaşayırlar, cavabdeh uşaqların saxlanması üçün maddi köməklik göstərir, lakin o, alimentin rəsmi qaydada tutulmasını xahiş edir (bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(040)-176/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması tələbinə dair” iddiasının təmin edilməsi, iddiaçi İddiaçı ilə Cavabdeh arasında Gəncə “ASAN-xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 11 aprel 2014-cü il tarixdə 489 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 31 may 2015-ci il tarixdə doğulmuş X5 və 23 may 2018-ci il tarixdə doğulmuş X1 anaları (iddiaçı) İddiaçı yanında saxlanılmaları qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 aprel 2023cü il tarixdə verilmiş AZ-İ № 455942 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Kəlbəcər Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(040)-176/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 18 aprel 2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 18 aprel 2023-cü il tarixdə 23 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “ Salmanov”, qadına “ Salmanova” soyadları verilmişdir. İş materiallarında olan: Şəki Şəhər İcra Hakimiyyəti başçısının Çələbixan məcburi köçkünlər qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən 15 iyul 2015-ci il tarixdə verilmiş AZ-İİİ № 586179 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X6 31 may 2015-ci il tarixdə Şəki şəhərində doğulmuş, atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 may 2018-ci il tarixdə verilmiş AZ-İV № 119406 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X4 23 may 2018-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Göygöl 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 (M- 00463) tərəfindən verilmiş 27 noyabr 2025-ci il tarixli MŞG/1/2025-000414 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərcini tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu: ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 31 may 2015-ci ildə doğulmuş X2 və 23 may 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, 08 dekabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum əməkhaqqı məbləğinin 0,25 (sıfır tam yüzdə iyirmi beş) misli həddində olmaqla, iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum əməkhaqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aylıq aliment müəyyən edilməlidir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 08 dekabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. 31 may 2015-ci ildə doğulmuş X2 və 23 may 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 08 dekabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, Cavabdeh hər uşağa görə hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,25 (sıfır tam yüzdə iyirmi beş) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar