Məhkəmə qərarları › İş №2(040)-1607/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1607/2025

27.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1607/2025 27.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10 may 2022-ci ildə doğulmuş qızları X1 yetkinlik yaşına çatanadək saxlanamsı üçün hər ay 250 (iki yüz əlli) manat olmaqla sabit pul məbləğində alimentin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 31 may 2021-ci ildə qeyri-rəsmi nikahla evlənmişlər; nikahları qeyd edilməmişdir. Onların birgə nikahlarından 10 may 2022-ci ildə X2 doğulmuşdur. Cavabdeh uşağın atalığını qəbul etmişdir. Onların cavabdehlə birgə yaşamaları mümkün olmamışdır. Bu səbəbdən də, o, cavabdehdən ayrılıb atası evinə gəlmişdir. Hazırda qızı onun himayəsində yaşayır. Uşaq körpə olduğuna görə işləyə bilmir, cavabdehdən aliment almağa ehtiyacı vardır. Cavabdeh restoranda işləyir və veteran pulu alır, lakin uşaqlarının saxlanaması üçün könüllü olaraq maddi yardım etmir. Ona görə də məhkəmə qaydasında cavabdehdən hər ay sabit pul məbləğində aliment tutulub ona ödənilməlidir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 09 yanvar 2026-cı il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 27 yanvar 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 09 yanvar 2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, uşaq hazırda onun yanındadır, cavabdeh uşağın saxlanması üçün heç bir maddi köməklik göstərmir, beş aydır ki ayrılıblar. Cavabdehdən uşağın saxlanması üçün ən azı 200 (iki yüz) manat aliment tələb edir. Cavabdeh iştirak etdiyi 09 yanvar 2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, uşağa vaxtı-vaxtında baxır; veteranlığa görə 80 (səksən) manat aylıq təqaüd alır; aylıq 100-150 (yüz-yüz əlli) manat aliment verə bilər. İş materiallarında olan: Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 19 may 2022-ci il tarixdə verilmiş AZ-İV №594323 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 10 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuşdur; atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 19 may 2022-ci il tarixdə verilmiş AZ-İ №402386 nömrəli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 10 may 2022-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 19 may 2022-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: Gəncə 3 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: 00382) X3 tərəfindən verilmiş 01 noyabr 2025-ci il tarixli MŞG/MT053/2025-00265 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 10 may 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, 08 dekabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aylıq aliment müəyyən edilməlidir. İddia qalan hissədə- bu qətnamə ilə təyin edilən aliment məbləğindən artıq olan hissədə əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində aliment tələbinin hansı əsasla minimum əmək haqqının 0,5 (sıfır tam onda beş) misli həddindən artıq məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu tələblərin əsaslılığını təsdiq edən hər hansı sübutu, o cümlədən cavabdehin müvafiq gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 08 dekabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 10 may 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, 08 dekabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit məbləğdə aylıq aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar