Məhkəmə qərarları › İş №2(040)-161/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-161/2025

04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-161/2025 04.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “övladı X1 üçün aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 23 fevral 2014-cü ildə doğulmuş X9 və 14 mart 2015-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahından 16 iyul 2007-ci ildə X4 və 18 sentyabr 2008-ci ildə X7 adlı iki övladları doğulmuşdur. Cavabdehlə nikahları Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Hal-hazırda uşaqların biri onun, digəri isə cavabdehin himayəsinə verilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(040)-299/2024 saylı qətnaməsinə əsasən, 16 iyul 2007-ci ildə doğulmuş X2 onun yanında saxlanılması qət edilmişdir. Hazırda uşağa o baxır, qayğısını çəkir. Hesab edir ki, tək başına uşağın bütün xərclərində iştirak etdiyinə görə cavabdeh ona aliment ödəməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 13 yanvar 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onun maddi imkanı aşağıdır. Uşağa baxmaqda çətinlik çəkir. Cavabdeh isə uşağın anası olaraq uşağın saxlanmasına heç bir köməklik göstərmir. Hesab edir ki, cavabdeh uşağına görə aliment ödəməli, uşağın saxlanılmasına kömək etməlidir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(040)-299/2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahından 16 iyul 2007-ci ildə doğulmuş və Kəlbəcər Rayon Məhkəməsinin 01 iyul 2013-cü il tarixli 2(040)-93/2013 saylı qətnaməsi ilə anası Cavabdeh yanında saxlanmış X2 atası - İddiaçı yanında saxlanılması, Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli 2(040)-688/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə X3 münasibətdə 22 may 2024-cü il tarixdən xitam verilməsi qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli 2(040)-981/2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanması üçün təyin edilmiş və ödənilməmiş qalan aliment borcundan azad edilməsi və təyin edilmiş aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan: Göygöl 1 saylı Mediasiya təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: TQ-001) X6 tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli MŞG/1/2024-00012 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəticə olaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, cavabdehin maddi və ailə vəziyyəti, gəlirləri, əmlak vəziyyəti, həmçinin, cavabdehdən alimentin tutulması üçün əsas ola biləcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdehdən alimentin tutulması mümkünsüzdür. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar