Məhkəmə qərarları › İş №2(040)-196/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-196/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-196/2024 12.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (anası) X6, Cavabdeh nümayəndəsi (qardaşı) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 20 dekabr 2020-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə birgə nikahlarından 20 dekabr 2020-ci ildə X12 adlı bir uşaqları doğulmuşdur. Münasibətləri uyğun gəlmədiyindən Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-35/2023 saylı 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, azyaşlı övladının ananın yanında qalması müəyyən edilmişdir. Cavabdehlə ayrı yaşayırlar. O, azyaşlı övladı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdeh uşağın saxlanmasında maddi cəhətdən köməklik göstərmir. Aliment tələbi barədə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, uşağa görə hər ay 80 manat aliment ödənilməsi barədə cavabdehlə razılığa gəlmişlər. Lakin cavabdeh alimenti 1 ay ödəmiş, daha sonra ödəniş etməkdən boyun qaçırmışdır. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda isə mediasiya prosesində razılaşdırılan alimentin məbləği ilə razı deyildir. Uşaq böyüdükcə tələbatları artır. Hesab edir ki, cavabdeh uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment ödəməlidir. İddiaçı nümayəndəsi (anası) X10 12 fevral 2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh tutulacaq alimentin məbləğinin 100 (yüz) manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (anası) X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər ayrıldığı gündən cavabdeh uşağı ilə maraqlanmamış, uşağın saxlanmasında qızına heç bir maddi köməklik etməmişdir. Cavabdehdən uşağın saxlamasında maddi köməklik etməsini, uşağa görə hər ay 100 (yüz) manat aliment ödəməsini tələb edir. O, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (qardaşı) X9 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, cavabdeh övladına görə hər ay 100 (yüz) manat aliment ödəməyə razıdır (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 avqust 2022ci il tarixdə verilmiş arayışdan (doğum haqqında akt qeydindən çıxarış) görünür ki, X12 20 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası- Cavabdeh, anası-X4r. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 (M-00361) tərəfindən təsdiq edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2023-cü il tarixli barışıq sazişinin 2-ci bəndindən görünür ki, “1) tərəflər öz aralarında bağlamaq istədikləri Barışıq sazişinə əsasən 20 dekabr 2020-ci ildə doğulmuş X1 üçün uşağın atası tərəfindən hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment ödənilməsi barədə razılığa gəlmişlər”. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(040)-35/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçi X7 ilə Cavabdeh arasında Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 iyul 2020-ci il tarixdə 14 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 20 dekabr 2020-ci il tarixdə doğulmuş X8 anası (iddiaçı) X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan: Gəncə Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(125)-3757/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh X2 yanında yaşayan 20 dekabr 2020-ci il tarixdə doğulmuş X12 ilə görüşüb ünsiyyətdə olmasının təmin edilməsi, görüş vaxtının hər həftənin bazar günü və bayram günləri saat 15:00-dan saat 19:00-dək müəyyən olunması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 20 dekabr 2020-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər ay 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 15 dekabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. 20 dekabr 2020-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aylıq aliment tutularaq İddiaçı verilsin. Hazırki qətnamə üzrə alimentin tutulması 15 dekabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar