Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-198/2024 01.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə olunan vəsaitin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4500 (dörd min beş yüz) manat əsas vəsaitin, mediasiya prosesinin təşkil edilməsi üçün ödənilmiş 110 (yüz on) manat mediasiya xərcinin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun, cəmi 4675 (dörd min altı yüz yetmiş beş) manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC "xxxx" QSC-nin törəmə cəmiyyəti olmaqla, logistika sahəsində fəaliyyət göstərən bir dövlət şirkətidir. "xxxx" MMC-nin Maliyyə departamenti tərəfindən "xxxx" ASC-nin "Biznes Mərkəzi" filialına tapşırıq verilən zaman texniki səhv nəticəsində 7427,29 manat (yeddi min dörd yüz iyirmi yeddi manat-29 qəpik) məbləğində pul vəsaiti əvvəlllər "xxxx" MMC-də çalışmış və 22 noyabr 2022-ci il tarixində əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmiş köhnə işçisi Cavabdeh "xxxx" ASC-dəki kart hesabına köçürülmüşdür. Məsələ "xxxx" MMC-yə məlum olan kimi banka müraciət edilərək səhvən köçürülmüş vəsaitin geri qaytarılması tələb olunmasına baxmayaraq, müəyyən olunmuşdur ki, 7427,29 manatdan (yeddi min dörd yüz iyirmi yeddi manat-29 qəpik) vəsaitdən 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsasiti artıq cavabdeh tərəfindən bank kartından məxaric edilmişdir. Cavabdehlə əlaqə saxlanılaraq çıxarılmış vəsaitin iddiaçıya geri qaytarılmasına dair müraciət edilməsinə baxmayaraq, cavabdeh bu tələbi rədd etmişdir. Daha sonra, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq 24 oktyabr 2023-cü il tarixində cavabdehǝ mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlanmış və bunun üçün 110 (yüz on) manat məbləğində rüsum ödənilmişdir. Nəticə etibarilə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən 29 noyabr 2023-cü il tarixində mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir və bunu nəzərə alaraq Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən 29 noyabr 2023-cü il tarixli müvafiq arayış tərtib olunmuşdur. Cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh tərəfindən 05 mart 2024-cü il tarixdə özünün istifadəsində olan “Azercell” telefon nömrəsindən Kəlbəcər Rayon Məhkəməsi iclas katibinin istifadəsində olan “Azercell” telefon nömrəsinə göndərilmiş SMS- ismarıcda qeyd edilmişdir ki (ixtisarla), İddiaçı MMCyə mühəndis vəzifəsinə qəbul edilsə də, işlədiyi beş il ərzində müəssisədə gedən təmirdə onu məcbur edib fəhlə kimi işlətmişlər; o, sağ ayağından revmatizma xəstəliyi tapmışdır. İşdən azad olunanda isə ona heç bir təzminat və ödəniş olunmamışdır. İşdən azad olunduqdan bir ildən çox vaxt keçdikdən sonra onun köhnə əmək haqqı kartına 7000 (yeddi min) manata yaxın məbləğdə pul köçürmüşlər. O da bunu ayağında olan xəstəliyin qarşılığı və təzminat hesab edərək pulu kartdan çəkmiş və xərcləmişdir. O, bir ay evdə xəstə yatan vaxtda ona heç bir köməklik olunmamışdır. Məhkəmədən düzgün qərar verilməsini və İddiaçı MMC-nin direktoru barədə qanuni tədbir görülməsini xahiş edir (Həmin SMS-ismarıc tam şəkildə kağız daşıyıcıda çap olunaraq mülki iş materialarına əlavə edilmişdir-hakimin qeydi). Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: "xxxx" KB ASC-nin Biznes Mərkəzi filialı tərəfindən 12 oktyabr 2023-cü il tarixdə verilmiş UBM/1002 saylı arayışdan görünür ki, İddiaçı (VÖEN:**********) tərəfindən Cavabdeh (xxxxxxx) məxsus cari hesabı (AZ90UBAZ**********1010AZN001) üzrə 04 oktyabr 2023-cü il tarixində 7427,29 manat (yeddi min dörd yüz iyirmi yeddi manat-29 qəpik) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan: Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X4 tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli MŞC/MT020/2023-01653 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 110 (yüz on) manat xərci tam ödəmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 məxsus 11 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddianın verilməsinə görə "xxxx" MMC tərəfindən 65 (altmış beş) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh hüquqi əsas olmadan İddiaçı MMC-nin hesabına 4500 (dörd min beş yüz) manat varlanmışdır. Odur ki, iddiaçı cavabdehdən hüquqi əsas olmadan əldə etdiklərini geri qaytarmağı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara və mülki iş üzrə faktiki hallara qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat əsas borc, həmçinin, iddiaçı tərəfindən mediasiya prosesinin təşkil edilməsi üçün ödənilmiş 110 (yüz on) manat mediasiya xərci və məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun pul əvəzi, cəmi 4675 (dörd min altı yüz yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 110 (yüz on) manat mediasiya xərci və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun pul əvəzi, cəmi 4675 (dörd min altı yüz yetmiş beş) manat məbləğində pul vəsaiti alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-198/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-198/2024
01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver