Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-251/2024 07.03.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (anası) X4 və iddiaçının vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 01 iyul 2017-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat məbləğində tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə 2015-ci ildə ailə qurmuşdur. Birgə nikahdan 01 iyul 2017-ci ildə X13 adında bir övladları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli 2(040)-1185/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, nikah pozulduqdan (boşanmadan) sonra, birgə nikahdan 01 iyul 2017-ci ildə doğulmuş X10 onun yanında saxlanılması, X10 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Qətnamə qəbul edilərkən cavabdeh işləyirdi, aylıq əmək haqqı alırdı. Lakin iki ilə yaxındır ki, cavabdeh işdən çıxmışdır. Cavabdeh bundan istifadə edərək alimenti istədiyi kimi ödəyir. Ona görə cavabdehdən tutulan alimentin sabit pul məbləğində müəyyən edilməsini istəyir. Cavabdeh bir ata kimi üzərinə düşən məsuliyyəti anlamır, işləyib yaxşı pul qazanmasına baxmayaraq uşağı ilə maraqlanmır. Cavabdehdən ayda 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini xahiş edir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, övladı Fuad doğulandan 2022-ci ilin avqust ayına kimi Abşeron rayon Polis Mühafizə idarəsində polis serjantı kimi xidmət etməklə yüksək əmək haqqı almış və alimenti də yüksək məbləğdə ödəmişdir. Lakin xəstəliyi ilə əlaqədar 2022-ci ilin avqust ayında polis orqanlarından azad olunmuşdur, ona 3-cü qrup əlil təyin edilməklə aylıq 375 manat (2024-cü ilin yanvar ayından 417 manat) pensiya təyin edilmişdir. Bundan başqa, o, 29 yanvar 2023-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan da 24 oktyabr 2023-cü il tarixdə doğulmuş Aliosman adlı övladı vardır. Hazırda nə o, nə də həyat yoldaşı X11 heç yerdə işləmirlər. Onun pensiyasından başqa gəlirləri yoxdur, kirayədə qalırlar, qohumlarının köməkliyi ilə birtəhər dolanırlar. Əlilliyi ilə bağlı iş də tapa bilmir. Belə vəziyyətdə alimentin məbləğinin artırılması faktiki olaraq ailəsinin maddi cəhətdən acınacaqlı vəziyyətə salınmasına, məhrumiyyətlərə düçar olmasına gətirib çıxaracaqdır. Gələcəkdə maddi vəziyyətinin yaxşılaşacağı, habelə iş tapıb işləyəcəyi halda özü könüllü olaraq əvvəllər etdiyi kimi uşağına əlavə yardım edəcək, onun əyin baş paltarlarını və sair ehtiyaclarını ödəyəcəkdir. Mülki iş üzrə hazırlıq iclası 22 fevral 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 07 mart 20234cü il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, 22 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclaslarına gələ bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (anası) X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iştirak etdiyi 22 fevral 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, maddi imkanı aşağı olduğundan övladı X2 üçün ayda 160 (yüz altmış) manat aliment ödəyə bilər. İddianın qismən təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 19 iyul 2017-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X13 01 iyul 2017-ci il tarixdə Abşeron rayonunda doğulmuşdur, atası Cavabdeh, anası X6r. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 oktyabr 2018-ci il tarixli 2(040)-1185/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X12 arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 03 noyabr 2015-ci il tarixdə 1582 nömrə ilə qeydə alınmaqla bağlanmış nikahın pozulması, tərəflər arasında olan nikah pozulduqdan (boşanmadan) sonra, tərəflərin birgə nikahından 01 iyul 2017-ci ildə doğulmuş X10 anası cavabdeh X5 yanında saxlanılması, tərəflərin birgə nikahından 01 iyul 2017-ci ildə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin cavabdeh X5 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatının mediatoru X8 tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli MŞG/MT/032-2023-01911 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci tarixli 2(040)-1185/2018 saylı qətnaməsi ilə təyin edilmiş, 01 iyul 2017-ci ildə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və gəlirlərinin dörddə biri hissəsi miqdarında tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanması üçün əlverişli deyildir. Ona görə də uşağın mənafeyi nəzərə alınaraq alimentin miqdarının hesablanması dəyişdirilməli, sabit pul məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(040)-1185/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının və gəlirlərinin dörddə biri hissəsi miqdarında tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər ay sabit pul məbləğində 200 (iki yüz) manat müəyyən edilməlidir. İddia qalan hissədə- tələbin 200 (iki yüz) manatdan artıq olan 35 (otuz beş) manat aliment tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tələb edilən alimentin həmin məbləğdə tutulmasının əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(040)-1185/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin hesablanma qaydası dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 01 iyul 2017-ci ildə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-251/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-251/2024
07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver