Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-41/2024 15.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, Cavabdeh və nümayəndəsi (vəkil) X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “1 (bir) baş atın tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Goranboy rayonunun Börü qəsəbəsində qanunsuz saxlanılan 1 (bir) baş 3-3,5 (üç yaş-üç yaş yarım) yaşda açıq qızılı, yalmanı sarı-boz rəngli qırxılmamış madyan atının ona qaytarılması, həmçinin müqavilə haqqı üçün vəkilə ödədiyi 300 (üç yüz) manat və iddia qaldırmaq üçün mediasiya təşkilatına ödədiyi 50 (əlli) manat, cəmi 350 (üç yüz əlli) manat xərcin əvəzinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Xocalı rayonundan məcburi köçkün olmaqla Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşmış və hazırda həmin qəsəbədə yaşayır. 22 may 2022-ci il tarixdə Cavabdeh dörd nəfərlə Buzluq yaylağında ona məxsus 1 (bir) rəst (yəni bir baş-hakimin qeydi), səmənd, dişi, üç yaş yarım yaşında madyan atını görüb “bu at mənim atımdır” deyərək atı zorla özünün yaşadığı Goranboy rayonunun Qaraçinar kəndinə aparmışdır. O, cavabdehin qapısına gedib atını geri istəmiş, lakin cavabdeh onu təhqir edərək atı qaytarmamışdır ki, guya at onundur. Buna görə, o, 28 may 2022-ci il tarixdə özünə məxsus bir baş madyan atın Cavabdeh tərəfindən aparılması barədə Xocalı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, şikayəti ilə bağlı Xocalı Rayon Polis Şöbəsində onun izahatı alınmış və izahatında göstərmişdir ki, 22 may 2022-ci il tarixdə Qaraçinar kənd sakini Cavabdeh ona məxsus bir rəst (bir baş-hakimin qeydi) boz rəngli, üç yaş- üç yaş yarım yaşda qırxılmamış boğaz madyan atını Buzluq yaylağında görüb, guya bu at cavabdehin özünün atıdır kimi aparmışdır. Bundan başqa, cavabdeh tərəfindən aparılmış atının yaşının müəyyən edilməsi üçün izahatında baytar həkimin dəvət edilərək rəy verilməsini xahiş etmiş, bununla bağlı ona məxsus atının yaşının və digər xüsusi əlamətlərinin müəyyən edilməsi üçün Goranboy Rayon Heyvan Sağlamlığı və Baytarlıq İdarəsinə Xocalı Rayon Polis Şöbəsi tərəfindən sorğu verilmiş və cavabda atın üç yaş yarım yaşında olması bildirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X13 İnstitutuna sorğu verilmiş və cavabda madyan atın 3-3,5 (üç-üç tam onda beş) yaşında olması qeyd edilmişdir. Həmçinin Goranboy Rayon Heyvan Sağlamlığı və Baytarlıq İdarəsi və Xocalı Rayon Heyvan Sağlamlığı və Baytarlıq İdarəsinin rəislərinin iştirakı ilə ata yenidən baxış keçirilmiş və atın 3,5 (üç tam onda beş) yaşında olması barədə akt tərtib edilmişdir (həmin sənədləri iddia ərizəsinə əlavə edir). Göründüyü kimi, hər üç sənəddə, yəni sorğuya verilmiş cavablarda və tərtib edilmiş aktda madyan atının üç- üç tam onda beş yaşında olması qeyd edilmişdir, halbuki cavabdeh və cavabdehin anası X1 Rayon Polis Şöbəsində verdikləri izahatlarda atın iki yaş beş aylıq olmasını göstərmişlər. Əgər at onlara məxsus olsaydı, onda cavabdeh və cavabdehin anası atın yaşını onun kimi düzgün göstərməli idilər. Bu da onu sübut edir ki, at cavabdehə deyil, onun özünə məxsusdur. O, atları çox sevir. Onun təsərrüfatında həmişə at olub, həmişə at saxlamışdır, bunu hamı bilir. Xocalı Rayon İcra Hakimiyyəti başçısının Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 avqust 2022-ci il tarixli 737 nömrəli arayışından da görünür ki, “Təsərrüfatbaşına kitab”da onun adına 5 (beş) baş at qeyd olunmuşdur. Cavabdeh tərəfindən aparılmış bir baş madyan atı ona dostluq münasibətində olduğu X5 vermişdir, bu xüsusatı, o, Xocalı Rayon Polis Şöbəsinə verdiyi izahatında da təsdiq etmiş, həmin izahatı iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh tərəfindən aparılmış bir baş üç-üç tam onda beş yaşında madyan atı Xocalı Rayon Polis Şöbəsjnin əməkdaşlarının nəzarəti altında hazırda Börü qəsəbəsində qanunsuz saxlanılır. At ona məxsusdur, hesab edir ki, həmin at ona qaytarılmalıdır, vəkillə ona hüquqi yardım göstərilməsi üçün bağlanmış müqavilə üçün ödədiyi 300 (üç yüz) manat və iddia qaldırmazdan əvvəl mediasiya təşkilatına ödədiyi 50 (əlli) manat pul cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi 15 yanvar 2024-cü il tarixli məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh və nümayəndəsi iddiaçı tərəfin iştirakları olmadan işin baxılmasını tələb etmişlər. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etmiş olduğu əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddiasını müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının qeyd etdikləri tamamilə əsassız və yalandır. Belə ki, o, Goranboy rayonunun Qaraçinar kəndində faktiki yaşayır. 2021-ci ildə ona məxsus 1 (bir) baş dişi səmənd at itmiş, 2022-ci ilin may ayında həmin atı Goranboy rayonu ərazisindəki Buzluq yaylağından tapmış, həmin vaxt yaylaqda olan İddiaçı isə heç bir əsas olmadan atın özünə məxsus olduğunu bildirmiş və aralarında baş vermiş fikir ayrılığına görə Goranboy Rayon Polis Şöbəsi atı məsul saxlamaya qəbul etmiş, sonradan o eşitmişdir ki, İddiaçı artıq atı özü götürüb aparmışdır. Mübahisəli at onun özünün atıdır; həmin at özünə məxsus atın balasıdır, hazırda atın anası da, bialoji atası da durur. İddia əsassız olduğundan, rədd edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili X20 iddianın əsassız olduğunu bildirərək, rədd edilməsini xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən X7 ifadəsində göstərmişdir ki, o, 2017ci ilin yaz aylarında 7 (yeddi) baş atını gətirib saxlamaq üçün Rafiqə vermiş, 2018-ci ildə Rafiq ona madyanların balaladığını bildirmiş, o da göy madyanın balasını Rafiqə hədiyyə etmişdir. Rafiqə hədiyyə etdiyi atın gövdəsi açıq qızılı (səmənd), yalmanı sarı-boz rəngli olmuşdur. Onun öz atları hazırda da Rafiqdədir. Rafiqə hədiyyə verdiyi atın hal-hazırda beş yaşı vardır. Onun Rafiqə hədiyyə etmiş olduğu həmin ata Valeh adlı şəxs sahib çıxmaq istəyir, lakin at Rafiqə məxsusdur. Şahid qismində məhkəmə iclasında dindirilən X21 ifadəsində göstərmişdir ki, uşaqlıqdan Valehi tanıyır. Hazırda iddia edilən at Valehə məxsusdur. Valeh həmin mübahisəli atı bir yaş yarımından sonra açıb buraxmışdır. O, həmin atın anasını da, bioloji atasını görmüşdür. Həmin atın Valehə məxsus olduğuna əmindir. Şahid qismində məhkəmə iclasında dindirilən X3 ifadəsində göstərmişdir ki, Valehin qonşusudur. Hazırda iddia edilən atı görmüşdür, həmin mübahisəli at Valehə məxsusdur. Şahid qismində məhkəmə iclasında dindirilən X14 ifadəsində göstərmişdir ki, Valehin uzaq qohumudur. Hazırda iddia edilən atı yeni doğulan vaxtından itən vaxtına qədər görmüşdür. Valeh həmin atı yaylağa aparmış və at itmişdir. At polis şöbəsinə saxlanca veriləndə Valehlə o da getmişdir. Həmin mübahisəli at 2020-ci ildən Valehdədir və Valehin atıdır. Şahid qismində məhkəmə iclasında dindirilən X6 ifadəsində göstərmişdir ki, Valehin həm əmisi, həm də qonşusudur. Hazırda iddia edilən at Valehə məxsusdur. Həmin atın alnında çapıq olmuşdur. Həmin atın Valehə məxsus olduğunu təsdiq edir. İş materiallarında olan: Xocalı Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş 15 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından və tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş, İddiaçı qeyd edilən atın sahibinin müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq X12 direktoru tərəfindən Xocalı Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 03 iyun 2022-ci il tarixli məktubun surətindən görünür ki, Heyvandarlıq X12 mütəxəssisi X10 tərəfindən 1 (bir) baş ata baxış keçirilmiş, baxış nəticəsində atın maydan olmaqla 3- 3,5 yaşda, boğaz, rəngi açıq qızılı, yalmanı sarı-boz (qırxılmamış) rəngdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəlləsi”): -135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. -135.3-cü maddəsinə əsasən, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -181.1-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. -181.2-ci maddəsinə əsasən, əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı iddia tələbində qeyd etdiyi 1 (bir) baş üç-üç yarım yaşda, açıq qızılı, yalmanı sarı-boz rəngli madyan atın ona məxsus olduğunu və cavabdeh tərəfindən ona qaytarılmadığını bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim etməmiş, cavabdeh tərəfindən də iddia qəbul edilməmişdir. İddiaçının əsas tələbi əsaslı olmadığından, əsas tələblə bağlı digər tələbləri də hazırki halda əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “Goranboy rayonunun Börü qəsəbəsində qanunsuz saxlanılan 1 (bir) baş üç- üç yarım yaşda açıq qızılı, yalmanı sarı-boz rəngli madyan atının ona qaytarılması, müqavilə haqqı üçün vəkilə ödədiyi 300 (üç yüz) manat və iddia qaldırmaq üçün mediasiya təşkilatına ödədiyi 50 (əlli) manat, cəmi 350 (üç yüz əlli) manat pulun cavabdehdən tutularaq ona verilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-41/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-41/2024
15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver