Məhkəmə qərarları › İş №2(040)-43/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-43/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-43/2024 24.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ona məxsus nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonunun işğalından sonra müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşmış, hazırda ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır. 1991-ci ildə Kəlbəcər rayonunda fəaliyyət göstərən Ət və X6 “Kamaz” markalı 20-43-AQX (hazırda **-AC-*** dövlət qeydiyyat nişanlı) nömrəli nəqliyyat vasitəsinin sürücüsü işləmişdir. 1993-cü ildə Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunan zaman, o, bütün mal-mülkünü orada qoyub ailə üzvləri, həmçinin 52 nəfər qoca, uşaq, yaşlı qadın və digər köməyə ehtiyacı olan insanları xilas etmiş və məcburi qaydada Kəlbəcər rayonunu tərk etmişdir. 1993-cü ildə Mingəçevir şəhərində məskunlaşdıqdan sonra X1 ərazisində Kəlbəcər Ət və X7 nəzdində olan, saxta kağız üzərində rəsmiləşdirilən “X2”ndə məcburən sürücülük fəaliyyətini davam etdirmişdir. 1993cü ildən 2015-ci ilə kimi həmin “Kamaz”ı idarə etmiş, 2015-ci ildə Mingəçevir Şəhər Ət Kombinatı həmin “Kamaz”ı hədə-qorxu ilə ondan məcburi qaydada almış və tamamilə ayrı-ayrı insanlara idarə etməyə vermişlər. Bir müddət sonra avtomobil Mingəçevir Şəhər Ət Kombinatının ərazisində istifadəsiz vəziyyətdə qalmışdır. 2023-cü ilin may ayında mübahisəli nəqliyyat vasitəsi X1 həyətindən çıxarılıb Mingəçevir 5 nömrəli Dəmir-Beton Zavodunun həyətinə gətirilmişdir. Həmin vaxt sözügedən “Kamaz” Abbasov Rauf və Cavabdeh adlı şəxslər arasında qanunsuz olaraq pul müqabilində alınıb satılmışdır. O, 1991-ci ildən özünə məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etmişdir, lakin X1 və indi də Cavabdeh qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən məhrum olmuşdur. O və ailə üzvləri daim Vətənə sədaqət, qayda və qanunlara riayət etmələri ilə, cəmiyyətdə normal-adekvat davranışları ilə seçilmişlər. Mülki iş üzrə hazırlıq iclası 11 oktyabr 2023-cü il tarixə təyin edilmiş və 14 noyabr 2023-cü il tarixə təxirə slınmış, məhkəmə baxışı iclası 14 dekabr 2023-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 24 yanvar 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin hazırlıq iclasında **-AC-*** dövlət qeydiyyat nişanlı “Kamaz-53212” markalı nəqliyyat vasitəsinin sahibi olaraq 01 iyun 2000-ci il tarixdə qeydiyyata alınmış “Kəlbəcər Ət və X11” mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı 24 yanvar 2024-cü il tarixli məhkəmə iclasına gəlməmişdir. O, 23 yanvar 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək, ona hüquqi yardım göstərilməsi və məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etdiyini, odur ki, növbəti məhkəmə iclasında vəkillə təmsil olunmaq üçün 24 yanvar 2024-cü il tarixli məhkəmə baxışı iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini məhkəmənin vaxtının lüzumsuz yerə uzadılması kimi qiymətləndirərək qəbul etməmiş və iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Bundan başqa, özünü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Kəlbəcər Ət və X11”nun rəhbər vəzifəli şəxsi və qanuni təmsilçisi kimi təqdim edən X4 bu barədə müvafiq sənəd təqdim etmədiyindən, “Kəlbəcər Ət və X11”nu məhkəmədə təmsil edə bilməmişdir (Məhkəmə Əlif Abbasovu şahid qismində dindirmişdir). Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia edilən “Kamaz-53212” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı yük avtomobili Kəlbəcər Ət və X10 məxsusdur, həmin müəssisənin də rəhbəri X3r. O, həmin nəqliyyat vasitəsini bir ildən çoxdur ki, Kəlbəcər Ət və X5 götürüb istifadə edir. Nəqliyyat vasitəsi iddiaçıya məxsus olmadığına və iddiaçının həmin mübahisəli nəqliyyat vasitəsinə subyektiv hüququ yaranmadığına görə, iddia əsassızdır. İddianın rədd edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən X4 ifadəsində göstərmişdir ki, o, uzun illər (sovetlər dövründən) X1 direktoru olmuş, eyni zamanda “Kəlbəcər Ət və X11” da 1993-cü ildə Kəlbəcərdən çıxarılıb X1 ərazisində yerləşdirildikdən sonra “Kəlbəcər Ət və X11”na da hal-hazıradək o rəhbərlik edir. İddia edilən “Kamaz-53212” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı yük avtomobili nə İddiaçı, nə də ki Cavabdeh məxsus deyildir. “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Kəlbəcər Ət və X10 məxsusdur. Kəlbəcər Ət və X11 hal-hazırda istehsal fəaliyyəti göstərməsə də, hüquqi olaraq mövcuddur. İddiaçı iştirak etmiş olduğu əvvəlki məhkəmə iclasında iddiasını müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin Yevlax regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən 01 iyun 2000-ci il tarixdə verilmiş AA № 286485 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin fotosurətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması müəyyən edilmişdir-hakimin qeydi) görünür ki, “Kamaz-53212” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Kəlbəcər Ət və X8. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kəlbəcər Rayon Polis Şöbəsinin məhkəməyə göndərdiyi 21 oktyabr 2023-cü il tarixli 3-13-85/2- 10351 nömrəli cavab məktubundan və məktuba əlavə edilmiş sənəddən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin mərkəzləşdirilmiş informasiya sistemində olan məlumata əsasən, “Kamaz 53212” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı avtomobil Kəlbəcər Ət və X7 adına 01 iyun 2000-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin avtomobilə dair “20-43 AQX” dövlət qeydiyyat nişanı ilə əvvəlki mənsubiyyəti barədə mərkəzləşdirilmiş informasiya sistemində məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: Konstitusiya) 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsində bəyan edilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 72-сi maddəsinin 1-ci və 2-ci hissələrində bəyan edilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasi Qanunun 27-ci maddəsinin birinci (İ) hissəsinin müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.3-cü bəndinin müddəalarından görünür ki, nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan, rədd edilməlidir. Belə ki, İddiaçı iddianın predmeti olan “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ona məxsus olmasını və iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh alınıb ona verilməsinə dair” iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar