Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-451/2025 21.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhəçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında uşaqların saxlanması üçün təyin edilmiş aliment öhdəliyinin 4080 manat hissəsinin ödənilməsindən azad edilmə tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin himayəsində yaşayan övladları- 28 avqust 2019-cu ildə doğulmuş X2 və 07 aprel 2022-ci ildə ildə doğulmuş X3 20 dekabr 2024-cü il tarixədək onun himayəsində olduqlarından, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(021)-1003/2024 saylı qətnaməsi ilə 2024-cü ilin yanvar ayından 2024-cü ilin dekabr ayınadək olan müddət üzrə hesablanmış 4080 (dörd min səksən) manat aliment öhdəliyindən azad edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş arvadıdır və aralarındakı nikah Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(021)-1003/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahından 28 avqust 2019-cu ildə doğulmuş X2 və 07 aprel 2022-ci ildə doğulmuş X3 anaları Cavabdeh yanında saxlanılmaqla onların yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment kəsilmişdir. Onların nikahları pozulduqdan sonra 20 dekabr 2024-cü il tarixədək hər iki uşaq onun himayəsində qalmış, uşaqların tələbatlarını, gündəlik xərclərini o ödəmişdir. Buna baxmayaraq, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(021)-1003/2024 saylı qətnaməsi ilə aliment ondan 29 yanvar 2024-cü il tarixdən tutulmuşdur. O, məktəbdə işləməklə əmək haqqı alır; aliment onun əmək haqqına münasibətdə təyin edilməlidir. Uşaqların saxlanılması üçün təyin edilmiş aliment 29 yanvardan hesablanmışdır, bu da onun onsuz da çətin olan maddi vəziyyətini ağırlaşdırmışdır. Uşaqların həmin müddətdə onun himayəsində olmasını təsdiq edən kifayət qədər sübut və dəlili vardır. Onun barəsində inzibati həbs təyin edilərsə, o, işini itirə bilər və bununla da uşaqlara gələcəkdə ödəməli olduğu alimenti ödəyə bilməyəcəkdir. Həmin müddətdə uşaqların faktiki olaraq onun himayəsində yaşamasına baxmayaraq, ona aliment borcu olaraq 4080 (dörd min səksən) manat hesablanmışdır. O, hesab edir ki, bu aliment borcu məhkəmə qətnaməsi əsasında ləğv edilməlidir. İş üzrə məhkəmənin hazırlıq iclası 01 aprel 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı təxirə salınaraq 22 aprel 2025-ci il tarixdə, məhkəmə baxışı iclası isə 21 may 2025-ci il tarixlərdə keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı 20 may 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək, üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(021)-1003/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 29 noyabr 2018-ci ildə 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində 1129 nömrə ilə qeydə alınmış rəsmi nikahın pozulması, tərəflərin birgə nikahından 28 avqust 2019-cu ildə doğulmuş X2 və 07 aprel 2022-ci ildə doğulmuş X1 iddiaçı Cavabdeh yanında saxlanılmaları, 28 avqust 2019-cu ildə doğulmuş X2 və 07 aprel 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa 170 (yüz yütmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə verilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 29 yanvar 2024-cü il tarixdən müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 11 mart 2025-ci il tarixli 2(104)-665/2025 saylı qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(021)-1003/2024 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(021)-1003/2024 saylı qətnaməsinin 28 avqust 2019-cu ildə doğulmuş X2 və 07 aprel 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə verilməsi hissəsində dəyişdirilməsi, 28 avqust 2019-cu ildə doğulmuş X2 və 07 aprel 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda bunu etməmiş, məhkəməyə iddianın əsaslılığını təsdiq edən mötəbər sübut təqdim etməmiş, məhkəməyə təqdim etdiyi sənədlər-ödəniş qəbzlərin fotosurətləri isə təsdiqlənməmiş fotosurətlər olmaqla Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Məhkəmə iddiaçının məhkəməyə ödəniş qəbzləri kimi təqdim etdiyi təsdiqlənməmiş fotosurətləri sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir; əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-451/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-451/2025
21.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver