Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-534/2024 14.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 04 oktyabr 2023-cü ildə doğulmuş X1 üçün cavabdehin qazancının və (və ya) digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və X3 1 yaşına çatana kimi anaya əlavə olaraq hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 29 may 2022-ci il tarixdə el adəti ilə ailə qurmuşdur. Nikahlarını isə rəsmi olaraq qeydiyyata aldırmamışlar. Birgə qeyri-rəsmi nikahlarından 04 oktyabr 2023-cü ildə X5 adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə aralarında yaranan narazılığa görə ayrılmışlar. Hazırda atası evində yaşayır, uşaq onun himayəsindədir. Cavabdeh uşağın saxlanmasında maddi cəhətdən köməklik göstərmir. O, özü heç yerdə işləmir. Uşağının və onun yaşaması üçün valideynləri köməklik göstərir. Cavabdeh dövlət idarəsində işləyir və 1000 (min) manata qədər rəsmi əmək haqqı alır. Bundan başqa, cavabdehin digər gəlir növləri də vardır, lakin onları rəsmi olaraq məhkəmənin nəzərinə çatdıra bilmir. Cavabdehin aylıq gəlirləri kifayət qədər olsa da uşağının yaşaması üçün köməklik etməkdən boyun qaçırır. Məhkəmədən qabaq aliment tələbi barədə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin mediator mediasiya prosesində onun hüquqi savadsızlığından istifadə edərək ona prosesi düzgün izah etmədən sənədə imza etdirmişdir. O, Gəncə şəhər Vəkillər bürosuna müraciət edən zaman ona izah olunmuşdur ki, o, mediasiya prosesində övladı Zəhranın saxlanılması üçün hər ay 170 manat alimentin könüllü olaraq ödənilməsinə razılıq vermişdir. Halbuki, mediator ona mediasiya prosesi zamanı belə bir şərtləri düzgün istiqamətdə izah etsəydi o, razılaşmazdı. Çünki, onun bildiyinə görə 1 uşaq üçün kəsilən alimentin miqdarı 2024-cü il üçün 235 manat təşkil edir. Bundan başqa cavabdehdən tutulan alimentin miqdarı bir uşağa görə cavabdehin qazancının, yaxud da gəlirlərinin dörddə bir hissəsi miqdarında kəsilir. Ona görə mediasiya təşkilatına müraciət etmişdir ki, cavabdehin əmək haqqının 1000 manata qədər olduğuna görə onun əmək haqqı və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında kəsilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etsin. Hesab edir ki, Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən bağlanmış 18 mart 2024-cü il tarixli barışıq sazişi onun iradəsini ifadə etmədiyinə görə qanunsuzdur. Hesab edir ki, qızı Zəhra Məmmədzadə südəmər olduğuna görə Cavabdeh tutulacaq alimentdən başqa da uşağın 1 yaşına çatana kimi anaya yəni, ona əlavə olaraq hər ay 200 manat sabit pul məbləğində aliment ödənilməsini də istəyir. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda isə mediasiya prosesində razılaşdırılan alimentin məbləği ilə razı deyildir. Uşaq böyüdükcə tələbatları artır. Hesab edir ki, cavabdeh uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment ödəməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh uşağın saxlanmasında maddi cəhətdən köməklik göstərmir. O, özü heç yerdə işləmir. Uşağının və onun yaşaması üçün valideynləri köməklik göstərir. Cavabdeh dövlət idarəsində işləyir və 1000 (min) manata qədər rəsmi əmək haqqı alır. Bundan başqa, cavabdehin digər gəlir növləri də vardır, lakin onları rəsmi olaraq məhkəmənin nəzərinə çatdıra bilmir. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda isə mediasiya prosesində razılaşdırılan alimentin məbləği ilə razı deyildir. Uşaq böyüdükcə tələbatları artır. Cavabdehdən uşağın saxlamasında maddi köməklik etməsini, cavabdehin qazancının və (və ya) digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və X3 1 yaşına çatana kimi anaya əlavə olaraq hər ay 200 manat sabit pul məbləğində alimentin ödənilməsini tələb edir. O, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 29 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, övladına görə hər ay 170 (yüz yetmiş) manat aliment ödəyir və həmin məbləğdə alimenti ödəməyə razıdır. İş materiallarında olan: 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası- Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X6 (M-00382) tərəfindən təsdiq edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 mart 2024-cü il tarixli barışıq sazişinin 2-ci bəndindən görünür ki, “1) tərəflər öz aralarında bağlamaq istədikləri Barışıq sazişinə əsasən 04 oktyabr 2023-cü ildə doğulmuş X1 üçün uşağın atası tərəfindən hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment ödənilməsi barədə razılığa gəlmişlər”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 04 oktyabr 2023-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Bununla da, tərəflər arasında mediasiya prosesində - Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 iştirakı ilə 18 mart 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin “X2 üçün Cavabdeh tərəfindən İddiaçı xeyrinə aylıq 170 (yüz yetmiş) manat aliment ödənilməsi” ilə bağlı müddəalar ləğv edilməlidir. İddia qalan hissədə- uşağın üç yaşına çatanadək saxlanması üçün anaya əlavə olaraq alıq 200 (iki yüz) manat aliment tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı öz tələbini həmin hissədə əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 02 aprel 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 04 oktyabr 2023-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Hazırki qətnamə üzrə alimentin tutulması 02 aprel 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia təmin edilməsin. Tərəflər arasında mediasiya prosesində - Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 iştirakı ilə 18 mart 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin “X2 üçün Cavabdeh tərəfindən İddiaçı xeyrinə aylıq 170 (yüz yetmiş) manat aliment ödənilməsi” ilə bağlı müddəalar ləğv edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-534/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-534/2024
14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver