Məhkəmə qərarları › İş №2(040)-542/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-542/2023

08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-542/2023 08.06.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 04 dekabr 2022-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 40 (qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2012-ci ildə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 04 dekabr 2022-ci ildə X6 adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə bir neçə ay mehriban şəkildə ər-arvad kimi bir yerdə yaşamış, birgə təsərrüfatı idarə etmişlər. Lakin son vaxtlar cavabdeh ailəsinə və uşağına qarşı laqeyd olmuşdur, uzun müddətdir ki, onlarla birlikdə yaşamır, ailəsinə bir manat da olsun köməklik etmir. O, uşağına təkbaşına baxmalı olmuşdur. Ona görə də himayəsində olan uşağın saxlanması üçün cavabdehdən aliment tələb edir. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə 2012-ci ildə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 22 dekabr 2012-ci il tarixdə X7 adında bir uşaqları olmuşdur. 2016-cı ildə onların arasında narazılıq olduğundan ayrı yaşamağa başlamışlar və o, övladı Sənanın saxlanması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Göygöl Rayon Məhkəməsinin 10 may 2016-cı il tarixli 2(066)-939/2016 saylı qətnaməsi ilə X1 üçün Cavabdeh hər ay 70 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bir müddət keçdikdən sonra onlar yenidən barışaraq birlikdə yaşamağa başlamışlar. 04 dekabr 2022-ci il tarixdə onların X6 adında ikinci uşaqları doğulmuşdur. Lakin bir müddət keçdikdən sonra yenidən münasibətləri korlanmış və ayrılmışlar. Cavabdeh ayrıldıqları müddət ərzində uşağına və ailəsinə köməklik etməmişdir. Cavabdehdən alimentin tutulması ilə bağlı mediasiyaya müraciət etmiş, mediasiya prosesində övladı Fəqanın saxlanması üçün 40 manat alimentin ödənilməsi ilə bağlı razılığa gəlmişlər və bu barədə 04 aprel 2023-cü il tarixli barışıq sazişi bağlamışlar. Lakin barışıq sazişi bağladıqdan sonra cavabdeh alimenti ödəməkdən imtina etmiş və ona aliment ödəməyəcəyini bildirmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, 04 dekabr 2022-ci il tarixdə doğulmuş X2 üçün cavabdehdən aylıq 40 (qırx) manat aliment tələb edir. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, 04 dekabr 2022-ci il tarixdə doğulmuş X2 üçün iddiaçıya aylıq 40 (qırx) manat aliment ödəməyə razıdır (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 2 saylı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 30 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İV № 798955 saylı doğum haqqında şəhadətnamənin fotosurətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş,əsli ilə düz olması müəyyən edilmişdir-hakimin qeydi) görünür ki, X6 04 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00185) X8 tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli MŞG/MT007/2023-01271 nömrəli “barışıq sazişi”ndən görünür ki, İddiaçı ilə Salmanov X3 Fəqan Qorxmaz oğlu üçün 40 manat aliment pulunun məhkəmə qaydasında müəyyən olunmasına və uşağın ananın himayəsində saxlanmasına öz aralarında razılığa gəlmişlər. İş materiallarında olan: Göygöl Rayon Məhkəməsinin 10 may 2016-cı il tarixli 2(066)- 939/2016 saylı qətnaməsinin surətindən görünür ki, 22 dekabr 2012-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit məbləğdə 70 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, cavabdehin iddianı qəbul etməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 04 dekabr 2022-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər ay 40 (qırx) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 10 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.Buna görə də alimentin tutulma müddəti həmin tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hazırki iş üzrə tərəflərin dövlət rüsumunu ödəməkdən azad edildiyini (“Dövlət rüsumu haqqında”A.R. Qanununun 9.1.20 maddəsi), bununla belə, iddiaçı tərəfindən 50 manat mediasiya xərcinin tam ödənilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 -cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. 04 dekabr 2022-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 40 (qırx) manat sabit pul məbləğində aylıq aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına görə ödənilmiş 50 (əlli) manat xərcin 25 (iyirmi beş) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Hazırki qətnamə üzrə alimentin tutulması 10 aprel 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar