Məhkəmə qərarları › İş №2(040)-566/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-566/2024

27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-566/2024 27.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin razılığı olmadan uşağın onunla birlikdə ölkədən getməsinə icazə verilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahından 23 oktyabr 2014-cü ildə doğulmuş X1 Cavabdeh razılığı olmadan istənilən anda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2013-cü ildə ailə qurmuş, birgə nikahdan 23 oktyabr 2014-cü ildə X3 adlı bir övladı doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli 2(040)-638/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikahın pozulması, nikah pozulduqdan (boşanmadan) sonra, birgə nikahdan 23 oktyabr 2014-cü ildə doğulmuş X1 onun (ananın) yanında saxlanılması qət edilmişdir. Həmin vaxtdan yetkinlik yaşına çatmayan, 23 oktyabr 2014-cü il təvəllüdlü X3 onun (anasının) himayəsində saxlanılır. Cavabdeh heç vaxt uşağın təlim-tərbiyəsində iştirak etməmiş, onların zəruri ehtiyaclarının ödənilməsi üçün alimenti belə vaxtı-vaxtında ödəmir; nikah pozulandan bəri cavabdeh onlarla heç bir əlaqə saxlamamışdır. Yetkinlik yaşına çatmayan övladının mənəvi inkişafı üçün onların xarici ölkəyə səyahət etmək zərurəti yaranmışdır. Bununla bağlı cavabdehdən notarial qaydada yazılı razılıq əldə etmək istəsə də, cavabdeh onlarla heç bir əlaqə saxlamadığı və cavabdehin yeri ona bəlli olmadığına görə belə razılığın əldə edilməsi mümkün olmamışdır. Buna görə də uşağın mənafeyi naminə cavabdehin razılığı olmadan onların ölkə sərhədlərini keçməsinə icazə verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 17 may 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı onun bir ata kimi uşaqla maraqlanmadığını bildirsə də, 2019-cu ilin dekabr ayından bugünədək iddiaçının özü məhkəmə qətnamələrini heçə sayaraq uşağın nəinki qohumları, hətta onun özü ilə görüşməsinə imkan verməmişdir. Uşaqla görüş barədə iki qətnamə çıxarılmışdır, təəssüf ki, həmin qətnamələr kağız üzərində icrasız qalmışdır. 2019-cu ildən əvvəl uşaqla aradabir görüşən zaman ata kimi imkanı daxilində uşağın lazım olan bütün ehtiyaclarını qarşılamış, uşaqla görüşmək üçün aldığı paltarları, velosipedi, mini elektrikli maşını və digər oyuncaqların hamısını iddiaçı yığıb onlara qaytararaq bildirmişdir ki, “sənin heç nəyin lazım deyil, uşaqla da görüşmə”. Hal-hazırda görüşmədiyi, ona qarşı nifrətlə böyüdülən uşağa necə kömək edə bilər? Beş yaşlı uşağı tərbiyəsiz, deyilməsi nəinki qadına, heç kişiyə yaraşmayan söyüşlərlə video çəkdirib qohumlarına, ona göndərməsi ancaq ruhi xəstə adamlara xas ola bilər. İddiaçının uşağa daimi təzyiq göstərərək onu döyməsi göndərdiyi videoda öz əksini tapır. Birgə yaşadıqları dörd-beş ay ərzində onun fiziki sağlamlığına dəfələrlə zərər yetirən, uşağına işgəncə verən adama etibar etmək olarmı ki, istədiyi vaxt uşağı xaricə aparsın? Hələ xaricə getmə səbəbi də məlum deyildir. İddiaçının öz anası ilə bir neçə dəfə xaricdə olması, dərman mafiyası ilə birgə çalışması onu və uşağının gələcəyini narahat etməyə bilməz. O, uşağının alimentini vaxtı-vaxtında ödəmişdir. İddiaçının ana kimi uşağına işgəncə verməsi, uşağı ilə bu cür münasibəti faciədir, hətta cinayətdir. Təqdim etdiyi sübutların diqqətlə araşdırılmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə ayrıldıqdan sonra cavabdeh uşağı ilə maraqlanmamışdır, onun təlim tərbiyəsində iştirak etməmişdir. Övladının müalicəyə ehtiyacı vardır-uşaq allergiya xəstəliyindən əziyyət çəkir, həmçinin uşaqla birlikdə istirahət etmək üçün xaricə getmək istəyirlər. Xarici ölkəyə səfər etməkdə məqsədi uşağın istirahəti və dünyagörüşünün artırılmasıdır. Onların xaricə səfəri müvəqqəti xarakter daşıyır, uşağın təhsilinə mane olmur, təhsilindən yayınmasına səbəb olmur. O, övladının cavabdehlə görüşməsinə etiraz etmir. Cavabdeh isə uşağın ölkədən çıxarılmasına icazə verməkdən imtina edir. Bütün bunlara görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (atası) Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, uşağın heç bir xəstəliyi yoxdur. Uşağın ölkə xaricinə getməsinə razı deyildir. İddia tələbi əsassızdır. İddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 noyabr 2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 23 oktyabr 2014-cü ildə Gəncə şəhərində doğulmuşdur, atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 iyul 2015-ci il tarixli 2(040)-638/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 19 oktyabr 2013-cü il tarixdə 976 nömrə ilə qeydə alınmaqla bağlanmış nikahın pozulması, tərəflər arasında olan nikah pozulduqdan (boşanmadan) sonra, tərəflərin birgə nikahından 23 oktyabr 2014cü il tarixdə doğulmuş X1 anası - İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından 23 oktyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 110,0 (yüz on) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 dekabr 2019-cu il tarixli 2(040)-983/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli 2(040)-1456/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş, iddiaçı Cavabdeh 23 oktyabr 2014-cü ildə doğulmuş X3 ilə görüş (ünsiyyət) müddətinin artırılması, iddiaçı Cavabdeh 23 oktyabr 2014-cü ildə doğulmuş X3 ilə hər ayın birinci, ikinci və üçüncü həftələrinin bazar günü saat 11:00-dan 17:00-dək, dördüncü həftəsinin bazar günü isə saat 11:00-dan 19:00dək görüş (sərbəst ünsiyyətdə olmaq) hüququnun müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli 00581 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərci ödəmişdir. İddiaçının izahatından görünür ki, iddiaçının planlaşdırdığı xarici səfər(lər) turizm məqsədi daşıyır. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 2-ci hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1.1-ci maddəsinə əsasən, turizm– fiziki şəxslərin getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, mədəni, tarixi və təbii irslə tanışlıq, sağlamlıq, bərpa və digər məqsədlərlə daimi yaşadığı ölkənin (yerin) hüdudlarından kənara müvəqqəti səyahətidir. -1.1.2-ci maddəsinə əsasən, turist– turizm məqsədilə səyahət etdiyi ölkədə (yerdə) 90 günədək müvəqqəti olan fiziki şəxsdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur; yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur; həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -59.1-ci maddəsinə əsasən, valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. -60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. -60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. -61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, iştirakçı dövlətlər uşağın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna hörmət bəsləyirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 24 dekabr 2021-ci il tarixli 13 saylı qərarının nəticə hissəsinin: -7.9-cu bəndində qeyd edilir ki, qanunvericilikdə bu kateqoriya işlər üzrə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsini və yaxud müvafiq rəyinin alınmasını tələb edən hər hansı imperativ norma mövcud deyildir. Belə ki, Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, uşaqların yalnız tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Qanunvericilikdə buna dair hər hansı tələbin olmadığı halda, işə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsi və yaxud onların müvafiq rəyinin alınması, xüsusiyyətinə görə əslində daha çevik yanaşmanı tələb edən bu kateqoriya işlərin baxılması müddətlərinin lüzumsuz olaraq uzadılması ilə nəticələnir. -7.11-ci bəndində qeyd edilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, uşaqla onun valideynləri arasında elə bir bağlılıq əlaqəsi mövcuddur ki, hətta onun valideynləri daha birgə yaşamasalar belə və ya münasibətlərinə son qoysalar belə, həmin əlaqə "ailə həyatı" təşkil edir (Berrehab Niderlanda qarşı, § 21). Valideynlə uşağın birlikdə olmaq hüququndan istifadə etmələri “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Avropa Konvensiyası) 8-ci maddəsində nəzərdə tutulmuş "ailə həyatı"nın fundamental elementini təşkil edir (valideynlər arasında əlaqələr qırılmış olsa belə) və daxili qanunvericilikdə bu hüquqdan istifadəyə maneə yaradan tədbirlərin nəzərdə tutulması Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunan hüquqa müdaxiləyə bərabərdir (Monori Rumıniya və Macarıstana qarşı, § 70; Kutsner Almaniyaya qarşı, § 58; Elsholts Almaniyaya qarşı [BP], § 43; K. və T. Finlandiyaya qarşı [BP], § 151). Bununla yanaşı, Avropa Məhkəməsi bildirir ki, Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına zərər verə biləcək addımlar atmaq hüququna malik deyil (Elsholts Almaniyaya qarşı [BP], § 50). Bu sahədə həlledici məsələ dövlətin ona verilən qiymətləndirmə sərbəstliyinin hüdudları çərçivəsində əks maraqlar (uşağın və iki valideynin maraqları ilə ictimai asayişin qorunması maraqları) arasında ədalətli balansa riayət edib-etmədiyini müəyyənləşdirməkdir (Momusso və Vaşinqton Fransaya qarşı, § 62), lakin onu da yadda saxlamaq lazımdır ki, uşağın üstün maraqları birinci növbədə nəzərə alınmalıdır. Bununla belə, valideynlərin maraqları da, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir (X. Latviyaya qarşı [BP], § 95; Kutsner Almaniyaya qarşı, § 58). - 7.13-cü bəndində qeyd edilir ki, cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olduğu halda, məhkəmələr uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddianın təmin edilməsi qənaətinə gəldikdə, qətnamədə iddiaçı tərəfin üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsini qoymalıdırlar. Belə ki, həmin məlumatın verilməsi icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 18.1.2-ci maddəsinə əsasən ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı olan icra sənədi üzrə icraatın borclunun üzürlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduğu müddətdə, yəni səfər müddətində dayandırılması üçün əsas təşkil edəcəkdir. -7.17-ci bəndində qeyd edilir ki, uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. -7.18-ci bəndində qeyd edilir ki, bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. -7.23-cü bəndində qeyd edilir ki, məhkəmələrə izah edilir ki, qətnamənin nəticə hissəsində iddia tələbində göstərilməyən, icazəni formal edən qanunla nəzərdə tutulmayan məhdudlaşdırıcı şərtlərin qeyd edilməsindən çəkinilməlidir. -7.26-cı bəndində qeyd edilir ki, məhkəmələrə izah edilir ki, uşağın ölkədən çıxmasına icazənin verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu, uşağın mənafeyinə zidd olan, yəni uşağın silahlı münaqişə bölgəsində, təbii fəlakət zonasında, kütləvi epidemiya zonasında yerləşən ölkəyə, habelə uşağın ölkədən çıxarılmasının onun həyat və sağlamlığına və digər mənafelərinə açıq - aşkar təhlükə yaradacağı digər hallarda, buna etiraz edən valideyn öz seçiminə görə uşağın onun himayəsinə verilməsi və yaxud daha əvvəl məhkəmə qaydasında verilmiş icazənin yeni əsaslarla ləğv edilməsi tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. O da qeyd edilməlidir ki, bu iddialara baxılarkən icazənin ləğv edilməsinə dair yuxarıda sadalanan əsaslara dair ilkin sübutların olduğu hallarda mübahisəyə baxılıb yekunlaşanadək, iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbiri qismində uşağın ölkədən çıxışı qadağan edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarına və şərh olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçının, cavabdehin razılığı olmadan övladını ölkə hüdudlarından kənara çıxarması hazırki halda qanunvericiliyə, həmçinin uşağın maraq və mənafeyinə tam uyğundur, bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya uşağı ilə il ərzində səfərlərin sayı məhdudlaşdırılmadan Azərbaycan Respublikası ərazisindən çıxarılmasına icazə verilməlidir. İddiaçıya izah edilir ki, Cavabdeh övladı X4 ilə ünsiyyətdə olmasını təmin edən məhkəmə aktı-Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 dekabr 2019-cu il tarixli 2(040)-983/2019 saylı qətnaməsi mövcud olduğuna görə, İddiaçı tərəfindən səfərdən öncə səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna yazılı məlumatın verilməsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 23 oktyabr 2014-cü ildə doğulmuş X1 atası (cavabdeh) Cavabdeh razılığı olmadan anası (iddiaçı) İddiaçı ilə birlikdə ölkədən getməsinə icazə verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar