Məhkəmə qərarları › İş №2(040)-619/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-619/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-619/2024 24.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 18 avqust 2011-ci ildə doğulmuş X3 və 06 dekabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, iki uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 24 may 2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 18 avqust 2011-ci ildə X3 və 06 dekabr 2014-cü ildə X5 adlı iki uşaqları doğulmuşdur. Əvvəllər ailə münasibətləri normal olmuşdur. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Cavabdehlə ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə onun himayəsindədir. Cavabdeh uşaqların saxlanmasında maddi cəhətdən köməklik göstərmir. Uşaqlar böyüdükcə tələbatları artır. O isə təkbaşına uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh fərdi əməklə məşğul olur, yaxşı qazancı vardır. İddiaçı nümayəndəsi (anası) Nümayəndə 22 may 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehdən hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi (anası) Nümayəndə 22 may 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasına gələ bilməyəcəyindən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh 22 may 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (anası) Nümayəndə iştirak etdiyi 22 may 2024-cü il tarixli məhkəmə hazırlqı iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh uşaqların saxlanmasında Gülnara heç bir maddi köməklik etmir. Cavabdehdən uşaqların saxlamasında maddi köməklik etməsini, hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat aliment ödəməsini tələb edir. O, iddia tələbinin təmin edilməsini xahiş etmişdir (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Cavabdeh iştirak etdiyi 22 may 2024-cü il tarixli məhkəmə baxış iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, övladlarına görə hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment ödəməyə razıdır (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 may 2011-ci ildə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 24 may 2011-ci il tarixdə 120-ci nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Mahmudov”, arvada “Mahmudova” soyadları verilmişdir. İş materiallarında olan: AZE seriyalı 11729458 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mahmudlu Yağmur 18 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikasının Naftalan şəhərində doğulmuş, atası- Cavabdeh, anası-İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: AZE seriyalı 11729459 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mahmudlu Aylin 06 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Goranboy şəhərində doğulmuş, atası- Cavabdeh, anası-İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 (M- 00223) tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli MŞG/MT/032/2024-00301 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 18 avqust 2011-ci ildə doğulmuş X3 və 06 dekabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 29 aprel 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. 18 avqust 2011-ci ildə doğulmuş X3 və 06 dekabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, 29 aprel 2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aylıq aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar