Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-637/2025 05.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın onun yanında saxlanması, həmçinin uşağın saxlanması və özünün təminatı üçün cavabdehdən aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 25 yanvar 2025-ci il təvəllüdlü X1 onun yanında qalmasına, saxlanmasına görə hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin və uşağın baxılmasına görə 150 (yüz əlli) manat məbləğində alimentin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhər 1 saylı Mediasiya Təşkilatına Cavabdeh ilə onun arasında bağlanmış nikahın pozulmasına, birgə nikah dövründə götürülmüş kreditin bölüşdürülməsinə və cehiz tələbinə dair müraciət etmişdir. Mediasiya zamanı qarşılıqlı razılaşmalar əsasında Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində boşanma olmuşdur. Bu barədə AZ İ № 499271 saylı “nikahın pozulması haqqında” şəhadətnamə verilmişdir. Qarşılıqlı razılaşma əsasında cehiz əşyaları cavabdehə məxsus yaşayış evindən çıxarılmışıdr. Birgə nikahlarından 25 yanvar 2025-ci il təvəllüdlü X3 doğulmuşdur. Doğulan gündən cavabdeh qətiyyən uşaqla maraqlanmır, onun böyüməsində maraqlı deyil. O, analıq məzuniyyətinə çıxıb və uşağın xərclərini tək qarşılayır. Uşaq böyüdükcə onun tələbləri dəyişkən olaraq artmaqdadır. Uşaqların hüquqları barədə bütün dövlətlər tərəfindən xüsusi qayğı göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən uşağın sağlam ruhda böyüməsində qərəzlilik var və onun tələbatlarında dəstək olmur. Cavabdeh 22 aprel 2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı keçmiş həyat yoldaşı İddiaçı tərəfindən təqdim edilmiş aliment, uşaq baxım xərcləri və kredit borcunun bölüşdürülməsi ilə bağlı iddiaya münasibət olaraq bildirmişdir ki, hal-hazırda rəsmi aylıq əmək haqqısı 450 (dörd yüz əlli) manatdır. İddiaçı tərəfindən tələb olunan aylıq 246 (iki yüz qırx altı) manat aliment əmək haqqısının 54 %-ni təşkil edir, bu tələbin icrası mövcud vəziyyətdə onun üçün mümkün deyil. İddiaçı hazırda müəllim kimi çalışır və analıq məzuniyyətindədir. Qadınlara hamiləlik və doğuşla əlaqədar əmək məzuniyyəti verildiyi halda, həmin müddət ərzində dövlət sosial müdafiə fondu tərəfindən analıq müavinəti ödənilir. Bu səbəbdən iddiaçının dövlət tərəfindən müavinət aldığı bir halda əlavə olaraq ondan 150 (yüz əlli) manat “baxım haqqı” tələb etməsi qanunsuz və əsassızdır. İddiaçı tərəfindən qeyd edilən kredit rəsmi nikah dövründə yox, nikahdan əvvəl, birlikdə yaşadıqları zaman onun xəbəri və razılığı olmadan götürülmüşdür. Həmin kredit vəsaitinin iddiaçının anasına çatışmayan cehiz əşyalarının alınması üçün istifadə olunduğu sonradan ona bildirilmişdir. İddiaçı onunla yaşadığı zaman və evdən özbaşına, ona demədən çıxıb getdiyi zamandan sonra onunla ünsiyyətdə olaraq şəxsi xahişlə, anasıgilə kömək etmək məqsəd ilə həmin kreditin aylıq ödənişlərində onun dəstəyini istəmiş, ailəvi münasibətləri və insani yanaşması səbəbilə o bu ödənişlərdə müəyyən dövrlərdə iddiaçıya könüllü köməklik etmişdir. Bu kömək heç bir rəsmi razılaşmaya və ya hüquqi öhdəliyə əsaslanmamışdır. İddiaçı bu insani dəstəklərdən sui-istifadə edərək, hazırda onu məhkəmə yolu ilə kreditin ödənişinə məcbur etmək istəyir. Halbuki bu onun tərəf olmadığı kredit müqaviləsidir. Kredit yalnız iddiaçının şəxsi ehtiyacları üçün, özü tərəfindən və özü üçün götürülmüşdür. O, bu müqavilədə borcalan və ya zamin qismində iştirak etməmişdir. O nə kredit götürülməsinə razılıq vermiş, nə də kredit vəsaitindən şəxsi məqsədi üçün istifadə etmişdir. Bu səbəbdən həmin kredit borcunun onunla bölüşdürülməsi hüquqi və faktiki əsaslardan məhrumdur. İddiaçı ərizəsində guya onun uşaqla maraqlanmadığını, onun saxlanmasında töhfə vermədiyini göstərmişdir. Bu iddialar həqiqətə uyğun deyil və tamamilə əsassızdır. O, atası olaraq uşaq doğulduğu gündən onun qayğısına qalmağa çalışmış, maddi və mənəvi dəstək göstərmişdir. Müxtəlif vaxtlarda uşağın geyim və şəxsi əşyalarının alınmasında, digər zəruri ehtiyaclarının təmin edilməsində, maddi yardım göstərilməsində, atalıq borcunu yerinə yetirməkdə iştirak etmişdir. İddiaçı bu faktları gizlətmişdir. Uşaqla maraqlanmadığı iddiası yalandır. O, bu yalanı real sübutlarla; iddiaçının özünün və qardaşının kartına və s. vasitələrlə pul verdiyini və pul köçürdüyünü sübut edə bilər. O, Ailə Məcəlləsinin 76.1, 76.2-ci maddələrinin rəhbər tutularaq aliment məbləğinin əmək haqqısının 1/4 hissəsi nəzərə alınmaqla müəyyən olunmasını, uşaq baxımı üçün əlavə 150 (yüz əlli) manat ödəniş tələbinin Əmək Məcəlləsinin 125-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinə uyğun olaraq rədd edilməsini, Mülki Məcəllənin 1096.1-ci maddəsini rəhbər tutaraq nikahdan əvvəl və onun razılığı olmadan götürülmüş kredit borcunun onunla bölüşdürülməsi ilə bağlı iddianın tamamilə əsassız hesab edilərək rədd olunmasını, onun tərəfindən atalıq vəzifələrinin yerinə yetirilmədiyinə dair irəli sürülən iddianın əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Oğuz rayonunun Xaçmazqışlaq kənd orta məktəbində müəllim işləyir, 325 (üç yüz iyirmi beş) manat məbləğində əmək haqqı alır. əmək haqqı məbləğinin 200 (iki yüz) manatı yol xərclərinə sərf olunur. Uşağın saxlanmasında çətinlik çəkir. Uşağın saxlanması üçün 246 (iki yüz qırx altı) manat, əlavə olaraq uşaq üç yaşına çatanadək “baxım pulu” kimi 100-150 manat məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, övladının anasının yanında qalmasına və aylıq 150 (yüz əlli) manat məbləğində aliment ödəməyə razıdır. 425 (dörd yüz iyirmi beş manat) məbləğində əmək haqqı alır. Həmin məbləğin 150 (yüz əlli) manatı yol xərclərinə sərf olunur. İddiaçı maaşdan əlavə dövlət tərəfindən sosial müavinətlə də təmin olunur. Göstərilən səbəblərdən iddiaçının “uşaq üç yaşına çatanadək 150 (yüz əlli) manat məbləğində alimentin ödənilməsi” tələbini rədd edir. İş materiallarında olan: 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 04 yanvar 2025-ci il tarixdə verilmiş AZ-İ № 499271 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır- hakimin qeydi) Cavabdeh və X2 nikahı ər-arvadın birgə ərizəsinə əsasən pozulmuşdur. Nikaha 04 yanvar 2025-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 04 yanvar 2025-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Abbasov”, qadına “Quluzadə” soyadları verilmişdir. İş materiallarında olan: 1 saylı ASAN Gəncə regioanl mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 15 fevral 2025-ci il tarixdə verilmiş AZ-V № 069783 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır- hakimin qeydi) X3 25 yanvar 2025-ci ildə doğulmuş, atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Gəncə 2 saylı Mediasiya Təşkilatında mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00547) X4 tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli MŞG/MT033/2025-00165 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Ailə Məcəlləsinin: -51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. -51.4-cü maddəsinə əsasən, uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. -60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. -60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. -63-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: - əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; - hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; - əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi övlada qulluq edən və ehtiyacı olan ər və ya arvad; “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Мülki Prosessual Мəcəllə) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə, 25 yanvar 2025-ci ildə doğulmuş X1 hazırki qətnamə əsasında iddiaçının himayəsində saxlanmasını qanunvericiliyə, həmçinin uşağın maraq və mənafeyinə tam uyğun hesab edir. Bundan başqa, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, 25 yanvar 2025-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müvafiq dövrda ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,6 (sıfır tam onda altı) misli həddində sabit pul məbləğdə aylıq aliment Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə - uşağa görə təyin edilən alimentdən artıq olan hissədə və uşaq üç yaşına çatanadək 150( yüz əlli) manat məbləğində alimentin ödənilməsi hissəsində əsassız olduğundan, həmin hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini, həmçinin uşaq üç yaşına çatanadək 150 (yüz əlli) manat məbləğində alimentin ödənilməsi üçün digər tərəfin zəruri vəsaitə malik olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə uşağın saxlanması üçün alimentin hesablanmasının başlanğıc tarixi ilə bağlı hesab edir ki, alimentin tutulması 10 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 25 yanvar 2025-ci ildə doğulmuş X3 anası- İddiaçı yanında saxlansın. 25 yanvar 2025-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, 10 aprel 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,6 (sıfır tam onda altı) misli həddində sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-637/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-637/2025
05.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver