Məhkəmə qərarları › İş №2(040)-69/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-69/2025

03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-69/2025 03.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 02 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 230 (iki yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə 24 dekabr 2003-cü ildə ailə qurub evlənmiş, birgə nikahdan 01 yanvar 2005-ci il tarixdə X5, 01 yanvar 2005-ci ildə X8 və 02 avqust 2013-cü ildə X9 adlı uşaqları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(040)-18/2022 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Hazırda azyaşlı övladı 02 avqust 2013-cü il təvəllüdlü X9 onun himayəsində yaşayır. Onun maddi vəziyyəti aşağı olduğundan uşağın saxlanmasında çətinlik çəkir. İddiaçı məhkəməyə 11 dekabr 2024-cü il tarixdə iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, Kəlbəcər Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(040)- 18/2022 saylı qətnaməsi ilə atası Cavabdeh yanında saxlanmış, faktiki olaraq 2024-cü ilin mart ayından onun yanında olan X4 onun yanında saxlanmasını xahiş etmişdir. İddiaçı 03 fevral 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin alimentlə bağlı hissəsinin azaldılmasına dair ərizə təqdim edərək, uşağın saxlanması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat aliment tələb etdiyini qeyd etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək və dəqiqləşdirərək bildirmişdir ki, Cavabdeh ilə birgə nikahlarından 02 avqust 2013-cü ildə doğulmuş X1 Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(040)-17/2022 saylı qətnaməsi ilə atasının yanında saxlansa da 2024-cü ilin mart ayından onun yanına gəlmiş və atasının yanına qayıtmaq istəməmişdir. O, övladı Eltacın rəsmi olaraq onun himayəsində saxlanmasını və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat alimentin tutularaq ona verilməsini xahiş edir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, övladının fikrinə hörmətlə yanaşır. Eltac kiminlə qalmaq istəyirsə onun himayəsində saxlansın. Həmçinin, uşağının saxlanması üçün aylıq 200 (iki yüz) manat aliment ödəməyə də razıdır (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 avqust 2013-cü il tarixdə verilmiş “AZ-İİİ № 128217” nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02 avqust 2013-cü ildə doğulmuş, atası- Cavabdeh, anası- X3r. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(040)-17/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 24 dekabr 2003-cü il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 213 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflər arasında olan nikah pozulduqdan (boşanmadan) sonra, tərəflərin birgə nikahından 01 yanvar 2005-ci il tarixdə doğulmuş X5 anası – X2, 01 yanvar 2005-ci il tarixdə doğulmuş X8 və 02 avqust 2013-cü ildə doğulmuş X9 isə ataları - Cavabdeh himayəsində saxlanması qət edilmişdir. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatında mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00501) X6 tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli MŞG/MT/032-2024-00716 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 08 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, Komissiya toplanmış sənədləri, müvafiq qanunvericiliyin tələblərinə uyğunluğunu və uşağın istəyini nəzərə alaraq, uşağın gələcək həyatının formalaşması, onun qanuni hüquq və mənafelərinin qorunması naminə 02 avqust 2013-cü ildə doğulmuş X4- ana İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Ailə Məcəlləsinin: -51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. -51.4-cü maddəsinə əsasən, uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. -60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. -60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. -63-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Мülki Prosessual Мəcəllə) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Ona görə də İddiaçı ilə Cavabdeh birgə nikahından 02 avqust 2013-cü ildə doğulmuş X9 anası -İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, 02 avqust 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müvafiq il üzrə aylıq minimum əməkhaqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit məbləğdə aylıq aliment Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə uşağın saxlanması üçün alimentin hesablanmasının başlanğıc tarixi ilə bağlı hesab edir ki, alimentin tutulması 23 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 02 avqust 2013-cü ildə doğulmuş və Kəlbəcər Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(040)-17/2022 saylı qətnaməsi ilə atası- Cavabdeh yanında saxlanmış X9 anası- İddiaçı yanında saxlansın. 02 avqust 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, 23 oktyabr 2024-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit məbləğdə aylıq aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar