Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-790/2023 16.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı- İddiaçı nümayəndəsi (vəkil) X7, Cavabdeh nümayəndəsi (anası) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ümumi dəyəri 4980 (dörd min doqquz yüz səksən) manat olan qızılzinət əşyalarının özünün və ya dəyərinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 noyabr 2019-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan 12 fevral 2020-ci ildə X8 adlı bir uşaqları doğulmuşdur. Cavabdeh ilə aralarında tez-tez yaranan narazılıqlardan, xasiyyətləri tutmadığından, ona xəyanət etdiyindən və ən nəhayət ona nişanda və toyda hədiyyə edilən qızıl-zinət əşyalarını əlindən alıb istifadə etməsinə imkan vermədiyindən, 2021-ci ilin noyabr ayında ayrılmış və nikahın pozulması barədə 23 may 2022-ci il tarixli məhkəmə qətnaməsi qəbul olunmuşdur. Cehiz əşyaları cavabdehdən 2022-ci ilin yayında alınmış, lakin cavabdeh onun qızıl əşyalarını cehizlə birlikdə verməkdən imtina etmişdir. Hazırda ona məxsus nişan və toy zamanı hədiyyə edilmiş qızıl-zinət əşyaları cavabdehin yaşadığı Gəncə şəhəri, Yeni Qəsəbə-1500, bina 11, mənzil 4-də saxlanılır və cavabdeh tərəf ona əşyalarını qaytarmayacağını demişlər. Aralarında mübahisə olduğundan, qızılları vermədiklərinə görə hüquqlarını pozduğundan məcbur olub məhkəməyə müraciət edir. Qızıl əşyaları aşağıdakılardan ibarətdir: 1) 585 əyarlı qızıldan hazırlanmış 4,3 qram çəkidə olan brilyant qaşlı nişan üzüyü- 500 (beş yüz) manat, 2) 585 əyarlı qızıldan hazırlanmış 36 qram çəkidə olan komplekt (sırğa, üzük, sep, qolbaq)-3500 (üç min beş yüz) manat, 3) 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan təkqaş üzük-220 (iki yüz iyirmi) manat, 4) 585 əyarlı qızıldan hazırlanmış 2,88 qram çəkidə olan bilərzik-215 (iki yüz on beş) manat, 5) 585 əyarlı qızıldan hazırlanmış 3,6 qram çəkidə olan üzük-270 (iki yüz yetmiş) manat, 6) 585 əyarlı sarı qızıldan hazırlanmış 2,6 qram çəkidə olan sep-195 (bir yüz doxsan beş) manat, 7) 585 əyarlı sarı qızıldan hazırlanmış 1 qram çəkidə olan üzük-80 (səksən) manat, cəmi 4980 (dörd min doqquz yüz səksən) manat. İddiaçı nümayəndəsi (vəkil) X10 məhkəmə baxışı iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, tərəflərin nikahı Kəlbəcər Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(040)-349/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçı cehiz əşyalarını ər evindən gətirməyə gedəndə iddiaçıya məxsus qızıl-zinət əşyaları evdə olmamışdır. İddiaçı cehiz əşyalarını gətirsə də, qızıl-zinət əşyalarını cavabdehdən ala bilməmişdir. Hal-hazırda iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Həmin qızıl-zinət əşyaları: 1) 585 əyarlı qızıldan hazırlanmış 4,3 qram çəkidə olan brilliant qaşlı nişan üzüyü- 500 (beş yüz) manat, 2) 585 əyarlı qızıldan hazırlanmış 36 qram çəkidə olan komplekt (sırğa, üzük, sep, qolbağla birlikdə)-3500 (üç min beş yüz) manat, 3) 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan tək qaş üzük-220 (iki yüz iyirmi) manat, 4) 585 əyarlı qızıldan hazırlanmış 2,88 qram çəkidə olan bilərzik-215 (iki yüz on beş) manat, 5) 585 əyarlı qızıldan hazırlanmış 3,6 qram çəkidə olan üzük-270 (iki yüz yetmiş) manat, 6) 585 əyarlı sarı qızıldan hazırlanmış 2,6 qram çəkidə olan sep-195 (bir yüz doxsan beş) manat, 7) 585 əyarlı sarı qızıldan hazırlanmış 1 qram çəkidə olan üzük-80 (səksən) manat, cəmi 4980 (dörd min doqquz yüz səksən) manat dəyərindədir. İddiaçı ər evindən cehiz əşyalarını götürəndə qızıllarını tapmamışdır. İddiaçı tərəf qızıl əşyalarını qiymətləndirici vasitəsi ilə qiymətləndirmişdir. Həmin qızıl-zinət əşyaları hal-hazırda cavabdehdədir və iddiaçıya qaytarılmalıdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (anası) X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı hazırki iddianı əsassız olaraq qaldırmışdır, belə ki, hal-hazırda cavabdehdə iddiaçının qızıl əşyaları yoxdur. Eyni zamanda iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının qiymətləri də şişirdilmiş, qiymətlər əslində olduğundan artıq göstərilmişdir. Reallıqda olmayan qızıl-zinət əşyası da iddia tələbində yazılmışdır. İddiaçıya qızılları oğlu Vaqif deyil, o özü almışdır. Belə ki, iddiaçıya əvvəlcə 1 ədəd, qiyməti təxminən 200-300 (iki yüz-üç yüz) manat arası olan sadə üzük alınmış, sonra Gəncə mərkəzi univermağından qiyməti 1000 (min) manat olan qızıl komplekt alınmışdır. Daha sonra toyda onun əmisi oğlu iddiaçıya təxmini 3 qram çəkidə olan 1 ədəd üzük hədiyyə etmişdir. Böyük oğlu isə iddiaçıya 1 (bir) üzük hədiyyə etmişdir. İddiaçı özünəməxsus qızıl-zinət əşyalarını evdən gedərkən özü ilə aparmışdır. İddiaçı evdən gedəndə hətta Vaqifə məxsus pasportu, qazın, işığın kartını da özü ilə aparmışdır. Necə olur ki, Günel evdən gedəndə sənədlər də daxil olmaqla hər şeyi aparır, lakin qızılları evdə qoyur? Bu, təbii ki, inandırıcı və doğru deyildir. Hazırda isə iddiaçı özü qərəzli şəkildə məhkəmədə iddia qaldırmışdır. İddia əsassız olduğundan rədd edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən X5 (iddiaçının dayısının arvadı) ifadəsində bildirmişdir ki, cavabdeh tərəflə heç bir ədavəti yoxdur. O özü tərəflərin nişanında da, toyunda da iştirak etmişdir. Oğlan evindən nişanda Günelə bir üzük gətirmişdilər; toyda Günelə komplekt qızıl almışdılar. Günelin qaynı isə Günelə bir üzük hədiyyə etmişdi. Daha sonra Günelin anası nəvəsinə qızıl boyunbağı hədiyyə etmişdir. Günelin cehizlərini ər evindən çıxartmağa gedəndə o da getmişdir. Həmin vaxt Günel evə baxsa da qızıllarını tapmamışdır. O, Vaqifin anası Mirvari Mayılovadan soruşanda cavabında bildirmişdir ki, Günel qızılları gedəndə özü ilə aparmışdır. Günel isə qızılları aparmadığını bildirmişdir. Belə olanda X4 çağırmış, Vaqif isə Günelin qızılları apardığını demişdir. Bu zaman Mirvari Mayılova “qızılları mən almışam, mənimdir, heç kimin deyildir” demişdir. Onlar da cehiz əşyalarını evdən çıxarıb gəlmişlər. Yəni qızıllar evdə olmadığına görə onlar qızılları götürə bilməmişlər. İş materiallarında olan: Mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M- 00177) X6 tərəfindən verilmiş 30 may 2023-cü il tarixli 01767 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərci tam ödəmişdir. İş materiallarında olan: “Gəncə Univermaq” qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi Elmar Kərimli tərəfindən aparılan qiymətləndirmədən görünür ki, 1) 585 əyarlı qızıldan hazırlanmış 4,3 qram çəkidə olan brilliant qaşlı nişan üzüyü- 500 (beş yüz) manat, 2) 585 əyarlı qızıldan hazırlanmış 36 qram çəkidə olan komplekt (sırğa, üzük, sep, qolbağla birlikdə)-3500 (üç min beş yüz) manat, 3) 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan tək qaş üzük-220 (iki yüz iyirmi) manat, 4) 585 əyarlı qızıldan hazırlanmış 2,88 qram çəkidə olan bilərzik-215 (iki yüz on beş) manat, 5) 585 əyarlı qızıldan hazırlanmış 3,6 qram çəkidə olan üzük-270 (iki yüz yetmiş) manat, 6) 585 əyarlı sarı qızıldan hazırlanmış 2,6 qram çəkidə olan sep-195 (bir yüz doxsan beş) manat, 7) 585 əyarlı sarı qızıldan hazırlanmış 1 qram çəkidə olan üzük-80 (səksən) manat qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 34.1ci maddəsində göstərilmişdir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur; sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iddia tələbinin əsasını təşkil edən hallar iddiaçı tərəfindən sübut edilməmiş, iddiaçı iddianın predmeti olan qızıl-zinət əşyalarının cavabdehdə olduğunu və ona qaytarılmadığını bildirsə də, bu faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf də iddianı qəbul etməmişdir. Ona görə də İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının naturada və ya dəyərinin tələbinə dair hazırki iddiası rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi yeganə şahid olan X2 ifadəsini iddianın təmin edilməsinə əsas ola biləcək mötəbər sübut olmadığı qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının naturada və ya dəyərinin tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-790/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-790/2023
16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver