Məhkəmə qərarları › İş №2(040)-797/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-797/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-797/2023 09.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı- İddiaçı, Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 (keçmiş əri) və Cavabdeh2 (keçmiş qaynanasına) qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 2560 manat dəyərində brilyant qaşlı bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbaq və bir ədəd üzük, 800 manat dəyərində bir ədəd brilyant qaşlı qadın üzüyü, 210 manat dəyərində bir ədəd tros formalı qolbaq, 350 manat dəyərində bir ədəd nazik boyunbağı setka asma (klon) ilə, 150 manat dəyərində “Samsung Galaxy” A12 markalı 2020-ci il istehsalı mobil telefon, cəmi 4070 manat dəyərində əmlak və birgə nikah dövründə əldə edilmiş “VAZ- 2106” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan rəsmi nikah Bərdə Rayon Məhkəməsinin 2(021)-1569/2023 saylı 07 mart 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Ailə münasibətləri əvvəllər normal və mehriban qaydada mövcud olmuş, lakin cavabdeh başqa bir qadına uymuş və ailəsinə olan diqqət və qayğını unutmuşdur. O, bu barədə xəbər tutduqda cavabdehlə ciddi-ciddi danışıb onun hərəkətlərinin ailəsinin dağılmasına səbəb olacağını diqqətinə çatdırmış, lakin cavabdehin doğru yola qayıtmadığını görüb cavabdehi seçim qarşısında qoyaraq “ya o qadını, ya da ailəsini” seçməsini şərt qoymuş, Cavid isə ona həmin qadını seçdiyini bildirmişdir. Bundan sonra onun həmin ailədə qalması qeyri-mümkün olmuşdur. O, boşanacağını bildirmiş və acıq edib atası evinə getmişdir. O, zənn etməzdi ki, Cavid ailəsinin dağılmasına razı olar. Bu səbəbdən də gəlin gedən zaman qayınanası və kirvələri tərəfindən hədiyyə edilmiş qızılzinət əşyaları həmin evdə qalmışdır. Həmin evdə tək qızılları yox, özünə, uşaqlarına məxsus pal-paltarı, şəxsi əşyaları və cehizi də qalmışdır. Bundan başqa, cavabdehlə ailəli olduğu müddət ərzində Cavid özünə “VAZ-2106” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, hazırda həmin avtomobil Cavidin mülkiyyətində və istifadəsindədir. Cavadeh özü Xocalı RPŞ-nin polis nəfəri vəzifəsində işləyir. Cavabdehlərdən dəfələrlə ona məxsus qızıl-zinət əşyalarını istəyib tələb etsə də hər dəfəsində müxtəlif cavabla qarşılaşmışdır. Cavabdeh tərəfindən gah özü ilə apardığını, gah birgə nikah dövründə satılmasını, gah da üzərinə cürbəcür şər atılmışdır. Qızıl-zinət əşyalarının verilməsi ilə əlaqədar Mediasiya Şurasına müraciət etsə də cavabdehlər əmlakını verməmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Tələb etdiyi qızıl-zinət əşyaları aşağıdakılardır: 1) 12560 (on iki min beç yüz altmış) manat dəyərində brilyant qaşlı bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbaq və üzük, 2) 800 (səkkiz yüz) manat dəyərində brilyant qaşlı qadın üzüyü, 3) 210 (iki yüz on) manat dəyərində tros formalı qolbaq, 4) 350 (üç yüz əlli) manat dəyərində nazik boyunbağı setka asma (klon) ilə, 5) 150 (yüz əlli) manat dəyərində “Samsung Galaxy- A12” markalı 2020-ci il istehsalı mobil telefon, 6) “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yarı qiyməti- 2430 (iki min dörd yüz otuz) manat. O, cavabdehdən tələb etdiyi hazırki əmlakını “X6” MMC-də qiymətləndirmiş və buna dair müvafiq rəy alınmışdır. Cavabdeh1 31 iyul 2023-cü il tarixdə məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı qızılları özü satıb öz məqsədləri üçün istifadə etmişdir. İddia ərizəsində göstərilən nazik boyunbağı (nazik asma klonu ilə birlikdə) hazırda ondadır (cavabdehdədir), istifadə olunmamış, qiyməti üstündə yazılmışdır- 220 (iki yüz iyirmi) manatdır, həmin qızılı da iddiaçıya vermək istəmir, belə ki, iddiaçı həmin qızılı da ondan alan kimi dərhal satacaqdır. “Samsung Galaxy A12” markalı mobil telefon aparatı isə onun özünündür, iddiaçıya heç bir aidiyyəti yoxdur. “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə onun (cavabdehin) adına sənədləşdirilsə də, əslində onun özünün deyil, qardaşınındır. Qardaşı öz şəxsi vəsaiti hesabına həmin avtomobili alıb və hazırda da qardaşının istifadəsindədir. X1 şahid qismində məhkəməyə gətirəcəkdir. Odur ki iddianın rədd edilməsini xahiş edir. İddiaçı 09 oktyabr 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, iddia ərizəsində 4-cü sırada “350 manat dəyərində nazik boyunbağı setka asma (klon) ilə” göstərdiyi qızıl əşyası cavabdehlər tərəfindən məhkəmə iclasında ona təqdim edildiyindən, iddianın həmin qızıl-zinət əşyasının tələbinə dair hissəsindən imtina etdiyini, qalan hissədə isə iddiasını müdafiə etdiyini qeyd etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və dəqiqləşdirərək bildirmişdir ki, o, cavabdehlə 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 12 dekabr 2017-ci ildə X7 və 03 iyun 2020-ci ildə X8 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə münasibətləri alınmadığına görə Bərdə Rayon Məhkəməsinin 07 mart 2023cü il tarixli 2(021)-1569/2023 saylı qətnaməsinə əsasən aralarında olan nikah ləğv edilmişdir. O, cavabdehlə ailə həyatı quran vaxt ona qızıl-zinət əşyaları alınmışdır. Ailə münasibətləri pozulduqdan sonra ona məxsus qızıl-zinət əşyaları cavabdehin evində qalmışdır. O, hazırda qeyd olunan qızılları tələb etsə də, cavabdehlər həmin əşyaları ona qaytarmaqdan imtina edirlər. Ona məxsus olan qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: 1) 2560 (iki min beş yüz altmış) manat dəyərində dəst: (brilyant qaşlı bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbaq və bir ədəd üzük), 2) 800 (səkkiz yüz) manat dəyərində bir ədəd brilyant qaşlı qadın üzüyü, 3) 210 (iki yüz on) manat dəyərində tros formalı qolbaq. Bundan başqa, ona məxsus 150 (yüz əlli) manat dəyərində “Samsung Galaxy A12” markalı 2020-ci il istehsalı mobil telefon aparatı da cavabdehdə qalmışdır. Həmçinin, Cavabdeh1lə ailəli olduğu müddət ərzində Cavid özünə məxsus “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Hazırda həmin avtomobil Cavidin mülkiyyətində və istifadəsindədir. Hesab edir ki, həmin avtomobil Cavabdeh1lə birgə nikah dövründə əldə edildiyindən, avtomobilin dəyəri aralarında yarıya bölünməlidir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları onda yoxdur. Onda qalan bir ədəd nazik boyunbağını nazik asma klonu ilə birlikdə məhkəmədə iddiaçıya qaytarmışdır. Onda iddiaçıya məxsus heç bir əşya qalmamışdır. “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə onun adına sənədləşdirilsə də, əslində qardaşınındır. Qardaşı öz şəxsi vəsaiti hesabına həmin avtomobili alıb və hazırda da qardaşının və atasının istifadəsindədir. İddia əsassızdır, ona görə də iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının tələbi ilə bağlı məhkəməyə bildirdikləri yalandır. Onlarda iddiaçıya məxsus heç bir qızıl-zinət əşyası qalmamışdır, həmin qızılları iddiaçı gedərkən özü ilə aparmışdır. İddia əsassızdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli MŞGOR/MT-032/2023-00310 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat xərci tam ödəmişdir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 mart 2023-cü il tarixli 2(021)-1569/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış 31 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2015-ci tarixli 80 saylı aktla qeydə alınmış rəsmi nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 12 dekabr 2017-ci il təvəllüdlü X7 və 03 iyun 2020-ci il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment məbləğinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: “X6” MMC tərəfindən 30 may 2023-cü il tarixdə “**-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı minik avtomobilinin qiymətləndirilməsinə dair” mütəxəssis rəyindən görünür ki, **-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı minik avtomobilinin ümumi likvid dəyəri 4500 (dörd min beş yüz) manat qiymətləndirilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Yevlax Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Yusif ismayılov tərəfindən Bərdə Rayon Vəkil Bürosunun vəkili Müşfiq Mehdiyeva ünvanlanmış 04 oktyabr 2023-cü il tarixli 3-13-16-11/2-4514/23 saylı məktubdan görünür ki, “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən xx.xx.2017-ci il tarixdən Cavabdeh1 adında qeydiyyatdadır. Həmin avtomobil (keçmiş dövlət qeydiyyat nişanı **-LT-***) xx.xx.2003-cü il tarixdə DİN BDYPİ-nin Qİİ-də Bakı şəhər sakini X2 adına rəsmiləşdirilmiş, xx.xx.2016-cı il tarixdə Ağcabədi RQİ və TBŞ-də onun adından qeydiyyatdan çıxarılmış, Ağcabədi rayonu Şahsevən kəndində müvəqqəti məskunlaşmış, Ağdam rayon sakini X9 adına rəsmiləşdirilmişdir. “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı həmin avtomobil hal-hazırda da Cavabdeh1 adında qeydiyyatdadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 34.1ci maddəsində göstərilmişdir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1.onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);32.2.2. ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.4-cü maddəsinə əsasən,məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir, ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. -225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən- “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dəyərinin yarısı hissəsinin tələbində əsaslı olduğundan, yalnız həmin hissədə təmin edilməlidir. Belə ki, “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin tərəflərin birgə nikah dövründə əldə edildiyi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Ona görə də “VAZ-2106” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dəyərinin yarısı olan 2250 (iki min iki yüz əlli) manat Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə - 1) 2560 (iki min beş yüz altmış) manat dəyərində dəst: (brilyant qaşlı bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbaq və bir ədəd üzük), 2) 800 (səkkiz yüz) manat dəyərində bir ədəd brilyant qaşlı qadın üzüyü, 3) 210 (iki yüz on) manat dəyərində tros formalı qolbaq, 4) 150 (yüz əlli) manat dəyərində “Samsung Galaxy A12” markalı 2020-ci il istehsalı mobil telefon aparatının tələbinə dair hissədə əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Belə ki, həmin hissədə iddia tələbinin əsasını təşkil edən hallar iddiaçı tərəfindən sübut edilməmiş, iddiaçı mübahisəli qızıl-zinət əşyalarının, mobil telefonun cavabdehdə olduğunu və ona qaytarılmadığını bildirsə də, bu faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, cavabdehlər tərəfindən də həmin hissədə iddia qəbul edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dəyərinin yarısı olan 2250 (iki min iki yüz əlli) manat pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar