Məhkəmə qərarları › İş №2(040)-840/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-840/2025

22.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-840/2025 22.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların saxlanması üçün aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanmaqla, övladları- 08 iyul 2013-cü ildə doğulmuş X2 və 24 iyun 2016-cı ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, hər ay hər uşağa görə yaşayış minimumunu təmin edəcək həddə, yəni hər uşağa görə 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin, həmçinin onun tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 100 (yüz) manat hüquqi xidmət haqqının əvəzinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında nikah Goranboy rayon Qaraçinar kənd İcra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 dekabr 2012-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Bu nikahdan 08 iyul 2013-cü ildə X6 və 24 aprel 2016-cı ildə X3 doğulmuşlar. Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(040)-331/2024 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında nikah pozulmuş, tərəflərin birgə nikahından 08 iyul 2013-cü ildə X6 və 24 aprel 2016-cı ildə X3 nikah pozulduqdan (boşanmadan) sonra ataları-İddiaçı yanında saxlanılmışdır. Ailə mübahisələri ilə bağlı mediasiya proseduru zəruri olduğu üçün ilkin olaraq mediasiya proseduru keçirilmiş, ilkin mediasiya sessiyasında qarşı tərəf iştirak etməmişdir. ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə barədə 16 may 2025-ci il tarixli MŞG/MT-032-2025-00194 saylı arayış iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh 31 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddianı qəbul etmədiyini, iddiaçı ilə rəsmi nikahlarının pozulduğunu, uşaqların iddiaçının himayəsinə verildiyini, heç bir yerdə işləmədiyini, heç bir gəliri olmadığını, hazırda qohum-əqrabasının evinə sığınıb yaşadığını bildirmiş, İddiaçı ona qarşı “aliment” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Cavabdeh 07 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında yazılı izahat verərək iddianı qəbul etmədiyini, aliment ödəməyə heç bir maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, 07 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdeh iki uşağı onun üstünə atıb getmiş, lakin uşaqların saxlanmasında ona maddi dəstək olmur, ona görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 07 avqust 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddianı qəbul etmədiyini, aliment ödəməyə heç bir maddi imkanının olmadığını bildirmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(040)-331/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X7 qarşı “nikahın pozulması, uşağın atanın himayəsində qalması və aliment tələbinə dair” iddiasının qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh X9 arasında 23 dekabr 2012-ci il tarixdə Goranboy rayon Qaraçinar kənd icra nümayəndəliyi tərəfindən 08 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından 08 iyul 2013-cü ildə doğulmuş X6 və 24 aprel 2016-cı ildə doğulmuş X1 nikah pozulduqdan (boşanmadan) sonra ataları – İddiaçı yanında saxlanılmaları, qalan hissədə (aliment tələbi ilə bağlı hissədə) rədd edilməsi qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 iyul 2024-cü il tarixdə İddiaçı verilmiş AZ-İ №482246 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X4 nikahı Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(040)-331/2024 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 31 may 2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 03 iyul 2024-cü il tarixdə 67 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İİİ № 243767 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 iyul 2013-cü ildə Azərbaycan Respublikasının İmişli şəhərində doğulmuş, atası-İddiaçı, anası- X8r. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 may 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 688753 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24 aprel 2016-cı ildə Azərbaycan Respublikasının Beyləqan rayonunda doğulmuş, atası-İddiaçı, anası- X8r. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00223) X5 tərəfindən verilmiş 16 may 2025-ci il tarixli MŞG/MT/032/2025-00194 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, cavabdehin maddi və ailə vəziyyəti, gəlirləri, əmlak vəziyyəti, həmçinin, cavabdehdən alimentin tutulması üçün əsas ola biləcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdehdən alimentin tutulması mümkünsüzdür. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar