Məhkəmə qərarları › İş №2(040)-844/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-844/2024

30.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-844/2024 30.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin hesablanma qaydasının dəyişdirilməklə sabit pul məbləğində aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə qeyri-rəsmi nikahından 15 noyabr 2012-ci ildə doğulmuş X5, 02 dekabr 2017-ci ildə doğulmuş X6 və 22 avqust 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin qazancının yarısı hissəsi miqdarında təyin edilmiş alimentin dəyişdirilərək hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 750 (yeddi yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi və mediasiya təşkilatına ödədiyi 50 (əlli) manat məbləğin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə 15 noyabr 2012-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuşdur. Birgə qeyri-rəsmi nikahından 15 noyabr 2012-ci ildə X5, 02 dekabr 2017-ci ildə X6 və 22 avqust 2020-ci ildə X7 adlı üç övladları doğulmuşdur. Cavabdehlə aralarında yaranmış narazılığa görə ayrılmışlar və uşaqlar onun himayəsində yaşayırlar. Tərtər Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən, uşaqların saxlanması üçün cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Cavabdeh Tərtər rayon Fövqəladə Hallar şöbəsində işləyərkən o, alimenti hər ay vaxtında kart vasitəsilə almışdır. Hazırda cavabdeh uşaqlarına aliment verməmək üçün işində nöqsan yaradaraq azad olunmuş, 4 aydan artıqdır ki, aliment verməkdən imtina edir. 4 aydan çoxdur ki, o, aliment ala bilmir. Cavabdeh isə özü uşaqlarına heç bir maddi köməklik göstərmir. Ona görə də cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutularaq ona verilməsini xahiş edir. Mülki iş üzrə hazırlıq iclası 08 avqust 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 30 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatdında bildirdi ki, maddi imkanı aşağı olduğuna görə uşaqlarını saxlamaqda çətinlik çəkir. Uşaqları xəstə olduğuna görə tez-tez müalicəyə pul lazım olur. Cavabdeh isə heç bir köməklik göstərmir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 08 avqust 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, maddi imkanı aşağı olduğundan və hazırda işləmədiyindən hər ay hər uşağa görə 100 (yüz) manat aliment ödəyə bilər. İşinə bərpa olunduqdan sonra isə alimenti artıracaqdır. Hazırda isə artıq aliment ödəməyə imkanı çatmır. İddianın qismən təmin edilməsini xahiş etmişdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 yanvar 2018ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X5 15 noyabr 2012-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan: Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 09 yanvar 2018-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X6 02 dekabr 2017-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan: Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 sentyabr 2020ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X7 22 avqust 2020-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan: Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 noyabr 2022-ci il tarixli 2(061)-1477/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh qazancının (başqa gəlirlərin) yarısının hazırkı qətnamə qanuni qüvvəsini aldıqdan sonra hesablanılmaqla tutulub 15 noyabr 2012-ci il təvəllüdlü X5, 02 dekabr 2017-ci il təvəllüdlü X6 və 22 avqust 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Samux 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli MŞS/1/2024-00240 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 18 noyabr 2022-ci tarixli 2(061)-1477/2022 saylı qətnaməsi ilə təyin edilmiş, 15 noyabr 2012-ci il təvəllüdlü X5, 02 dekabr 2017-ci il təvəllüdlü X6 və 22 avqust 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və gəlirlərinin yarısı hissəsi miqdarında tutulan aylıq aliment hazırki halda uşaqların maddi təminatının səviyyəsinin normal saxlanması üçün əlverişli deyildir. Ona görə də uşaqların mənafeyi nəzərə alınaraq alimentin miqdarının hesablanması dəyişdirilməli, sabit pul məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 18 noyabr 2022-ci tarixli 2(061)-1477/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının və gəlirlərinin yarısı hissəsi miqdarında tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər ay sabit pul məbləğində hər uşağa görə 160 (yüz altmış) manat müəyyən edilməlidir. İddia qalan hissədə- tələbin hər uşağa görə 160 (yüz altmış) manatdan artıq olan 90 (doxsan) manat aliment tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tələb edilən alimentin həmin məbləğdə tutulmasının əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 77,60 manat (yetmiş yeddi manat 60 qəpik) dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hazırki iş üzrə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini (“Dövlət rüsumu haqqında” Qanunun 9.1.20 maddəsi), cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini (“Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsi) nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(061)-1477/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin hesablanma qaydası dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə qeyri-rəsmi nikahından 1) 15 noyabr 2012-ci ildə doğulmuş X2, 2) 02 dekabr 2017-ci ildə doğulmuş X4 və 3) 22 avqust 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaqla üç uşağa görə aylıq cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh əlavə olaraq 50 (əlli) manat məbləğdə pul vəsaiti də mediasiya xərcinin əvəzi olaraq İddiaçı xeyrinə tutulsun. Cavabdeh 77,60 manat (yetmiş yeddi manat 60 qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar