Məhkəmə qərarları › İş №2(040)-869/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-869/2023

31.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-869/2023 31.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 03 mart 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə biri (1/4) hissəsi miqdarında alimentin, həmçinin, uşağın üç yaşına çatanadək saxlanması üçün əlavə olaraq 100 (yüz) manat pulun və mediasiya sessiyası üçün ödədiyi 55 (əlli beş) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 30 dekabr 2022-ci il tarixdə rəsmi olaraq evlənmişdir. Rəsmi nikahlarından 03 mart 2023-cü ildə X3 adlı uşaqları doğulmuşdur. Uşaq onun himayəsində yaşayır. Cavabdeh onunla altı aydır ki, yola getmir: cavabdeh ona xəyanət edir və uşağına baxmır, həmçinin son günlər evə vaxtıvaxtında gəlmir. Hal-hazırda, o, atasına məxsus evdə yaşayır, başqa bir yerdə yaşamağa yeri yoxdur. Uşaq körpə olduğundan, heç bir yerdə işləmir. Cavabdehin imkanı çox yaxşıdır, cavabdehin imkanı çatır ki, hər ay uşağa aliment versin. Buna baxmayaraq, cavabdeh uşaqğın doğulduğu 2023-cü ilin mart ayından bugünədək ona heç bir maddi və mənəvi köməklik göstərmir. Cavabdeh Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər şöbəsində işləyir və hər ay əməkhaqqı alır. O, aliment tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya prosesinə gəlmiş, lakin aliment verməkdən və mediasiya xərclərini ödəməkdən imtina etdiyindən mübahisəni məhkəmədənkənar həll edə bilməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 30 dekabr 2022-ci il tarixdə rəsmi olaraq evlənmiş, rəsmi nikahlarından 03 mart 2023-cü ildə X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan cavabdeh ona qarşı pis rəftar etmişdir. Cavabdeh ailəsinə və uşağına baxmır, uşağın saxlanmasında ona heç bir maddi köməklik etmir. O, ayrıldıqları müddət ərzində uşağın bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmiş, cavabdeh bir ata kimi uşağı ilə maraqlanmamışdır. Cavabdeh Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər şöbəsində işləyir və hər ay yüksək məbləğdə əməkhaqqı alır. O, cavabdehdən uşağın saxlaması üçün aylıq gəlirlərinin dörddəbir hissəsi miqdarında aliment ödəməsini tələb edir. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 14 avqust 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, aliment ödəməkdən imtina edir, aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. İş materiallarında olan: 1 saylı Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 30 dekabr 2022-ci ildə verilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 30 dekabr 2022-ci il tarixdə 2267 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ər və arvadın hər birinə “Qəribzadə” soyadı verilmişdir. İş materiallarında olan: 2 saylı Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 16 mart 2023-cü il tarixdə verilmiş AZ-İV № 831388 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 03 mart 2023-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00185) A.Səmədova tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli MŞG/1-02164 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin mediasiya prosesinin davam etdirilməsi barədə razılığa gəlməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 03 mart 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında aliment tutularaq cavabdeh İddiaçı ödənilməlidir. İddia qalan hissədə- uşağın üç yaşına çatanadək saxlanması üçün 100 (yüz) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı öz tələbini həmin hissədə əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır.Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 14 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırki iş üzrə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini (“Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi), bununla belə, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına görə ödənilmiş 55 (əlli beş) manat xərcin 22,50 manat (iyirmi iki manat 50 qəpik) hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 03 yanvar 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına görə ödənilmiş 55 (əlli beş) manat xərcin 22,50 manat (iyirmi iki manat 50 qəpik) hissəsinin pul əvəzi Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulsun. Hazırki qətnamə üzrə alimentin tutulması 14 iyul 2023-cü il tarixdən hesablansın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar