Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-869/2024 30.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (atası) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə faktiki nikahından 29 aprel 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin və uşağın üç yaşına kimi ona qulluq etməyinə görə hər ay onun (ananın) saxlanılması üçün 150 (yüz əlli) manat alimentin, həmçinin, onun tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2022-ci ildə el adəti ilə faktiki nikaha daxil olmaqla ailə qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə faktiki nikahlarından 29 aprel 2023-cü ildə X2 adlı bir uşaqları doğulmuşdur və cavabdeh uşağına atalıq vermişdir. Onların münasibəti bir müddət normal olsa da son vaxtlar münasibətləri kəskinləşmişdir və yola gedə bilmirlər. O, bir neçə dəfə uşağını da götürərək atsı evinə gəlsə də valideynlərinin məsləhəti və uşağının xatirinə ailəsini qoruyub saxlamış və geri qayıtmışdır. Onların sözü tutmadığı üçün bir-iki ay olar ki, yenidən uşağını da götürərək atası evinə gəlmişdir. Beləliklə, onlar ayrılmış və ayrı-ayrı ünvanlarda yaşayırlar. Cavabdeh fermerdir, o, kənd təsərrüfatı ilə, əkinçilik və maldarlıqla məşğul olur. Onun aylıq qazancı yetərincədir, buna baxmayaraq, ayrıldıqları müddət ərzində onlara baxmamış, nə maddi nə də mənəvi dəstək olmamışdır. Uşaq körpə olduğundan o, özü işləyə də bilmir, valideynlərinin köməkliyi ilə uşağına birtəhər baxır. Məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət etsə də cavabdeh mediasiya prosesinə gəlməmişdir. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi (atası) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı aralarında yaranan narazılığa görə cavabdehlə ayrılmışdır. Ayrıldıqları müddət ərzində cavabdeh ailəsi və uşağı ilə maraqlanmamış, uşağın saxlanması üçün iddiaçıya heç bir maddi köməklik etməmişdir. İddiaçı özü heç yerdə işləmir, maddi vəziyyətinə görə uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. Ona görə də cavabdehdən məhkəmə qaydasında aliment tutulmasını xahiş edir. İddiaçının nümayəndəsi olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı ilə barışıb ailəsini bərpa etmək istəyir. Övladına və ailəsinə görə isə cəmi 230 (iki yüz otuz) manat aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə isə imkanı çatmır. İddianın qismən təmin edilməsini xahiş edir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Azərbaycan Respublikası Samux rayon Qeydiyyat şöbəsi tərəfindən 14 iyul 2023-cü il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X2 29 aprel 2023-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: Gəncə 2 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli MŞG/MT033/2024-00346 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 29 aprel 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- 235 (iki yüz otuz beş) manatdan artıq olan 115 (yüz on beş) manat və ananın özünə görə 150 (yüz əlli) manat aliment tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 19 iyul 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə qeyri-rəsmi nikahından 29 aprel 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, 19 iyul 2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aylıq aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh həmçinin, 55 (əlli beş) manat mediasiya xərcinin əvəzi olaraq 55 (əlli beş) manat məbləğdə pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı təmin edilmiş hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-869/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-869/2024
30.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver