Məhkəmə qərarları › İş №2(040)-890/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-890/2024

10.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-890/2024 10.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “reqres qaydada cəmi 1676 manat pul vəsaitinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" BOKT MMC-yə borclu olduğu və zamin kimi onun tərəfindən öədnilmiş 1450 (min dörd yüz əlli) manat, 124 (yüz iyirmi dörd) manat iş üzrə ekspertiza xərci və 102 (yüz iki) manat icra ödənişi, cəmi 1676 (min altı yüz yetmiş altı) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci il tarixdə Cavabdeh "xxxx" BOKT MMCdən kredit götürmək istədiyini bildirmiş və ondan Cavabdeh zamin durmasını xahiş etmişdir. Krediti vaxtında ödəyəcəyini, heç bir problem olmayacağına söz vermişdir. O da Cavabdeh inanaraq ona zamin durmuş və 18 mart 2015-ci il tarixli 0405-030864-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə zamin durmuşdur. Cavabdeh təxmini 3000 (üç min) ABŞ dolları kredit götürmüşdür. Bir müddət ödəniş etdikdən sonra krediti ödəməmişdir. Təxmini 1420 (min dörd yüz iyirmi) manat borcu qalmışdır. Tanışı olan X3 ona zamin durmağı və ya ona kredit götürüb verməsini istəmişdir. O da başqa adama zaminliyinin olduğunu və bu səbəbdən ona kredit götürüb verə bilməyəcəyini demişdir. X3 30 mart 2022-ci il tarixdə onu zaminlikdən çıxartmaq üçün Cavabdeh borclu və onun zamin olduğu borcu 1420 (min dörd yüz iyirmi) manatı "xxxx" BOKT MMC-yə ödəmişdir. Daha sonra X3 həmin pulu ondan tələb etmişdir. Xocalı Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2(070)-2/2024 nömrəli qətnaməsinə əsasən 1450 (min dörd yüz əlli) manatı X2 ödəmişdir. Bundan əlavə həmin iş üzrə 124 (yüz iyirmi dörd) manat ekspertiza xərci və əlavə olaraq həmin qətnamə əsasında verilmiş icra vərəqəsinə uyğun 102 (yüz iki) manat icra ödənişini Xocalı rayon İcra və Probasiya şöbəsinə ödəmişdir. Ümumilikdə Cavabdeh "xxxx" MMC-yə olan borcunu ödəmədiyinə görə zamin kimi ona 1676 (min altı yüz yetmiş altı) manat ziyan dəymişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı 09 oktyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək, işi ilə əlaqədar ezamiyyətdə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi 03 sentyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, onun "xxxx" BOKT MMC-yə olan kredit borcu ilə əlaqədar İddiaçı 1420 (min dörd yüz iyirmi) manat ziyan dəymişdir. İddiaçıya dəyən ziyanı işi olanda imkanı olduqca hissə-hissə ödəyəcəkdir. Qalan hissədə iddianı qəbul etmir. İddianın qismən təmin edilməsini xahiş etmişdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Xocalı Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2(070)-2/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh "xxxx" BOKT MMC-yə olan kredit borcu üzrə zamin durmuş İddiaçı 1420 (min dörd yüz iyirmi) manat borcu X3 tərəfindən ödənildiyindən, cavabdeh İddiaçı 1420 (min dörd yüz iyirmi) manat vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh "xxxx" BOKT MMC-yə olan kredit borcu üzrə zamin durmuş, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımı qaydada yerinə yetirmədiyindən onun 1420 (min dörd yüz iyirmi) manat kredit borcu qalmışdır. Həmin kredit borcu üzrə öhdəlik son nəticədə İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. -431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. -431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin, borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi 1420 (min dörd yüz iyirmi) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində Cavabdeh "xxxx" BOKT MMC-yə olan 1420 (min dörd yüz iyirmi) manat kredit borcunun onun zamini İddiaçı tərəfindən ödənildiyi öz təsdiqini tapmış, iddia tələbini cavabdeh izahatı ilə də etiraf etmişdir. Belə olan halda, Cavabdeh 1420 (bir min dörd yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qalan hissədə - 124 (yüz iyirmi dörd) manat ekspertiza xərci, 102 (yüz iki) manat icra ödənişi və 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, həmin xərclər İddiaçı X3 ilə aralarında başqa bir öhdəlik üzrə münasibətindən yarandığından qeyd olunan xərclərin Cavabdeh tələb edilməsi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1420 (bir min dörd yüz iyirmi) manat məbləğdə pul vəsaiti İddiaçı xeyrinə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar