Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-916/2023 11.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından 22 oktyabr 2015-ci ildə doğulmuş X2 və 05 sentyabr 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin iyun ayının 23-də 1354 nömrə ilə qeyd edilmişdir. Bu nikahdan 22 oktyabr 2015-ci ildə X2 və 05 sentyabr 2017-ci ildə X3 adlı övladları doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətləri 01 sentyabr 2020-ci il tarixdən tamamilə kəsilmişdir. Ailənin dağılmasına və onların ayrı yaşamalarına əsas səbəb cavabdehin 01 sentyabr 2020-ci il tarixdən başqa qadınla ailə qurub həmin qadının yanında, evində yaşaması, ailə və uşaqlarla bütün əlaqələrini kəsməsi, onlara baxmaması, heç bir maddi və mənəvi köməklik göstərməməsi, uşaqlara valideynlik borcunu yerinə yetirməməsi olmuşdur. Uşaqları onun yanında, himayəsində qalmaqla cavabdehdən ayrı yaşayırlar. Cavabdeh bu günədək ailə və uşaqlarla maraqlanmamışdır. Cavabdehin bu hərəkətlərinə görə uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etmək qərarına gəlmişdir. Cavabdeh 01 sentyabr 2020-ci il tarixdən heç bir maddi köməklik göstərmir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətindir. Cavabdehin aylıq gəliri, qazancı 500 (beç yüz) manatdan çox olur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, 07 sentyabr 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək bildirmişdir ki, o, gözdən əlildir və 300 (üç yüz) manat əlilliyə görə pensiya alır. Başqa gəlir yeri və əmək qabiliyyəti yoxdur. Cəmi 150 (yüz əlli) manat aliment ödəyə bilər. Alimentin pensiyasına uyğun müəyyən edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə əvvəlcə qeyri-rəsmi nikahla evlənmiş, aralarında olan nikah Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin iyun ayının 23-də 1354-cü nömrə ilə qeyd edilmişdir. Bu nikahdan 22 oktyabr 2015-ci ildə X2 və 05 sentyabr 2017-ci ildə X3 adlı övladları doğulmuşlar. Cavabdehlə aralarında olan ailə münasibətləri 01 sentyabr 2020-ci il tarixdən tamamilə kəsilmişdir. Ailənin dağılmasına və onların ayrı yaşamalarına əsas səbəb cavabdehin 01 sentyabr 2020-ci il tarixdən başqa qadınla ailə qurub həmin yad qadının yanında, evində yaşaması, ailə və uşaqlarla bütün əlaqələrini kəsməsi, onlara baxmaması, heç bir maddi və mənəvi köməklik göstərməməsi, uşaqlara valideynlik borcunu yerinə yetirməməsi olmuşdur. Uşaqları onun yanında, himayəsində qalmaqla cavabdehdən ayrı yaşayırlar. Cavabdeh bu günədək ailə və uşaqlarla maraqlanmamışdır. Cavabdehin bu hərəkətlərinə görə uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etmək qərarına gəlmişdir. Cavabdeh 01 sentyabr 2020-ci il tarixdən heç bir maddi köməklik göstərmir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətindir. Cavabdehin aylıq gəliri, qazancı 500 (beç yüz) manatdan çox olur. Cavabdeh könüllü olaraq uşaqlarına maddi köməklik etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O özü heç yerdə işləmir, maddi imkanı çox aşağıdır, uşaqların tələbatları getdikcə artır, cavabdeh isə uşağına və ailəsinə baxmır. O, cavabdehdən uşağının saxlanmasında maddi köməklik etməsini tələb edir. Cavabdehin birinci dərəcəli əlil olmasını nəzərə alaraq, cavabdehin ona hər uşağa görə 100 (yüz) manat aliment ödəməsinə də razıdır. İddiasının təmin edilməsini xahiş edir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” Mərkəzində ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 23 iyun 2016-cı il tarixdə verilmiş AZ-İİ № 119349 saylı “Nikah haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah 23 iyun 2016-cı il tarixdə 1354-cü nömrə ilə qeydə alınmış, nikah bağlanıldıqdan sonra ərə- “Bayramov”, arvada- “Bayramova” soyadları verilmişdir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 21 iyul 2016-cı il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X2 22 oktyabr 2015-ci il tarixdə doğulmuş, atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 sentyabr 2017-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X3 05 sentyabr 2017-ci il tarixdə doğulmuş, atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00223) X4 tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli MŞG/MT/032/2023-00620 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: -17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur, bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. -34-cü maddəsinin 4-cü hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir; uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi): -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. -78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, cavabdehin iddianı qismən qəbul etməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 22 oktyabr 2015-ci ildə doğulmuş X2 və 05 sentyabr 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər uşağa görə aylıq 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- tələbin hər bir uşağa görə aylıq 100 (yüz) manatdan artıq olan 120 (yüz iyirmi) manat hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəblə həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu tələbin əsaslılığını təsdiq edən hər hansı bir sübutu, o cümlədən cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır.Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 25 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 22 oktyabr 2015-ci ildə doğulmuş X2 və 05 sentyabr 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 (yüz) manat, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aylıq aliment tutularaq İddiaçı verilsin. Hazırki qətnamə üzrə alimentin tutulması 25 iyul 2023-cü il tarixdən hesablansın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-916/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-916/2023
11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver