Məhkəmə qərarları › İş №2(040)-922/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-922/2025

06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-922/2025 06.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaq üç yaşına çatanadək özünün təminatı üçün aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, himayəsində olan övladı- 05 dekabr 2022-ci ildə doğulmuş X2 üç yaşına çatana qədər saxlanması üçün hər ay 240 (iki yüz qırx) manat alimentin cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahdan 05 dekabr 2022-ci ildə doğulmuş X2 üç yaşına çatana qədər saxlanması üçün cavabdeh tərəfindən ona aliment ödənilməsi tələbinə dair iddia qaldırmaq məcburiyyətindədir. Belə ki, uşağın saxlanması üçün sabit pul məbləği ilə təyin edilmiş 190 (bir yüz doxsan) manat aliment çox azdır. Ona görə də himayəsində olan 05 dekabr 2022-ci ildə doğulmuş X2 üç yaşı tamam olana qədər cavabdehdən onun üçün 240 (iki yüz qırx) manat məbləğində aliment tutulub ona ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, himayəsində azyaşlı uşağı olması səbəbindən işləmir, cavabdeh müxtəlif fəaliyyət sahələri ilə məşğuldur, gəliri yaxşıdır, aliment ödəyə bilər. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 noyabr 2003-cü il tarixdə verilmiş AZ-İ № 080413 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah 14 noyabr 2003-cü il tarixdə 188 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “İsmayılov”, arvada “İsmayılova” soyadları verilmişdir. İş materiallarında olan: Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İV № 781994 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 iyul 2024-cü il tarixli 2(040)-685/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdehna qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiasının qismən təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(040)-432/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması, 05 dekabr 2022-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehndan İddiaçı xeyrinə hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00361) X1 tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli MŞG/1/MT007/2025-00814 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərci və 3 (üç) manat poçy xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: - əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; - hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; - əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi övlada qulluq edən və ehtiyacı olan ər və ya arvad; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, cavabdehin maddi və ailə vəziyyəti, gəlirləri, əmlak vəziyyəti, həmçinin, cavabdehdən iddiaçının özünün təminatı üçün alimentin tutulması üçün əsas ola biləcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdehdən iddiaçının özünün təminatı üçün alimentin tutulmasıbarədə iddiasının təmin edilməsinə əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar