Məhkəmə qərarları › İş №2(040)-926/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-926/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-926/2023 26.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 600 (altı yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş əridir (əslində rəsmi nikahları hal-hazıradək qalır-hakimin qeydi), onların arasında ziddiyyət vardır. Dövlət tərəfindən hər ay hər birinə 60 (altmış) manat yemək xərci müavinəti (vahid aylıq müavinət-hakimin qeydi) ayrılmışdır. Birgə yaşadıqları müddətdə bu pul eyni kart hesabına köçürülürdü; hazırda isə ayrı yaşayırlar. Cavabdeh 10 (on) aydır ki, ona çatası 60 (altmış) manat müavinət pulunu ona vermir. Ona görə də dövlət tərəfindən ona ayrılmış pulunu cavabdehdən almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 31 avqust 2023-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 26 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh onun keçmiş əridir; onların arasında ziddiyyət vardır. Məcburi köçkün olduqlarından, dövlət tərəfindən hər ay hər birinə 60 (altmış) manat “vahid aylıq müavinət” ayrılmışdır; birgə yaşadıqları müddətdə bu pul ailə başçısı olduğuna görə cavabdehin adına olan karta köçürülürdü. Hazırda isə ayrı yaşayırlar. Cavabdeh 10 (on) aydır ki, ona çatası aylıq 60 (altmış) manat olan “vahid aylıq müavinət” pulunu ona vermir; cavabdeh hazırda ona 600 (altı yüz) manat verməlidir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ilə hələ də rəsmi nikahda qaldıqlarından, məcburi köçkün olduqlarına görə dövlət tərəfindən onlara ayrılan vahid aylıq müavinətin kartı onun adınadır. Lakin kart cəmi 5 (beş) aydır ki, ondadır. O, iddiaçıya 5 (beş) ayın pulunu, yəni ayda 60 (altmış) manat olmaqla, cəmi 300 (üç yüz) manatı ödəməyə razıdır. Ona görə də iddianın qisməncəmi 300 (üç yüz) manat hissədə təmin edilməsinə etiraz etmir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli 1206 saylı Fərmanının 1-ci hissəsindən görünür ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən-300 (üç yüz) manat hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddia tələbinin əsasını təşkil edən hallar iddiaçı tərəfindən sübuta yetirilməsə də, cavabdehin iddiaçıya 300 (üç yüz) manat pul verməli olması cavabdehin məhkəmədə verdiyi yazılı izahatında etiraf edilmişdir. Belə olan halda, Cavabdeh 300 (üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qalan hissədə - 300 (üç yüz) manat hissədə iddia əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sisteminə daxil edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar