Məhkəmə qərarları › İş №2(040)-981/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-981/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-981/2024 31.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanması üçün təyin edilmiş və ödənilməmiş qalan aliment borcundan azad edilməsi və təyin edilmiş aliment öhdəliyinə xitam verilməsi” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-688/2016 saylı iş üzrə 06 may 2016-cı il tarixli qətnaməsinə əsasən onun oğlu X6 münasibətdə yığılmış aliment borcundan azad olunması və X4 onun himayəsində qaldığına görə cavabdehlə bir-birinə qarşı heç bir aliment öhdəliyi münasibəti qalmadığına görə cavabdehin himayəsində qalan övladı X6 dair aliment öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 688/2016 saylı 06 may 2016-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, 16 iyul 2007-ci ildə doğulmuş X2 və 18 sentyabr 2008-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan Cavabdeh xeyrinə tutulan alimentin miqdarı hər ay hər uşaq üçün 80 manatadək, cəmi 160 (yüz altmış) manatadək artırılması qət edilmişdir. Sonra o, məcburiyyət qarşısında qalaraq Kəlbəcər Rayon Məhkəməsinə uşağın yaşayış yerinin müəyyən edilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsinə əsasən, 16 iyul 2007-ci il təvəllüdlü X2 onun yanında qalması müəyyən edilmişdir. Lakin qətnamə qanuni qüvvəsini almasına baxmayaraq aliment üzrə icraata xitam verilməmişdir. Halbuki uşağın birinin onda, digərinin isə cavabdehdə olduğu əsaslara görə o, aliment öhdəliyindən azad edilməli idi. Hesab edir ki, hazırkı iddiası tam qanuni və əsaslıdır, iddia tələbi təmin edilməklə onun aliment borcundan azad olunması və aliment işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Hal-hazırda 16 iyul 2007-ci il təvəllüdlü X4 onun himayəsindədir, buna dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var, digər övladı 18 sentyabr 2008-ci il təvəllüdlü X8 isə cavabdehin himayəsindədir. Belə olan halda, hesab edir ki, məhkəmə işə hüquqi qiymət verərək onu oğlu X6 münasibətdə yığılmış aliment borcundan və aliment öhdəliyindən azad edilməsi barədə qətnamə çıxartmalıdır. Çünki uşağın biri rəsmi qaydada onun himayəsindədir, biri isə cavabdehin himayəsindədir. Belə olan halda, onların bir-birinə qarşı heç bir aliment öhdəliyi olmamalıdır. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(040)-299/2024 saylı qətnaməsinə əsasən, 16 iyul 2007-ci il təvəllüdlü X2 onun yanında qalması müəyyən edilmişdir. Lakin qətnamə qanuni qüvvəsini almasına baxmayaraq, ondan hələ də cavabdehin himayəsində saxlanmış X1 üçün aliment öhdəliyinə xitam verilməmişdir. Əslində isə uşağın birinin onda, digərinin isə cavabdehdə olduğu əsaslara görə o, aliment öhdəliyindən azad edilməli idi. Hesab edir ki, hazırkı iddiası tam qanuni və əsaslıdır, iddia tələbi təmin edilməklə onun aliment borcundan azad olunması və aliment işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Bundan başqa, onun başqa uşaqları da var, həmin uşaqlara görə o, 300 (üç yüz) manat aliment ödəyir. Hal-hazırda 16 iyul 2007-ci il təvəllüdlü X4 onun himayəsindədir, digər övladı 18 sentyabr 2008-ci il təvəllüdlü X8 isə cavabdehin himayəsindədir. Belə olan halda, hesab edir ki, məhkəmə işə hüquqi qiymət verərək onun oğlu X6 münasibətdə yığılmış aliment borcundan və aliment öhdəliyindən azad edilməsi barədə qətnamə çıxartmalıdır. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 01 iyul 2013-cü il tarixli 2(040)-93/2013 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və uşaqların hər ikisi onun (ananın) himayəsində saxlanmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli 2(040)-688/2016 nömrəli qətnaməsi ilə 16 iyul 2007-ci ildə doğulmuş X2 və 18 sentyabr 2008-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat alimentin tutulması qət edilmişdir. Daha sonra oğlu Bəybala atasının yanına getdiyindən Sabədin Yolçuyev məhkəmədə iddia qaldıraraq Bəybalanın onun himayəsinə verilməsi və ona münasibətdə aliment öhdəliyinə xitam verilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(040)-299/2024 saylı qətnaməsinə əsasən, 16 iyul 2007-ci il təvəllüdlü X2 atası İddiaçı yanında saxlanılması və aliment öhdəliyinə X3 münasibətdə 22 may 2024-cü il tarixdən xitam verilməsi qət edilmişdir. Digər övladı Oruca münasibətdə isə aliment öhdəliyinə xitam verilməmişdir. Belə olan halda, övladı Orucun saxlanması üçün yığılan aliment borcunun silinməsinin tələb edilməsi tam əsassızdır. Həmçinin, uşağın biri onda, digəri atada saxlansa da Orucun saxlanması üçün aliment öhdəliyinə xitam verilməsi üçün də heç bir əsas yoxdur. Belə ki, onun maddi imkanı çox aşağıdır, uşağı saxlamaqda çətinlik çəkir, həmçinin, Bəybala məhkəmə qətnaməsi ilə atasının himayəsində saxlansa da, hazırda onun yanındadır və uşaqlarına o özü baxır. Belə olan halda iddiaçının tələbi qəbulolunmazdır. İddia əsassız olduğundan iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli 2(040)-688/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, 17 mart 2016-cı il tarixdən başlayaraq, 16 iyul 2007-ci ildə doğulmuş X2 və 18 sentyabr 2008ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-151/2012 saylı mülki iş üzrə çıxarılmış 29 iyun 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşağa görə 45,0 manat, cəmi 90,0 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq, cavabdeh İddiaçı hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(040)-299/2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahından 16 iyul 2007-ci ildə doğulmuş və Kəlbəcər Rayon Məhkəməsinin 01 iyul 2013-cü il tarixli 2(040)-93/2013 saylı qətnaməsi ilə anası Cavabdeh yanında saxlanmış X2 atası - İddiaçı yanında saxlanılması, Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli 2(040)-688/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə X3 münasibətdə 22 may 2024-cü il tarixdən xitam verilməsi qət edilmişdir. İş materiallarında olan: Samux 1 saylı Mediasiya Təşkilatında mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: TQ-001) X7 tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli MŞS/1/2024-00289 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı uşağın birinin onda, digərinin cavabdehdə qalmasını əsas gətirərək, onun cavabdehin himayəsində saxlanmış X1 üçün yığılmış aliment borcundan azad edilməsi və X6 münasibətdə aliment öhdəliyindən azad edilməsini xahiş etmişdir. Halbuki, İddiaçı övladı X6 münasibətdə aliment öhdəliyindən azad edilməmişdir. Belə olan halda, İddiaçı X6 münasibətdə yığılmış aliment borcundan azad edilə bilməz. Həmçinin, iddiaçı məhkəməyə yığılmış aliment borcunun silinməsinə və X6 münasibətdə aliment öhdəliyindən azad edilməsinə əsas ola biləcək mötəbər sübut da təqdim etməmiş, eyni zamanda, məhkəmə tərəfindən də Ailə Məcəlləsinin 107.2-ci və 112.1-ci maddələrində sadalanan hallar aşkar edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar