Məhkəmə qərarları › İş №2(040)-986/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-986/2023

11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-986/2023 11.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı- İddiaçı nümayəndəsi (atası) X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “02 avqust 2013-cü il doğulmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi” barədə iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, 02 avqust 2013-cü ildə doğulmuş X3 onun yanında olma faktının təsdiq edilməsi və onun aliment öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2012-ci il tarixdə qeyrirəsmi ailə qurmuş, nikahları 2017-ci ildə rəsmiləşdirilmiş, birgə nikahdan 02 avqust 2013cü il tarixdə X6 və 22 noyabr 2015-ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Birgə yaşadıqları vaxt cavabdeh ailə münasibətlərinə zidd hərəkətlər etmiş və nəticədə ailədə söz-söhbətlər olmuşdur, nəticədə nikahın pozulmasına gəlib çıxmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-399/2020 nömrəli 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, 02 avqust 2013-cü ildə doğulmuş X6 onun (atanın) himayəsində qalmış, 22 noyabr 2015-ci il tarixdə doğulmuş X4 isə cavabdeh (ana) Cavabdeh himayəsində qalmışdır. Övladlarından biri onun, digər övladı cavabdehin himayəsində qalmasına baxmayaraq, cavabdehin himayəsində qalmış X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 140 (yüz qırx) manat alimentin ondan alınaraq cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir. 2020-ci il tarixdə “COVİD19” pandemiyası dövrü idi, xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilməmiş, sonradan 44 günlük “Vətən müharibəsi” başlamış, ardıcıl olaraq hadisələr baş vermiş, bununla da problemlər yaranmış və qaldırılmış iddia tələbinə qarşı etiraz və ya qarşılıqlı iddia ərizəsi verə bilməmişdir. 2022-ci il tarixdə Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən himayəsində olan 02 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 193 (yüz doxsan üç) manat aliment tələb etsə də, mülki iş aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş, iddiası təmin edilməmiş və heç bir səbəb araşdırılmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti versə də, şikayəti təmin edilməmiş, yenə də səbəb düzgün göstərilməmişdir. İşsizliyi və ailəli olduğu nəzərə alınmamışdır. İddiaçı 10 iyul 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(040)- 399/2020 saylı qətnaməsi ilə himayəsinə verilmiş 02 avqust 2013-cü il doğumlu X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(021)-2249/2023 saylı qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kəlbəcər Rayon Məhkəməsi tərəfindən iş icraata qəbul edilmiş və işin baxılması 11 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçını məhkəmə iclasında nümayəndəsi (atası) X7 təmsil etmiş, cavabdeh məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (atası) X7 məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər 2012-ci il tarixdə qeyri-rəsmi ailə qurmuş və nikahları 2017-ci il tarixdə rəsmiləşdirilmiş, birgə nikahdan 02 avqust 2013-cü il tarixdə X6 və 22 noyabr 2015-ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Birgə yaşadıqları vaxt cavabdeh ailə münasibətlərinə zidd hərəkətlər etmiş və nəticədə ailədə söz-söhbətlər yaranmış, nəticədə nikahın pozulmasına gəlib çıxmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-399/2020 nömrəli 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, 02 avqust 2013-cü ildə doğulmuş X6 iddiaçı (ata) İddiaçı, 22 noyabr 2015-ci il tarixdə doğulmuş X4 isə cavabdeh (ana) Cavabdeh himayəsində qalmışlar. Bir övladı iddiaçının (atanın) himayəsində qalmasına baxmayaraq, cavabdehin (ananın) himayəsində qalmış X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 140 (yüz qırx) manat alimentin iddiaçıdan alınaraq cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir. Hesab edir ki, iddiaçının yanında qalan uşağa görə cavabdeh də aliment ödəməli, uşağın saxlanılmasına kömək etməlidir. Ata ananın yanında qalan uşağa aliment ödədiyinə görə, ana da atanın yanında qalan uşağa aliment ödəməlidir. İddia tələbinin təmin edilməsini xahiş edir. İş materiallarında olan: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 yanvar 2020-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, X6 02 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikasının Bərdə rayonunun Kolayır kəndində doğulmuş, atası-İddiaçı, anası- Cavabdehdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2020-ci il tarixli 2(040)-399/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 11 yanvar 2017-ci il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsində 03 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 02 avqust 2013-cü ildə doğulmuş X3 atası- İddiaçı, 22 noyabr 2015-ci ildə doğulmuş X2 anası- Cavabdeh yanında saxlanılmaları, 17 noyabr 2020-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından 22 noyabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 aprel 2021-ci il tarixli 2(040)-437/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “02 avqust 2013-cü ildə doğulmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tələbinə dair” iddiası əsassız hesab edilərək təmin edilməmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasinin qanuni qüvvəyə minmiş 24 sentyabr 2021-ci il tarixli 2(104)-3202/2021 saylı qətnaməsinin surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin iş üzrə 30 aprel 2021-ci il tarixli 2(040)-437/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 oktyabr 2022-ci il tarixli 2(040)-733/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “02 avqust 2013-cü ildə doğulmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat aliment tələbinə dair” iddiası əsassız hesab edilərək təmin edilməmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasinin qanuni qüvvəyə minmiş 10 yanvar 2023-cü il tarixli 2(104)-352/2022 saylı qətnaməsinin surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin iş üzrə 06 oktyabr 2022-ci il tarixli 2(040)-733/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan: Mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00117) M. Mehdiyev tərəfindən verilmiş 17 may 2022-ci il tarixli 01889 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəticə olaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, məhkəmə iddiaçının və cavabdehin hər birinin himayəsində bir uşağın olmasını, Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2020ci il tarixli 2(040)-399/2020 saylı qətnaməsi ilə 22 noyabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməli olmasını və iddiaçının-atasının yanında saxlanmış 02 avqust 2013-cü ildə doğulmuş X1 üçün alimentin müəyyən edilmədiyini, Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 oktyabr 2022-ci il tarixli 2(040)-733/2022 saylı qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra tərəflərin maddi və əmlak vəziyyətində hər hansı dəyişikliklərin olduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini, iddiaçının xeyrinə cavabdehdən alimentin tutulacağı halda cavabdehin yanında olan uşağın maddi təminatının aşağı düşə biləcəyini və diqqətəlayiq olan digər halları nəzərə almaqla hesab edir ki, hazırkı halda cavabdehdən alimentin tutulması tələbi tamamilə əsassızdır. İddiaçı tərəfindən cavabdehdən alimentin tutulması üçün əsas ola biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “02 avqust 2013-cü ildə doğulmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar