Məhkəmə qərarları › İş №2(041)-1380/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1380/2025

30.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1380/2025 30.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehlə birgə nikahdan xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə qətnaməsi qəbul olunduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 250 manat miqdarında aliment cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, cavabdehlə xx.xx.2019-cu ildə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il tarixdə Ayla adlı uşaqları doğulmuşdur. Aralarında münasibətlər normal olsa da sonradan cavabdehin səhvi üzündən ailə münasiblətləri pozulmuşdur. Aralarındada olan nikah Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Azyaşlı qızı Ayla cavabdehin himayəsində qalmışdır. Sonradan cavabdehin qadına yaraşmayan hərəkətlər etdiyini eşitmiş və uşaq tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-606/2023 saylı qətnaməsi ilə azyaşlı qızı Ayla onun himayəsinə verilmişdir. Hal-hazırda Ayla onun himayəsində xoşbəxt yaşayır. Hesab edir ki, cavabdeh Aylanın saxlanılması üçün qanunla nəzərdə tutulmuş qaydada aliment ödəməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, qanun çərçivəsində maksimum nə qədərdirsə, o qədər aliment istəyir. Özü fərdi əməklə, taksiçilik fəaliyyəti, alverlə məşğuldur. Özünün uşağı saxlamağa maddi imkanı var. Uşağın sənədləri ilə bağlı iddiaçıdan etibarnamə istəyir, lakin cavabdeh ona etibarnamə vermək istəmir. Özünün də həmin uşağa görə uşaq cavabdehdə olduğu müddətdə ödənməmiş aliment borcu var. Uşağın anası dəfələrlə başqa şəxslərlə gəlib, telefonunu alıb, onu döyüblər. Həmçinin uşağın anasının, yəni cavabdehin şikayəti ilə ödəmədiyi aliment borcuna görə onun barəsində axtarış verilib və saxlanılıb. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərini qəbul etməyərək bildirdi ki, cavabdehlə birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. İddiaçı uzun məhkəmə çəkişməsindən sonra azyaşlı xx.xx.2020-ci il təvəllüdlü X2 ondan almağa nail olmuşdur. Onun saxlanması üçün köməklik göstərməli olduğunu dərk edir. Lakin halhazırda Azərbaycan Dövlət Aqrar Universitetində əyani təhsil alır, İ kurs tələbəsidir. Yenidən ailə həyatı qurmuşdur. İkinci evliliyindən xx.xx.2024-cü il təvəllüdlü X4 doğulmuş və həm də 2-ci olmaqla 19 həftəlik hamilədir. Əyani təhsil aldığından, himayəsində bir azyaşlı uşağı olduğundan və hazırda da ikinci uşağa hamilə olması səbəbindən işləyə bilmir. İddiaçının tələb etdiyi alimenti ödəməyə qeyd edilən səbəblərdən maddi imkanı yoxdur. Hazırda dolanışıq üçün qazancı yalnız imtahanları yaxşı verdiyindən ona universitet tərəfindən verilən zərbəçi stipendiyasıdır. İddiaçı uşağın adının dəyişdirilməsinə üçün ona etibarnamə verilməsini istəyir. O, isə uşağın adının dəyişdirilməsinə razı deyil. Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli AZ-T 288835 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-606/2023 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 Cavabdeh alınaraq atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-42/3-611/2025 nömrəli arayışdan görünür ki, Cavabdeh Göygöl Rayon Mərkəzi Xəstəxanasında PHŞ Mərkəzi ASM bölməsində 2-ci olmaqla 19 həftəlik hamiləliklə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, M-133 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən mühəndislik fakültəsinin “kompüter mühəndisliyi” ixtisası üzrə əyani təhsilalma formasının (dövlət sifarişli) İ kurs tələbəsidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ 597900 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında nikah 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə 350 nömrə ilə qeydə alınmışdır. İşə əlavə olunmuş, xx.xx.2024-cü il tarixli, AZ-İV 984593 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh birgə nikahlarından X4 xx.xx.2024-cü ildə tarixdə doğulmuşdur. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından Ayla adlı uşaqları doğulmuş, sonradan ailə münasibətləri pozulduğu üçün hazırda ayrı yaşayırlar. İddiaçı azyaşlı uşağını maddi cəhətdən təmin edə, onların təlabatını ödəyə bildiyini bildirsə də cavabdehin də aliment ödəməli olduğunu bildirir. Cavabdeh isə yenidən ailə həyatı qurmaqla bir azyaşlı övladının olmasını və 19 həftəlik hamilə olmasını, eyni zamanda Azərbaycan Dövlət Aqrar Universitetində əyani təhsil aldığını, hazırda İ kurs tələbi olduğunu, bu səbəblərdən də işləyə bilmədiyini, cavabdehin tələb etdiyi alimenti ödəməyə maddi imkanı olmadığını bildirir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, cavabdeh iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı olmadığını bildirir. Həmçinin onun 2-ci dəfə ailə həyatı qurması, ikinci evliliyindən 1 azyaşlı övladının olması, eyni zamanda 19 həftəlik hamilə olması, həmçinin əyani təhsil alma formasında İ kurs tələbəsi olması səbəbindən işləyə bilmədiyini və ona görə də iddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Məhkəmə cavabdehin əyani təhsil alması, ikinci evliliyindən bir azyaşlı uşağının olması və hamiləliyini, qeyd edilən səbəblərdən işləyə bilməməsini, onun maddi vəziyyəti və başqa gəlir mənbələrinə dair sübutların təqdim edilməməsini, tərəflərin, o cümlədən cavabdehin maddi vəziyyəti və ailə vəziyyəti, uşağın maddi ehtiyaclarının digər valideyn tərəfindən təmin edilməsi, həmçinin alimentin başqa məqsədlər üçün deyil, uşağın rifahı üçün nəzərdə tutulduğu, tutulacaq alimentin digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyi nəzərə alınmaqla hesab edir ki, hazırkı vəziyyətdə alimentin müəyyən edilməsi məqsədəuyğun deyil. Eyni zamanda məhkəmə Ailə Məcəlləsinin 76-cı maddəsini rəhbər tutaraq qeyd edir ki, alimentin təyin edilməsində əsas məqsəd yetkinlik yaşına çatmayan uşağın saxlanmasının təmin olunmasıdır. Lakin iş üzrə toplanmış sübutlar və tərəflərin izahatları əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının aliment tələb etməsi uşağın maraqlarından daha çox cavabdehdən şəxsi qisas almaq və onun maddi vəziyyətini pisləşdirmək niyyəti ilə irəli sürülmüşdür. Mülki-Prosessual Məcəllənin 14-cü maddəsinə uyğun olaraq məhkəmə işə obyektiv, qərəzsiz və yalnız qanuna əsaslanaraq baxır. Tərəflərdən birinin digərinə qarşı şəxsi münasibətlər zəminində iddia irəli sürməsi aliment hüququnun məqsədləri ilə ziddiyyət təşkil etdiyindən, bu hal alimentin təyin edilməsi üçün hüquqi əsas vermir. Bu baxımdan, Ailə Məcəlləsinin 75-ci maddəsində göstərilən uşağın saxlanılmasına dair öhdəliyin icrası yalnız uşağın maraqları ilə əsaslandırılmalıdır. Hazırkı işdə isə alimentin tələb olunması uşağın real ehtiyaclarından deyil, şəxsi münasibətlərdən qaynaqlanır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı cavadehlə birgə nikahdan xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə qətnaməsi qəbul olunduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 250 manat miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı cavadehlə birgə nikahdan xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə qətnaməsi qəbul olunduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 250 manat miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar